media-cd19730e-8b70-4f7e-91ef-e9e3eddca609

Azərbaycan televiziya və kino sənətinin tanınmış nümayəndələrindən, Qarabağ müharibəsinin və Xocalı faciəsinin ilk görüntülərini lentə alan hərbi operatorlardan biri Seyidağa Mövsümlünün anım günüdür.

ERAmedia xəbər verir ki, peşəkar fəaliyyətində həm televiziya sənətinə, həm də Azərbaycanın müasir tarixinin sənədləşdirilməsinə mühüm töhfələr vermiş Seyidağa Mövsümlü ömrünü kamera arxasında keçirsə də, ən çətin dövrlərdə ön cəbhədə olub.

Gənclik illərində Bakı Dəmir Yolu Texnikumunda təhsil alan Seyidağa Mövsümlünün əsas marağı operator sənəti ilə bağlı idi. Bu maraq onu sonradan televiziya sahəsinə gətirib və uzun illər ərzində Azərbaycan Televiziyasında uğurlu fəaliyyət göstərib.

O, tamaşaçıların rəğbətlə izlədiyi “Adı sənin, dadı mənim”, “Kökdən düşmüş piano”, “Bağışla”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Pəncərədə işıq”, “Səndən xəbərsiz”, “Sən həmişə mənimləsən” və digər televiziya tamaşaları ilə sənədli filmlərin operatoru kimi tanınıb.

Seyidağa Mövsümlü eyni zamanda Azərbaycanın taleyüklü hadisələrinin canlı şahidi və salnaməçisi olub. O, xalq hərəkatı dövrünü, 20 Yanvar faciəsini, Xocalı soyqırımını və Qarabağ müharibəsini lentə alan ilk operatorlar sırasında yer alıb. 1988-ci ildən etibarən Qarabağın müxtəlif rayonlarında, eləcə də Naxçıvan və digər bölgələrdə baş verən hadisələri videolentə köçürərək tarixi faktların qorunub saxlanmasına xidmət göstərib.

Dövlət televiziyasında çalışdığı dövrdə Azərbaycan Müdafiə Nazirliyinin nəzdində yaradılmış ilk könüllü hərbi birləşmələrdən olan Şıxov batalyonuna qoşulan Seyidağa Mövsümlü döyüş bölgələrində fəaliyyət göstərib və iki dəfə yaralanıb.

Azərbaycan televiziya və kino tarixində özünəməxsus iz qoyan Seyidağa Mövsümlünün fəaliyyəti bu gün də ölkənin yaxın tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Əlihüseyn Salam


media-adspc

Bənzər xəbərlər