media-nobel

Nəhəng şəxsiyyətlərin dialoqları hər zaman böyük maraq doğurur və bu cür müzakirələr təhsil, elm və cəmiyyətlə bağlı mühüm nəticələr çıxarmağa imkan verir.

Milli Məclisin sabiq deputatı, təhsil eksperti Etibar Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, dünya miqyasında uğur qazanan ölkələrin təcrübəsi göstərir ki, istedadın inkişafı üçün əlverişli təhsil mühiti və motivasiya həlledici rol oynayır.

Onun sözlərinə görə, tarixçi Nial Ferqyusonun Henri Kissincer və Fərid Zəkəriyyə ilə dialoqunda səsləndirdiyi fikirlər bu baxımdan diqqətəlayiqdir. Ekspert qeyd edib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) qiymətləndirməsinə əsasən, Şanxayın 15 yaşlı şagirdləri riyaziyyat üzrə 600 balla ilk sırada qərarlaşıblar. ABŞ isə 487 balla 25-ci yerdə qərarlaşıb, Kanada şagirdlərinin nəticəsi isə 527 bal olub. Buna baxmayaraq, Şanxaydakı yaşayış səviyyəsinin ABŞ-la müqayisədə daha aşağı olduğu məlumdur.

Etibar Əliyev vurğulayıb ki, bu faktlar yoxsulluğun istedadın qarşısını tam ala bilmədiyini göstərir. Onun sözlərinə görə, münbit şərait yarandıqda istedadlar sürətlə inkişaf edir və böyük nailiyyətlər əldə edə bilirlər.

Ekspert xatırladıb ki, İkinci Dünya müharibəsindən əvvəl ABŞ-dan Nobel mükafatı alan alimlərin sayı çox az idi. Lakin faşizmdən qaçaraq Amerikaya sığınan Avropa alimlərinin hesabına ölkənin elmi potensialı əhəmiyyətli dərəcədə artdı və Nobel laureatlarının sayı dəfələrlə yüksəldi.

“Amerika kollecləri və universitetləri elmə və təhsilə güclü motivasiya yaradır. Bunun nəticəsində elmi fəaliyyətə maraq artır. Kimya üzrə Nobel mükafatı laureatları Aziz Sancar və Əhməd Zevayl da əyalətlərdən çıxaraq ABŞ universitetlərində formalaşıb dünya elminə mühüm töhfələr veriblər”, – deyə o bildirib.

Etibar Əliyevin sözlərinə görə, ABŞ-ın keçmiş Prezidenti Ronald Reyqanın “Biz yoxsulluğa qarşı mübarizə apardıq, lakin yoxsulluq qalib gəldi” fikri yoxsulluğun tam aradan qaldırılmasının mürəkkəb olduğunu göstərir. Bununla belə, ekspert hesab edir ki, əsas məqsəd maddi imkansızlıq içində yaşayan istedadlı gəncləri nüfuzlu təhsil müəssisələrinə cəlb etmək olmalıdır. Bu, həm onların potensialını üzə çıxarar, həm də digər gənclər üçün stimul rolunu oynayar.

Təhsil eksperti qeyd edib ki, bu yanaşma fizika üzrə Nobel mükafatı laureatı Əbdüs Salamın fikirləri ilə də üst-üstə düşür. Nobel laureatı müsəlman ölkələrində dəqiq və texniki elmlərin tədrisinin gücləndirilməsini, yüksək ixtisaslı müəllimlərin hazırlanmasını, keyfiyyətli tədris resurslarının yaradılmasını və xüsusilə maddi çətinliklər səbəbindən istedadlı gənclərin elm yolundan uzaq düşməsinin qarşısının alınmasını vacib hesab edirdi.

Etibar Əliyev vurğulayıb ki, istedadların vaxtında aşkarlanması, onların maddi və mənəvi baxımdan dəstəklənməsi, eləcə də dəqiq elmlərə marağın artırılması ölkələrin elmi və texnoloji inkişafı üçün strateji əhəmiyyət daşıyır.

Vüsalə


media-adspc

Bənzər xəbərlər