media-8c21b0fd-8c5b-4a6b-8876-e33857133abe

media-fed0a6a9-b667-48c6-8fa5-e57ef658b6b2

 

Asif RÜSTƏMLİ,

Filologiya elmləri doktoru, professor 

Çağdaş Azərbaycan poeziyası qədim və zəngin ənənəyə, çox­şaxəli biçim qatla­rına, geniş seçim rənga­rəngliyinə, fəlsəfi düşüncə çalarlarına, poetik deyim və du­yum bənzərsizliyinə malik milli mənəvi sərvətlərimizin üst layında könül dün­yamızı oxşayan söz, fikir məbədimiz, mücadilə yarağı­mızdır. Hisslərin, duyğuların şahə qalxan dalğalarını xalqımızın söz sərvətinə çevi­rən XX yüzilliyin yetirdiyi müqtədir sənətkar­larımız çoxdur. Tarixi dönəmlərin, ictimai formasiyaların təsirilə sosial-mədəni mühitdə yeni çalar, yeni keyfiyyət əxz edən Quzey Azər­baycan poeziyasını şərti olaraq üç mərhələyə ayırmaq zərurəti mövcuddur. Birinci mərhələyə Rusiya İmperiyası zamanında, XX əsrin əvvəllərində dünyaya gələn, gəncliyi Xalq Cümhu­riy­yəti dövründən keçən, sovet rejiminin məhdud çərçivələri daxilində, təzyiq və təpkilər altında əsl vətən­pərvərlik poeziyası yazıb-yaradan nəsil – Əhməd Cavad, Səməd Vur­ğun, Mikayıl Müşfiq, Rə­­sul Rza, Almas İldırım və b. daxildir.  İkinci mərhələ İkinci Dünya müharibə­sindən sonra ədəbiyyata gələn nəslin adı ilə bağlıdır: – Bəx­ti­yar Vahabzadə, Məmməd Araz, Xəlil Rza, Əli Kərim, Tofiq Bay­ram, Cabir Novruz, Nəriman Həsənzadə və b. Bu nəslin poeziya­sında milli düşüncəyə və istiqlal məfkurəsinə sadiqlik, vətən­pərvərlik duyğularının tərənnümü aparıcı mövqeyə malikdir. Üçüncü mərhə­ləyə daxil olan ədəbi nəsil sovet rejiminin öləziyən dövründə ədəbiyyata gəlsələr də, yara­dıcılıq­larının ağır və sanballı hissəsi Respublikamızın dövlət müstəqilliyini bərpa etdikdən sonrakı (1991-ci ildən bu günədək) epoxaya təsadüf edir: – Fikrət Qoca, Zəlimxan Yaqub, Ramiz Rövşən, Vaqif Bayatlı Önər, Adil Cəmil, Rəşad Məcid, İlqar Fəhmi və digərləri.

Üçüncü mərhələnin ağırlığını kürəyində, ağrılarını ürə­yində daşıyan orta ədəbi nəslin sırasında böyük səmimiyyət, ləyaqət və cəsarətlə yer alan istedadlı qələm sahiblərindən biri də xalq şairi Rəsul Rzanın xeyir-duası ilə qədim poeziya məbə­dinə, poetik söz səltənətinə qədəm qoyan, bədii yaradı­cılığının bütün dönəmlərində obrazlı düşüncələrilə ilə imzasını yaddaşlara həkk edən Yusif Nəğməkardır.

Yusif Məhiş oğlu Mədət 71 il əvvəl Məsud ibn Namdar Beyləqaninin (XI), Mücirəd­din Beyləqaninin (XII), Şəmsəd­din Zəki Beyləqaninin (XIII) vətənində dünyaya göz açıb. Peşəkar pedaqoqları, işıqlı ziyalıları ilə tanınan Aşıqlı kənd məktəbində oxuduğu illərdə sözün, sazın sirrinə, sehirinə ürcah olub. Qədim Mil düzündə dördnala səyritdiyi köhlə­ninin nalından qopan qığılcımla qaranlığa nur çiləyib. Usta­dının “Rənglər”indən ağı seçərək sabaha uzanan ümid yoluna məqsədli səfər təəssüratını Yusif Nəğməkar belə qələmə almışdı:

Ağ – məqsədli səfər,

təmiz baxışlar.

“Rənglər”dəki aydın duyumlar,

Şair təsəvvüründəki

təzə naxışlar.

Ağ – bir dağ çayının

Üfüqlərə uzanan qoludur,

Sabahın ümid rəngli yoludur.

Ötən əsrin 70-ci illərinin ortalarında yazılan bu misralar əslində gənc şairin gələcəyə ünvanladığı poetik məramı, bədii bəyannaməsi idi. Ağ, işıqlı duyğuları, düşüncələr çox ciddi və dəqiqdir. Bu poetik düşüncələr onu birbaşa sabaha açılan poeziya yolunun ağına çıxarır.

Yusifin “Rənglər”lə eyni vaxtda yazdığı “Oyuncaq mağazası” şeirini körpə üzünə həsrət qalan ailənin, uşaq üçün için-için qovrulan ərlə-arvadın nisgilli düşüncələrinin rəngli, möhtəşəm portreti də adlandırmaq olar.  Cümlədəki “möhtə­şəm” epitetini qəribçiliyə salmaqda, ironik təbəssümlə qarşılamaqda tələ­sməyin. Bu bənzətmə şairin hiss və duyğularının zərifliyinə, ifadı tərzinin dəqiqliyinə şamildir.

Aşıqlıdan poeziya yolunun ağına çıxan Yusif Nəğməkar bədii ədəbiyyatda silinməz, pozulmaz izlər qoydu. “Sazın işığında” (1984), “Bilsəydim ayrılıqdır” (1986), “Mənə azadlıq verin” (1996), “Alın yazım” (2003), “Zal ağacı” (2007), “Vəslin edamı” (2008), “Bəsirət gözəli” (2012), “Sevgim – mələklər yuxusu” (2013), “Qələm səsi” (2014), “Nizami demiş…” (2017), “Sevgi Məbədi” (2020), “Mən vətənə oxşayıram” (2021), “Ələsgər zirvəsi” (2025) və bu sıralanmanın gələcəkdə də davamlı olacağına zərrə qədər şübhəm yoxdur… Poetik deyimin bir dilimi, qopuğu kimi bir-birini əvəzləyən adlar, sərlövhələr sirli-sehirli düşüncələr səltənətinin kodunu, açarını xatırladır. Hər kitab bir mücrüdür. İlk olaraq hansını seçim, açım? Tanıdığım Yusi­fin tanı­madığım yönlərini, tərəflərini onun hansı kitabı mənə daha yaxşı tanıda bilər? Bir-birindən cazibədar, maraqlı görünən mücrü-kitabların arasından “Alın yazım”ı seçirəm. Yusifin gur işıqlı gözlərinin müşaiyəti altında onun “alın yazım” adlandırdığı poeziya səltənətinin fəlsəfi düşüncə­lərdən süslən­miş irilaylı qapısını açanda qulağıma böyük filosof-şair Bəxtiyar Vahabzadənin səsi gəldi. O, “cavan şair Yusif Nəğ­mə­­kara” 25 dekabr 1992-ci ildə həsr etdiyi “Dünən, bu gün və sabah” şeirinin yaranma tarixinə aydınlıq gətirərək deyirdi: “Belə oldu ki, mən, professor Nurəddin Rzayev, tarixçi-alim, professor Süleyman Əliyarlı və Yusif Nəğməkar gedəsi olduq Beyləqana. Yolda bir qəribə söhbət oldu; bu gün, dünən və sabah – söhbətimizin mövzusu beləydi. Hərə öz fikrini dedi. Yusif də dedi ki, bu gün yoxdur, amma dünən var, bizim üçün reallıqdır. Sabah da var – sabah ümiddir. Və bu mənim çox xoşuma gəldi. Beyləqandan qayıdandan sonra bu şeiri yazdım və Yusifə həsr elədim: “Dünən, bu gün və sabah”.

İyirmi bir il əvvəl Bakı – Beyləqan yolunda təsadüfən Yusif müəllimlə görüşdük (Mən onu Azərbaycan Televiziyasında işlədiyi vaxtlardan tanıyırdım). Hal-əhval­dan sonra “Alın yazım” kitabını avtoqrafla mənə bağışladı. Yusif Nəğmə­kar avto­qrafda yazırdı: “Xalqımızın qənimət ziyalılarından biri, böyük ürəkli alim-insan qardaşım, söz-sənət xiridarı əziz Asif müəllimə sonucsuz arzularla. Dərin hör­mətlə: Müəllif. 20.04.2005.”

Böyük söz ustadı Bəxtiyar Vahabzadənin vaxtilə Azərba­y­­can Radiosunda səsləndirdiyi yuxarıdakı fikirləri “Alın yazım”da ön söz  yerində verilmiş “Sənə­tində şəxsiyyətini, şəxsiyyətində sənətini yaşadan şair” adlı birinci yazısında yer almışdır. Müdrik şairin “Dünən, bu gün və sabah” şerinin yaranmasına səbəb olan Yusifin “bu gün”lə bağlı düşüncələri qramatik zaman kateqoriyasından  daha çox fəlsəfi baxışdır. Bir vaxtlar mən də bu fikirdəydim ki, indiki zaman keçmişlə gələcəyin, varla yoxun arasıdır. Keçmişin bitdiyi, tükəndiyi yerdən gələcək başla­yır. Ən kiçik zaman ölçüsü – saniyə keçmişlə gələcəyin sərhəddidir. Saniyəni əgər min dəfə, milyon dəfə böyütsək də keçmişlə gələcəyin tən ortasındakı indiki zamanın şəffaf sərhəd dirəkləri görünməyəcəkdir. Çünki indiki zaman keçmişin sabaha boylanan dan üzüdür. Bu gün indi ilə müqayisədə daha konkretdir. Yusif Nəğmə­karın poeziyasında fəlsəfi antisipasiya güclüdür. Onun xüsusilə “Vəslin edamı” adlı fəlsəfi-psixoloji üslubda yazdığı zamanın məcrasına sığmayan məhəb­bət elegiyası ağrıların doğmalığı, qartımış dərdlərin təzəliyi, əlacsızlığın əlaçıqlığı yönümündən cazibədardır. Poemanın epiqrafı kimi təqdim olunan “Qaranlığı görsək, qaranlıqda görünəcəyik” aforizmi əsərin sirli məna qatlarına xəyali səyahət üçün kod, açar missiyasını daşıyır. Görkəmli şəxsiyyətlərin, mütəfəkkirlərin bütün dövrlərdə ən böyük arzuları “Qaranlıqda görünmək” olub. İnsan yalnız nurlu əməlləri, təmənnasız xeyirxahlığı, odlu-alovlu sevgisi, məhəbbəti və işıqlı düşün­cələri ilə “qaranlığı görə və qaranlıqda görünə” bilir. Əbədi və bəşəri duyğuların intəhasızlığını “Vəslin edamı”nda qabardan və vurğulayan Yusif Nəğməkar doğu­lanların ölümündən yox, ölümündən doğulanları əsərinin qəhrəmanına çevirərək ölümsüzlük ucalığına yüksəldir. Burada zaman zamansızlığın xidmətindədir. Hiss və duyğuların yaşı zamana sığmır. Tarix yaddaşsızlığından gileylidir. Lakin, şairin poetik yaddaşında hətta ən “Ön ün” də bu gün dünyaya gələn körpə səsi kimi bütün zərifliyi və aydınlığı ilə yaşamaqdadır. Son ündən ön ünə zaman məsafəsi sonsuz  ün, işıq sürətilə ölçülsə də, xəyal, düşüncə bu uzaqlığı bir an içində yaxın edə bilir. “Ön ün” şeirində bir sözün sinonim çalarlarını mənalandıran şair “yazımı yüz (yerə) yozmayın” desə də, oxucunu düşündür­mək imkanları tükən­məzdir.

Yazımı yüz yozmayın,

Könlüm yazıdır yazı.

Yaza yazı yazmayın,

Bu ki, yazıdır, yazı… 

Çox cəfa aza çıxmaz,

Az yaza, üzə çıxmaz,

Hər yazı yaza çıxmaz,

Bu ki, yazıdır, yazı…

Elə bil sərlövhədən mətnə, mənaya işıq düşür. Bu yeddi hecalı dördlüklər ilk insanın “ön ün”ü kimi birköklü söz və kəlmələrdən yükünü tutub. Yaz – yazı ifadələrinin çoxqatlı funksiyaları rəng çalarlarının məcrasını üfüqi və şaquli yönlərdə daha da genişləndirir. Ayazlı-şaxtalı sərt qışın və bu fəslin rəmzləndirdiyi qara qüvvələrin adı yuxarıdakı misra­larda vurğulanmasa da obraz kimi görün­məkdə və boz sifəti duyulmaq­dadır. “Hər yazı yaza çıxmaz, Bu ki, yazıdır, yazı…” Bu bir neçə kəlmə söz dünya ağırlığında hikməti içində, varlığında daşıyır. Misraların mükəmməl açımı nə qədər müşkül olsa da vurğulamaq lazımdır ki, hər yazı, əsər, əməl qışın çovğunundan, boranından, qasır­ğasın­dan keçməsə yazın işıqlı, hərarətli nəfəsini, ətrini, rayihəsini, gözəllik­lərini duya bilməz. İlahiyə üz titaraq: “Hər qışın içində bir yaz vermisən” – deyən şair çətin və ağır sınaqdan uğurla “yaza çıxma”ğın özünü də bir alın yazısı, tale işi və ulu tanrının qis­mət etdiyi qədər, pay sayır.

Şeirlərində şair qədərə inanır və güvənir. Fövqəladə qüvvət və qüdrət sahibinin taleyindəki ali məramını və məqamını nişan verməkdən də çəkinmir. “Mən çətin üstlü tənliyəm, Üstümün üstü Rəbbimdir!” – deyən Yusif Nəğmə­kar poetik düşün­cə­sinin üst qatındakı mübhəm, sehirli aləmə ciddi marağı artırır. Üstün alt qatında qat kəs­miş dərdləri sərgiləyir. Onun yaradıcılığında xüsusi ciddi-cəhdlə vurğula­dığı dərdlər əsasən ictimai motivlidir. Yusif ümumxalq kədərini az sözlə, bəzən bir beytdə çox böyük ustalıqla verməyi, dərdin dərinliyinə enməyi, müşahidə­lərini fərqli, obrazlı şəkildə təqdim etməyi bacarır:

Biz çəkə bilməsək də,

Dərdin çək­diyi bizik…

İlk baxışdan adi görünən fikir bu qədər sadə, poetik və hikmətlidir. Başqa cür desək – dərdi çəkə bilməyənləri dərd öz içinə çəkir. Dərdin içində, girdabənda içimizin dərdi, yanğısı tüstülənir. Bəzən Yusif Nəğməkar dərdlə odun enerjisini, gücünü müqayisə edir, üstünlüyü birinciyə verir:

Həyat gah həlim, gah sərtdir,

Deməzdim ki, dadı çıxıb.

İnsanı yandıran dərddir,

Odun elə adı çıxıb.

Məşhur xalq deyimindən yaradıcılıqla bəhrələnən şair dərdin törətdiyi yanğı­nın, fəlakətin miqyasını, təsir gücünü lakonik ifadələrlə qabartmağa nail ola bil­mişdir.

Yusif Nəğməkarın haqqında söz açdığı “dərd” insanı əlacsızlığa, ümidsizliyə, pessimizmə ürcah etmir. Əksinə, onu düşünməyə vadar edir, mübarizəyə səsləyir, İlahinin verdiyi, pay göndərdiyi dərdləri şükranlıqla qarşılamağa çağırır.

Nə qədər dərd verdin bu millətə sən…
İlahi, verdiyin dərdlərə şükür!
Saldın min cəfaya, min zillətə sən…
İlahi, verdiyin dərdlərə şükür!

Keçdi sinəm üstdən bu dərd yol kimi,
Boynuma dolandı doğma qol kimi.
Dərdsiz dərd çəkərdik dərdli qul kimi,
İlahi, verdiyin dərdlərə şükür!

Hər dərd bir həyat dərsliyi, sınaq meydanıdır. Hər sınaq bir təcrübə laboratori­yası, kreativlik məktəbidir. Həyatda elə bir insana rast gəlmək mümkündürmü ki, onun tale yolunda, ömür xalısında dərdin, kədərin, qəmin, qüssənin, əzabın al-əlvan naxışları iz salmasın? 

Səfərim uzandı elə qış-bahar,

Taleyimə yolun yoxuşu düşdü.

Həyat kirkitlədi məni o ki, var,

Xalıma min əzab naxışı düşdü.

Həyatın insan ömrünü kirkitləməsi, tale xalısına “min əzab naxışı” salması tamamilə yeni və poetik deyimdir. Şair ənənəvi şikayətlənmə, ah-nalə üslubundan imtina edərək dərdin, əzabın naxışlı portretini yaratmaqla çətinlikləri nikbin əhval-ruhiyyə, əzmkarlıq hissi ilə dəf etməyin asan yolunu nişan verir.

Yusif Nəğməkarın küll halında poetik yaradıcılığını onun tarixə və taleyə bağlı həyatının bədii salnaməsi də adlan­dırmaq olar. Bədii-fəlsəfi nümunələr şairin iç dünyasından qopan ünlərdir. Oğuz türkünün zamana sığmayan həyat yolu, yaşam tərzi, fəlsəfi düşüncə meyarları, öygü və sevgi nəğmələri onun “ən ön ün”lərində təcəlla tapmaqdadır. Keçmişlə gələcək, dünənlə sabah arasındakı əbədi vəhdəti bəlkə də bu “ün”lər yaradır. Yusif Nəğməkar ününün söz şəkli, məna cazibəsi ruha ruh verən poetik düşüncələr səltənətidir. Bu səltənətin seyrindən və sehrindən barınmaq heç bir zaman gec deyil.

 


media-adspc

Bənzər xəbərlər