media-277741
Uşaqlığım iyul-avqust aylarında əsasən Qazax camaatının ənənəvi olaraq getdiyi yaylaqlarda, ya da Dilicanda kirələnən molokan evlərində keçərdi. Bakıdan gəlmiş şəhər uşağı üçün çadırlarda yaşaması, gecə yağan yağışın musiqi kimi gələn qəribə gözəllikdəki səsi, dağların ekzotikası, tay-tuşlarımla səhərdən axşama kimi oyunlar, füsunkar təbiətin qoynundakı müxtəlif əyləncələr, ana nənəmin qardaşımla məni “hör-höyüş” suyunda çimizdirməsi, rayonda yaşayan qohumlarımızla axşam yeməkləri, dağlarda daha yaxşı tutur deyə atamın gecə gec saatlara qədər “Amerikanın səsi” radiosunu dinləməsi kimi xatirələrim hafizəmdə silinməz izlər buraxardı.
Avqustun 24-nü 25-nə bağlayan gecə isə xüsusi bir epizod olaraq yaddaşımda əbədi yer tutub. O gecə “Quyruğun donduğu” gecə idi. Əvvəllər nənəmin həvəslə dilə gətirdiyi bu ifadənin ancaq ona aid olduğunu düşünürdüm. Ancaq yaşım irəlilədikcə bu maraqlı təbiət hadisəsinin çox ciddi bir məsələ olduğunu anladım. Sonralar – sosial şəbəkələr erası başlayanda quyruğun donması haqqında yazanda ömründə “Biləcəridən o yana” çıxmayan “obrazovolski” və “tolstoyevskilər” tökülüşürdülər üstümə ki, heç quyruq da donarmı…
Bu sabah da “quyruq dondu” ifadəsi yenidən yadıma düşdü.
Və düşündüm ki, bəlkə bu gün mübahisələrə nöqtəni qoyaq?
Dedim, bu məsələyə aid bir şeylər yazım ki, yəqinlik hasil olsun.
Quyruq donurmu?
Başqa bir mübahisə mövzusu olan “dondu” demək doğrudur, yoxsa qədim tələffüzü qoruyaraq “doňdu”?..
Bəzən belə bir fikir irəli sürülür ki, donmaq və doňmaq ayrı-ayrı mənalar daşıyan iki sözdür.
Doğrusu, əvvəllər mən də elə düşünürdüm. Ancaq dil tarixinin verdiyi cavab kifayət qədər açıqmış, sadəcə bir qədər araşdırmağa ehtiyac varmış:
Donmaq və doňmaq iki ayrı söz deyil; eyni qədim türk felinin iki fonetik şəklidir.
Məsələnin açarı “sağır nun” adlanan səsdədir. Dilçilikdə “velyar nazal” adlandırılan və “IPA”-da, yəni Beynəlxalq Fonetik Əlifbada [ŋ] işarəsi ilə göstərilən bu səs adi n deyil. İngilis dilində sing sözünün sonunda eşitdiyimiz səs ona yaxındır. Azərbaycan dilinin bir sıra dialekt və şivələrində bu səs bu gün də yaşayır. Dilçilik araşdırmalarında onun xüsusilə qərb şivələrində – Qazax, Tovuz, Borçalı, Göyçə, eləcə də Şəki, Zaqatala, Qax, Oğuz, Naxçıvan və başqa bölgələrdə müxtəlif dərəcədə qorunur.
Daha maraqlısı budur ki, “donmaq” felinin özündə qədimdən məhz bu səs olub. Qədim türk mənbələrində söz “toŋ” şəklində qeydə alınıb və “donmaq, buz bağlamaq, soyuqdan bərkimək” mənasını verib. XI əsrin böyük türk dili abidəsi “Divanü lüğat-it-Türk”də də “toŋ-“ və toŋ formaları həmin semantika ilə işlənir. Görkəmli türkoloq Gerard Clauson qədim türk toŋ- felini birbaşa “to be frozen hard” – “bərkiyəcək dərəcədə donmaq” kimi izah edir.
Bu qədim kök türk dillərinin böyük bir hissəsində bu gün də asanlıqla tanınır. Qazaxcada “тоңу – tonu”, qırğızcada “тоңуу – toŋuu”, türkməncədə “donmak”, özbəkcədə “to‘ngmoq”, uyğurcada “toŋmaq” işlənir. Azərbaycan dilində isə tarixi inkişaf nəticəsində /ŋ/ səsi ədəbi dildə adi /n/ ilə əvəzlənib və donmaq forması normaya çevrilib. Başqa sözlə, türkmənin “doňmak”ı ilə azərbaycanlının “donmaq”ı etimoloji baxımdan eyni sözdür.
Deməli, “doňub” “başqa cür donmaq”, “donub” isə başqa hadisə demək deyil. Doňub qədim və ya dialektal tələffüzü daha dəqiq əks etdirir; donub isə müasir Azərbaycan ədəbi dilinin formasıdır. Ədəbi mətn yazırıqsa, normativ forma donmaq, dondu, donub, donurdur. Dialekt nitqini, tarixi fonetikanı və ya etnoqrafik koloriti göstərmək istəyiriksə, doňmaq, doňdu, doňub yazılışı şərti işarə kimi işlədilə bilər.
Burada başqa bir mühüm incəlik də var. “ŋ iki səs, yəni n+g” deyil. O, ayrıca bir samitdir. Dilin arxa hissəsinin yumşaq damağa yaxınlaşması ilə yaranır. Buna görə “doňmaq” sözünü dongmaq kimi oxumaq da doğru deyil. “Sağır nun” adının yaranması da onun adi n səsindən fərqli eşidilməsi ilə bağlıdır.
Bəs xalq təqvimindəki “quyruq dondu” bununla necə əlaqələnir?
Məhz burada iki ayrı mübahisə bir-birinə qarışır.
Birinci mübahisə dondu – doňdu arasındadır və sırf fonetik-tarixi məsələdir.
İkinci mübahisə isə “quyruq dondu” – “quyruq doğdu” arasındadır ki, artıq etnoqrafiya, xalq astronomiyası və təsərrüfat təqvimi ilə bağlıdır.
Azərbaycanın müxtəlif bölgələrindən toplanmış folklor materiallarında hər iki variant yaşayır. Qarabağdan toplanmış mətnlərdə açıq şəkildə “Quyruq doğdu deyil, quyruq dondu” deyərək bunu avqustda gecələrin sərinləşməsi və kəsilmiş qoyunun quyruq yağının bərkiməsi ilə izah edirlər. Qərbi Azərbaycan folklor materiallarında da eyni izaha rast gəlirik: havalar soyuduqca heyvanın quyruq yağı bərkiyir və buna görə həmin dövr “quyruq dondu” adlandırılır.
Ancaq başqa, kifayət qədər qədim bir ənənə “quyruq doğdu” formasını müdafiə edir. Həsən bəy Zərdabinin yazılarında “Quyruq” göydə heyvan quyruğuna bənzədilən ulduz dəstəsinin adı kimi izah olunur. Xalq həmin ulduzların görünməsi, yəni köhnə dillə desək, “doğması” vasitəsilə yayın ikinci yarısının başlanmasını müəyyənləşdirirdi. Bəşir Əhmədovun etimoloji lüğətində də “quyruq doğdu” ifadəsi ulduzun doğması ilə əlaqələndirilir.
Maraqlıdır ki, “Azərbaycan dilinin izahlı lüğəti” ənənəsində quyruq doğmaq ifadəsi verilsə də, onun əsli kimi quyruq donmaq göstərilib; eyni zamanda Firidun bəy Köçərli, Süleyman Rəhimov və Mir Cəlaldan gətirilən ədəbi nümunələrdə “quyruq doğdu” formasına rast gəlinir. Bu özü göstərir ki, məsələni bircə “doğru” variantla bağlamaq çətindir: xalq dilində iki izah uzun müddət yanaşı yaşayıb.
Üstəlik, bəzi bölgələrdə üçüncü variant – “quyruq doldu” da qeydə alınıb. Burada məntiq qoyunların yayın sonuna doğru kökəlməsi, quyruqlarının piylə dolmasıdır.
Ona görə üç məsələni bir-birindən ayırmaq lazımdır:
donmaq – doňmaq eyni sözdür; fərq tarixi tələffüzdədir;
donmaq – doğmaq isə iki tamam ayrı feldir və “quyruq” ifadəsinin mənşəyi haqqında iki ayrı xalq-etnoqrafik izah yaradır;
dolmaq – həmin təqvim anlayışının üçüncü regional variantıdır.
Bir incə məqam da tarixlə bağlıdır. “Quyruq dondu”nun konkret günü barədə mənbələr yekdil deyil: bəzi ənənələr 5-6 avqustu, bəziləri 15-17 avqustu, bəziləri isə ümumən avqustun ikinci yarısını göstərir. Buna görə bunu müasir astronomik təqvimdə saatı və günü dəqiq müəyyən edilmiş hadisə kimi təqdim etmək doğru olmaz. O, hər şeydən əvvəl xalq təqviminin mövsümi sərhədidir – gündüzün hələ yay olduğu, gecənin isə yavaş-yavaş payızı xəbər verdiyi çağdır.
Beləliklə, “Bu gecə quyruq donur” deyəndə mən bir müşahidəni dilə gətirmək istəyirəm:
Yayın hökmü qırılmağa başlayır, dağ gecələri uzanır, şeh artır, su soyuyur, elat arana dönmə hazırlaşır. Və bunu da nənə-babalarımızın tələffüzü ilə desəydik, belə səslənərdi:
“Bu gejə quyruq doňur”.
Sözün mənası dəyişməzdi. Sadəcə onun içindən Azərbaycan türkcəsinin çox qədim bir səsi – əsrlər boyu yaşayıb ədəbi dildə səssizcə n-yə çevrilmiş ŋ, sağır nun – yenidən eşidilərdi…

media-adspc

Bənzər xəbərlər