Smart-kart qaz sayğaclarında problem: Ödəniş edilir, balansa köçmür?
Smart-kart tipli qaz sayğaclarında balansın artırılması ilə bağlı müəyyən çətinliklərin yarandığı bildirilir.
ERAmedia xəbər verir ki, bu barədə Oxu.az-a daxil olan şikayətdə qeyd olunur ki, bəzi istifadəçilər ödəniş terminalları vasitəsilə karta vəsait yükləyərkən problemlə üzləşirlər. Belə ki, terminallar bəzən kart məlumatlarını tanımır və ya ödənilən məbləğ balansda əksini tapmır.
Məlumata görə, terminalda “smart-kartın bərpası” funksiyası aktivləşdirildikdə ödənişin balansa köçürüldüyü barədə bildiriş verilsə də, həmin məbləği sayğaca yükləmək mümkün olmur. İddia olunur ki, bunun səbəbi tariflərin yenilənməməsi ilə bağlıdır.
Mövzu ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə ünvanladığımız suallar cavabsız qaldı. Qurumun mətbuat katibi Eldəniz Vəliyev qeyri-iş günü olduğunu bildirərək müraciətlərin qaynar xətt vasitəsilə ünvanlanmasını tövsiyə edib.
Bununla belə, saat 17:47-dən sonra da qurumun Mətbuat Xidməti ilə təkrar əlaqə saxlamağa cəhd göstərsək də, zənglər cavabsız qaldı. Qurumun Mətbuat Xidmətinə xatırlatmaq istərdik ki, qaynar xətt əsasən vətəndaş müraciətləri üçün nəzərdə tutulub. KİV nümayəndələrinin suallarının cavablandırılması isə məhz Mətbuat Xidməti vasitəsilə həyata keçirilməlidir.
Yaranan problemlə bağlı “Mpay” QSC açıqlama yayıb.

“Hazırda “Azəriqaz” xidmətində, xüsusilə “Zenner” kartları ilə ödənişlərlə bağlı texniki nasazlıq müşahidə olunur. Problem ümumi “Azəriqaz” sistemindən qaynaqlanır və onun aradan qaldırılması istiqamətində aidiyyəti üzrə işlər aparılır.
Nasazlıq aradan qaldırıldıqdan sonra ödənişlərinizi terminallar vasitəsilə bərpa edə bilərsiniz”, – deyə məlumatda qeyd olunub.
Məsələnin gedişatını diqqətdə saxlayacağıq.










