media-sta-je-statrap-startup-kompanija-3

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Azərbaycanın startap ekosisteminin mövcud vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.

ERAmedia xəbər verir ki, Osman Gündüz StartupBlink-in 2026-cı il hesabatında Azərbaycanın startap ekosisteminin 7 pillə geriləyərək 81-ci yerə enməsini diqqətçəkən və düşündürücü nəticə kimi qiymətləndirib. O bildirib ki, bu geriləmə Özbəkistan, Gürcüstan, Ermənistan və Qazaxıstan kimi ölkələrin startap ekosistemlərinin inkişaf etdiyi bir dövrə təsadüf edir.

Ekspert qeyd edib ki, bu günlərdə ABB-nin İdarə Heyəti sədrinin müavini və Baş Strategiya inzibatçısı Taleh Tahirlinin Dünya İqtisadi Forumunun rəsmi saytında dərc olunan məqaləsi onun diqqətini cəlb edib. Məqalədə inkişaf etməkdə olan ölkələrdə əsas problemin istedad və ya texnologiya çatışmazlığı deyil, startaplar üçün real tələbin, real müştərinin və real sifarişlərin azlığı olduğu vurğulanır.

Osman Gündüz hesab edir ki, bu yanaşma kifayət qədər məntiqlidir. Onun sözlərinə görə, Azərbaycanda qrantlar, müxtəlif müsabiqələr, inkubasiya və akselerasiya proqramları mövcud olsa da, ilkin inkişaf mərhələsini keçərək böyümək istəyən startapların dəstəklənməsi sahəsində ciddi problemlər qalmaqdadır.

O bildirib ki, dövlət resursları hesabına formalaşdırılan vençur dəstək mexanizmlərindən olan Caucasus Ventures gözlənilən nəticələri verməyib. Nəticədə startapların böyük hissəsi hələ də ilkin maliyyə dəstəyi əldə etmək, məhsulunu bazara çıxarmaq, regional və qlobal miqyasda genişlənmək yollarını axtarır.

Azərbaycan İnternet Forumunun rəhbəri məqalədə irəli sürülən təklifləri də müsbət qiymətləndirib. Onun fikrincə, iri şirkətlərin öz real problemlərini açıq innovasiya çağırışları formasında təqdim etməsi və startapların həmin problemlərin həllinə yönəlməsi faydalı model ola bilər. Bu halda böyük şirkətlər startaplara investor kimi deyil, müştəri kimi yanaşmış olarlar.

Osman Gündüz dövlət satınalmalarında startaplar üçün pilot layihələrin həyata keçirilməsi ideyasını da dəstəklədiyini bildirib. O qeyd edib ki, bazarda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), KOBİA, ASAN İnnovasiya Mərkəzi, ABB Innovation, SABAH.HUB, Startup Azerbaijan və universitetlərin innovasiya və inkubasiya mərkəzləri kimi mühüm ekosistem oyunçuları fəaliyyət göstərir.

Bununla yanaşı, ekspert hesab edir ki, mövcud problemlərə baxmayaraq, ölkənin startap ekosistemində inkişaf üçün ciddi potensial və ümidverici təşəbbüslər qalmaqdadır. Onun sözlərinə görə, İRİA bu istiqamətdə səylərini daha da gücləndirməlidir.

Osman Gündüz vurğulayıb ki, İRİA-nın müxtəlif dövlət qurumları ilə birgə aşağı effektivliyə malik hakatonlar təşkil etməkdənsə, dövlətə məxsus məlumat bazalarının açılması istiqamətində fəaliyyətini genişləndirməsi daha faydalı olar. O əlavə edib ki, qurum ekosistemin inkişafı ilə bağlı bu cür çağırışlara və yeni yanaşmalara daha çox diqqət yetirməlidir.

Ekspertin fikrincə, hazırda əsas məsələ yeni tədbirlər keçirmək deyil, startapları real bazar, real sifariş və real müştərilərlə əlaqələndirə bilməkdir.


media-adspc

Bənzər xəbərlər