media-zaur-ib

Nazirlər Kabinetinin 22 iyun 2026-cı il tarixli, 188 nömrəli qərarı ilə QHT-lərin bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsi istiqamətində yeni mexanizm yaradılıb.

ERAmedia xəbər verir ki, ekspert Zaur İbrahimlinin sözlərinə görə, bu qərar yalnız maliyyələşdirmə formasının dəyişdirilməsi deyil, həm də QHT sektoruna dövlət dəstəyinin fəlsəfəsinin, baxışının və yanaşmasının yenilənməsi deməkdir. O bildirib ki, yeni model QHT sektorunda keyfiyyət dəyişikliyi üçün real zəmin yaradır, dövlət dəstəyinin vahid konseptual bazasının, normativ və institusional arxitekturasının formalaşmasına xidmət edir.

Ekspert qeyd edib ki, yeni mexanizm tam rəqəmsallaşan, fərqli mahiyyət və idarəetmə fəlsəfəsinə malik modelin tətbiqinə imkan verir. Onun fikrincə, bu yanaşma QHT-lərin inkişaf siyasətinin planlaşdırılması, həyata keçirilməsi və ayrı-ayrı sahələr üzrə təsirin ölçülməsi baxımından strateji əhəmiyyət daşıyır.

Zaur İbrahimli vurğulayıb ki, indiyədək qrant maliyyələşdirilməsi sahəsində müşahidə olunan fraqmentasiya, pərakəndəlik, vahid yanaşmanın və koordinasiyanın olmaması kimi problemlər sektorun inkişafını ləngidən əsas amillərdən biri olub. Yeni qaydalar isə bu çatışmazlıqların aradan qaldırılmasına, dövlət prioritetləri ilə layihələrin daha sıx əlaqələndirilməsinə imkan yaradacaq.

Onun sözlərinə görə, yeni qaydalar yalnız QHT Agentliyinin deyil, həm də uzun illər ərzində formalaşmış təcrübənin və QHT sektoru ilə aparılmış geniş müzakirələrin nəticələrini özündə əks etdirir. Aparılan təhlillər göstərib ki, əsas problemlərdən biri layihələrin ölkənin strateji inkişaf hədəfləri ilə əlaqələndirilməsinin formal xarakter daşıması və bəzi hallarda subyektiv yanaşmaların ön plana çıxması olub.

Ekspert bildirib ki, hazırda QHT Agentliyi müsabiqələrin keçirilməsi və layihələrin monitorinqinin bütün mərhələlərini rəqəmsal əsasda həyata keçirir. “Bir pəncərə” prinsipi əsasında maliyyələşdirmə mexanizmi isə bu uğurlu təcrübənin təkmilləşdirilmiş formada ölkə miqyasında tətbiqidir.

Zaur İbrahimlinin fikrincə, əsas məqsəd dövlət prioritetləri çərçivəsində vahid yanaşmanın formalaşdırılması, strateji məqsədlərlə fəaliyyətlərin əlaqələndirilməsi, təkrarçılığın və izafi xərclərin qarşısının alınmasıdır. Bu yanaşma vahid gündəliyin müəyyən edilməsinə, strateji hədəflərlə sahəvi prioritetlərin uzlaşdırılmasına şərait yaradacaq.

Ekspert qeyd edib ki, yeni qaydalar QHT layihələrinin icrası zamanı kəmiyyət və keyfiyyət nəzarətinin, hesabatlılığın və nəticələrin qiymətləndirilməsinin vahid mexanizmini formalaşdırır. Bu isə təqdim olunan planlarla əldə edilən nəticələrin uyğunluğunu daha dəqiq qiymətləndirməyə imkan verəcək.

Onun sözlərinə görə, vahid yanaşma QHT-lərin və onların təşəbbüslərinin real təsirinin ölçülməsini, nəticələrin müqayisəsini və ümumiləşdirilməsini asanlaşdıracaq, həm ölkə, həm də ayrı-ayrı istiqamətlər üzrə daha səmərəli nəticələrin əldə olunmasına şərait yaradacaq.

Zaur İbrahimli xatırladıb ki, QHT Agentliyinin uğurlu rəqəmsallaşma təcrübəsi, 2023-cü ildə Nazirlər Kabineti tərəfindən müsabiqələrin keçirilməsi qaydalarının və qrant məbləğlərinin müəyyənləşdirilməsi meyarlarının təsdiqi QHT-lərə dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində sistemli islahatların başlanğıcı olub. O əlavə edib ki, sağlamlaşdırma tədbirləri, müasir korporativ idarəetmə yanaşmalarının tətbiqi və yaradıcı təşəbbüslər sektora ictimai etimadın artmasına da müsbət təsir göstərib.

Ekspert hesab edir ki, QHT Agentliyinin fəaliyyətinin genişlənməsi onun missiyasını və məsuliyyətini daha da artırır. Onun fikrincə, yeni qərar Prezident İlham Əliyevin rəhbərliyi ilə QHT sektorunun inkişafına yönəlmiş siyasətin davamı olmaqla yanaşı, vətəndaş cəmiyyətinin güclənməsinə növbəti mühüm töhfədir.

Zaur İbrahimli sonda vurğulayıb ki, QHT sektoruna dövlət dəstəyinin vahid konseptual bazasının, normativ və institusional arxitekturasının formalaşdırılması ölkədə rəqəmsallaşma, nəticəyönümlülük və səmərəlilik prinsiplərinə əsaslanan yeni idarəetmə modelinin tətbiqinin mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər