Slovakiyadan ən çox hansı məhsulları alırıq? – Maraqlı statistika
Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrinin mətbuata açıqlamalarında iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi və qeyri-neft sektorunda əməkdaşlığın dərinləşdirilməsi əsas müzakirə mövzularından biri olub.
ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, dövlət başçılarının vurğuladığı kimi, Azərbaycan ilə Slovakiya arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi və şaxələndirilməsi üçün böyük potensial mövcuddur. Onun sözlərinə görə, əsas prioritet qeyri-neft-qaz sektoru üzrə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının artırılmasıdır.
Deputat qeyd edib ki, 2025-ci ildə Azərbaycan ilə Slovakiya arasında ticarət dövriyyəsi 42,6 milyon dollar təşkil edib. Bu dövrdə Slovakiyadan Azərbaycana 41,9 milyon dollarlıq məhsul idxal olunub, Azərbaycanın həmin ölkəyə ixracı isə 700 min dollara yaxın olub. Bu da göstərir ki, mövcud ticarət əlaqələrinin əsas hissəsi idxal üzərində formalaşıb.
Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan ilə Slovakiya arasında ümumilikdə 372 məhsul kodu üzrə ticarət əməliyyatları həyata keçirilir. Slovakiyadan idxal edilən əsas məhsullar sırasında mühərrikinin həcmi 1500–3000 kub santimetr olan minik avtomobilləri (11,5 milyon dollar), mühərrikinin həcmi 3000 kub santimetrdən çox olan minik avtomobilləri (7,583 milyon dollar), mərkəzi istilik qazanları (3,673 milyon dollar), elektrik nəqliyyat vasitələri (2,42 milyon dollar), dişlərin təmizlənməsi üçün vasitələr (2,219 milyon dollar), kağız və kartondan hazırlanmış qatlanan yeşik və qutular (1,106 milyon dollar), eləcə də porşenli daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələri (1,034 milyon dollar) yer alır.
Deputat bildirib ki, Azərbaycanın Slovakiyaya ixracında maraqlı məqamlardan biri ötən il həmin ölkəyə mühərrikinin həcmi 1500–3000 kub santimetr olan daxili yanma mühərrikli 47 ədəd minik avtomobilinin satılmasıdır. Bu məhsul üzrə ixracın dəyəri 540 min dollar təşkil edib. Bundan başqa, Azərbaycan Slovakiyaya meyvə şirələri, araq və müxtəlif qida məhsulları da ixrac edir.
Vüqar Bayramov hesab edir ki, qarşılıqlı yüksək səviyyəli səfərlər Azərbaycan ilə Slovakiya arasında münasibətlərin daha da dərinləşməsinə, iqtisadi əməkdaşlıqda yeni mərhələnin başlanmasına və ticarət dövriyyəsinin gələcəkdə artmasına mühüm töhfə verəcək. Onun fikrincə, dövlət başçıları arasında əldə olunan razılaşmalar iqtisadi əlaqələrin genişlənməsi üçün əlavə imkanlar yaradacaq.










