media-1581516428
media-bant_master
media-597989359_25952973257643373_6958054349216705307_n
1978-ci il, aprel ayının sonlarında, axşamüstü atam sabahkı dərslərə hazırlaşdığım otağa gəldi. Adəti üzrə əliylə saçımı oxşadı və əllərini çiyinlərimə qoydu. Arxasında oturduğum yazı stolundan qanrılıb ona tərəf baxmadan əhval-ruhiyyəsinin yaxşı olduğunu hiss etdim. Mənə məxfi söz deyirmiş kimi, astadan “2 gün sonra səni özümlə Yerevana aparmağıma necə baxırsan, bəyənilsinmi?”- dedi. Təklif o qədər gözlənilməz və xoş oldu ki, özümü itirdim, nə deyəcəyimi bilmədim. Xəbərin ürəyimcə olduğuna əminliklə “Öz aramızda, maman da bilməsin. Söz?”-dedi və mən ayağa durub da ona necə sarıldığımı bilmədim.
media-33357373_1938147616219273_2074923379579682816_n
May ayının 3-də, saat 7-nin yarısında rayon qəzetinin “Villis”i qapımızda idi. Sürücü Gülməmməd əmi məni atamla görəndə gülə-gülə dilləndi: “Ay sabahınız xeyir, belə başa düşdüm ki, Firuz da bizimlə gedir”. Atam, “Hə, əmisi, dedim, həm Yerevanı görsün, həm də atasının iş yeri ilə tanış olsun”. Anam, həmişə gördüyüm kimi, atamın arxasıyca səpmək üçün bir stəkan su əlində, bizim maşına minməyimizi gözləyirdi. Atam Kazım Novruzov Ermənistan KP Mərkəzi Komitəsi, Nazirlər Soveti və Ali Sovetinin orqanı olan “Sovet Ermənistanı” qəzetinin Lori-Pəmbək zonası üzrə xüsusi müxbiri idi və yolda biləcəyəm ki, o, mətbuat gününə görə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri-Fərmanı ilə təltif edilib və may ayının 4-də Rəyasət Heyəti sədrinin təqdim edəcəyi 7 nəfər mükafatçı sırasında, yeganə azərbaycanlı olan atam da dayanacaq. Həmin səfər, İrəvana gedən yollar heç yadımdan çıxmaz. İrəvanda atam Gülməmməd əmiyə əvvəlcə “Armeniya” hotelinə gedəcəyimizi dedi: “Gedib əvvəlcə nömrə götürək, bir tikə yemək yeyək, sonra Firuz qalar, biz gedərik redaksiyaya”.
media-34796542_1953562964677738_6321474570108796928_n
Elə də oldu.
Atam mənə dönə-dönə qalacağmız 3-cü mərtəbədən aşağı düşməməyi, bir də həmin mərtəbədəki restorana kofe içmək, yaxud dondurma yemək üçün gedə biləcəyimi dönə-dönə xatırlatdı.
Nömrəmizin geniş pəncərələrindən “Respublika” meydanına, oradakı nəhəng fəvvarələrə bir müddət tamaşa etməkdən bezib də, televizora baxmaq istədim, o da darıxdırıcı oldu. Üst-başımı səliqəyə salıb nömrədən çıxdım, qapını açarla bağlayırdım ki, sözün birbaşa mənasında, Azərbaycan dilində səslənən ecazkar danışığı eşitdim. Səs cingiltili olduğu qədər də möhtəşəm idi. İrəvanda hər şey gözləsəm də, inturist hotelə Azərbaycan dilində belə sürprizlə qarşılaşmaq ağlıma gəlməzdi. Heyrətimdən donub qalmışdım və tilsimdən çıxmaq, səs gələn tərəfə dönmək istədim. Azca tərəddüddən sonra çevriləndə kübar, olduqca kübar bir qadının şıq geyimli kişi ilə nə barədəsə danışa-danışa mən tərəf gəldiyini gördüm. Yanıma çatanda, özümdən asılı olmayaraq dönüb bir də baxdım. Onlar ona qədər və ondan sonra da bizimkilərdən gördüyüm heç kəsə bənzəmirdilər. Ömrümdə ilk dəfə dilimizin zənginliyini və gözəlliyini onda duydum, təxminən 2-3 dəqiqə dinlədiyim o səsin sehrindən nəinki çıxdım, əksinə, hər gün həyatımın möcüzəsi olan o dəqiqələri xatırlamaqdan indi də zövq alıram. Duyub da sevməkdən gözəl heç nəyin olmadığı həmin dəqiqədən ürəyimə həkk olundu.

media-3

Firuz NOVRUZOV,
Jurnalist-publisist

media-adspc

Bənzər xəbərlər