Psixoloji İqtisadiyyat: Pulun dəyəri ilə inamın dəyəri
Bəzən iqtisadi artım göstəriciləri yaxşı olur, amma insanların əhvalı pis. Rəqəmlər gülümsəyir, bazar sakitdir, amma küçədəki insanın gözündə bir sual var: “Bəs sabah?”
İqtisadiyyatın ən az danışılan, amma ən çox hiss edilən tərəfi budur – psixoloji iqtisadiyyat.
Pul, əslində, dövlətlə vətəndaş arasında yazılmamış bir etimad müqaviləsidir. İnsan o pulu yalnız rəsmi sənəd kimi yox, sabaha olan inam kimi qəbul edir.
Əgər dövlət sabitlik və ədalət hissini qoruyursa, vətəndaş puluna, bazara və gələcəyə inanır.
Amma bu inam sarsıldıqda, nə qədər resurs olsa da, iqtisadiyyat “psixoloji tıxac”a düşür.
İqtisadi qərarlar çox vaxt riyazi deyil, emosional reflekslərə əsaslanır. Məsələn, insanlar niyə qənaət edir, niyə xərcləmir, niyə investisiya etmir? Çünki gözləntiləri müsbət deyil. Dövlət isə çox vaxt yalnız makroiqtisadi göstəricilərə baxır — halbuki iqtisadi davranışı emosional göstəricilər formalaşdırır.
İnam, iqtisadi dövriyyənin görünməz valyutasıdır.
Əgər bazarda etimad azalırsa, pulun dövriyyəsi də yavaşlayır, çünki insanlar qərar vermir.
Dövlətin rolu burada artıq inzibati yox, emosional liderlik mərhələsinə keçir.
Bu mərhələdə dövlət təkcə qərar qəbul edən yox, emosional balans yaradan mexanizm olmalıdır.
Dövlətin verdiyi hər qərar — vergi, maaş, sosial siyasət — təkcə maddi təsir etmir, həm də psixoloji siqnal verir: “Biz sabitik, biz davamlıyıq, biz buradayıq.”
Azərbaycan kimi sürətli transformasiya yaşayan ölkələrdə bu inam faktoru ikiqat önəmlidir. Çünki iqtisadi sistem hələ tam oturuşmayıb, insanlar keçid dövrünün yorğun yaddaşını daşıyır.
Ona görə iqtisadi sabitlikdən çox, psixoloji sabitlik lazımdır.
Əgər insan dövlətə inanırsa, o zaman o, risk alır, sərmayə qoyur, istehlak edir — iqtisadiyyat da nəfəs alır.
Bir zamanlar iqtisadi siyasət yalnız bankların, fondların və hökumətlərin işi idi. İndi isə bu siyasətin ən mühüm aktoru — vətəndaşın psixologiyasıdır. Dövlət üçün ən bahalı resurs artıq neft yox, etimaddır.
Və bu resursu itirmək – hər hansı təbii sərvəti itirməkdən daha ağırdır.
Sonda bir sual qalır:
Dövlət öz vətəndaşına iqtisadi proqramlar təqdim edir, bəs emosional proqram varmı?
Yəni o inamı bərpa edən, insanın sabahına işıq salan bir dil?
Bu sualın cavabı verildiyi gün, iqtisadiyyat da sadəcə rəqəmlər toplusu yox, emosional orqanizm olacaq.
Rəşad ƏHMƏDZAdə
İqtisadçı ekspert