Qlobal bazarlarda diqqət FED-in faiz qərarına yönəldi
Qlobal maliyyə bazarlarında ABŞ-la İran arasında əldə olunan razılaşmanın iyunun 19-da imzalanacağına dair xəbərlərə baxmayaraq, sazişin detalları ilə bağlı qeyri-müəyyənliyin qalması fonunda qarışıq tendensiya müşahidə olunur. İnvestorların əsas diqqəti isə bu gün ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarına yönəlib.
ERAmedia xəbər verir ki, Hörmüz boğazında vəziyyətin normallaşacağı ilə bağlı gözləntilər bazarlar üçün müsbət amil hesab edilsə də, bu prosesin davamlı olub-olmayacağına dair suallar qalmaqdadır.
ABŞ və İran arasında əldə olunan razılaşmanın iyunun 19-da İsveçrənin Bürgenştok qəsəbəsində imzalanacağı gözlənilir. İran xarici işlər nazirinin müavini Məcid Taxt Rəvançi bildirib ki, Vaşinqton iki ölkə arasında iyunun 14-də əldə edilən razılaşmanın imzalanmasından əvvəl İran gəmilərinə tətbiq olunan dəniz blokadasını qismən yumşaldıb.
Tərəflərin müsbət açıqlamalarına baxmayaraq, Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin davam etməsi bazarların istiqamət axtarışına səbəb olur. Analitiklərin fikrincə, investorlar ABŞ-İran razılaşmasının praktikada necə həyata keçiriləcəyinə əmin olmaq istəyirlər.
Boğazın tam şəkildə yenidən açılmasının çətin ola biləcəyi və neft tədarükünün əvvəlki səviyyəyə çatmasının aylarla vaxt aparacağına dair narahatlıqlar da qiymət formalaşmasına təsir göstərir. Bununla yanaşı, razılaşmanın İranın neft və yanacaq satışını dərhal bərpa etməsinə imkan verə biləcəyi ilə bağlı xəbərlər bazarlarda müsbət qiymətləndirilir.
Bazar iştirakçılarının diqqəti bu gün FED-in faiz qərarına yönəlib. FED-in yeni sədri Kevin Uorşun rəhbərlik edəcəyi ilk iclasdan çıxacaq qərarlar xüsusi maraq doğurur.
Tənzimləyicinin uçot dərəcəsini dəyişməyəcəyi gözlənilsə də, investorlar Kevin Uorşun ilk açıqlamalarında verəcəyi mesajları diqqətlə izləyəcəklər. Analitiklər hesab edirlər ki, pul siyasəti bəyanatında və iclasdan sonrakı mətbuat konfransında gələcək addımlarla bağlı veriləcək siqnallar bazarlarda volatilliyi artıra bilər.
FED-in yenilənmiş iqtisadi proqnozları da bazarların diqqət mərkəzindədir. Ekspertlər qurumun iqtisadi artım proqnozlarını aşağı, inflyasiya gözləntilərini isə yuxarı istiqamətdə yeniləyə biləcəyini bildirirlər. Məhz iqtisadi artımla bağlı pessimist gözləntilər risk iştahının zəifləməsinə səbəb olub.
Bununla yanaşı, bu gün açıqlanacaq nöqtə qrafikində (dot plot) Kevin Uorşun şəxsi proqnozlarını təqdim etməsi ehtimalının aşağı olduğu qeyd edilir. Bu isə onun əvvəlki FED sədrləri Cerom Pauell, Canet Yellen və Ben Bernankenin tətbiq etdiyi ənənədən fərqli yanaşma sərgiləyə biləcəyinə işarə kimi qiymətləndirilir.
Analitiklər vurğulayırlar ki, geosiyasi proseslər hazırda FED üçün ən böyük çətinlik yaradan amillərdən biridir.
Yaxın Şərqdə davamlı sülh razılaşmasına dair ümidlərin güclənməsi fonunda Brent markalı neftin bir barelinin qiyməti 1,4 faiz azalaraq 78,2 dollara enib və martın 3-dən bəri ən aşağı səviyyəni görüb.
Bununla belə, neft qiymətlərinin müharibədən əvvəlki səviyyələrə qısa müddətdə qayıdacağı gözlənilmir. Ekspertlər hesab edirlər ki, hətta sülh əldə olunsa belə, tədarük zəncirinin normallaşması vaxt aparacaq. Bundan əlavə, İranın Hörmüz boğazından keçid üçün ödəniş tələb edə biləcəyi ilə bağlı ehtimallar da qiymətlərə təsir göstərir.
Belə bir vəziyyətdə neft tankerlərinin marşrutunu minalandığı bildirilən Oman sahillərinə yönəltməsi mümkün sayılır. Həmin ərazidə təhlükəsiz keçidin təmin edilməsinin isə həftələr, hətta aylar çəkə biləcəyi bildirilir.
Bu şəraitdə ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 4,44 faiz səviyyəsində sabit qalıb, dollar indeksi isə 99,5 bənd səviyyəsində qərarlaşıb.
ABŞ-İran razılaşmasının detalları ilə bağlı qeyri-müəyyənlik səbəbindən qızılın bir unsiyasının qiyməti 0,1 faiz azalaraq 4 325 dollara düşüb.
Dünya Qızıl Şurasının hesabatında isə mərkəzi bankların ehtiyatlarında qızılın payının artmağa davam edəcəyi, ABŞ dollarının qlobal ehtiyat valyutası kimi üstünlüyünün isə növbəti beş ildə zəifləyəcəyi proqnozlaşdırılıb.
Nyu-York fond birjasında texnologiya şirkətlərinin səhmlərində müşahidə olunan satışlar səbəbindən indekslər dünən qarışıq dinamika nümayiş etdirib. Texnologiya sektorunda qiymətlərin həddindən artıq yüksəldiyi ilə bağlı narahatlıqlar investor davranışına təsir göstərib.
Digər tərəfdən, tarixi IPO-su ilə diqqət çəkən SpaceX şirkətinin səhmlərində yüksəliş üçüncü ticarət günündə də davam edib. Gün ərzində 17 faizə qədər bahalaşan səhmlər sonradan qazancının bir hissəsini itirsə də, ticarəti 4,83 faiz artımla başa vurub.
Səhmlərdəki yüksəliş nəticəsində SpaceX bazar kapitallaşmasına görə gün ərzində qısa müddətə Amazonu, hətta Microsoftu geridə qoyub.
Ticarət gününün sonunda şirkətin bazar dəyəri 2,6 trilyon dollar olaraq qiymətləndirilib və SpaceX dünyanın ən dəyərli şirkətləri sırasında altıncı pillədə qərarlaşıb.
Şirkət həmçinin süni intellekt dəstəkli Cursor kod redaktorunun yaradıcısı olan Anysphere şirkətini 60 milyard dollar dəyərləndirmə ilə satın almaq barədə razılıq əldə etdiyini açıqlayıb.
ERAmedia Analitik Qrupu









