Strateji valyuta ehtiyatlarının həcmi açıqlanıb
2026-cı il iyunun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 88,4 milyard ABŞ dollarına çatıb.
ERAmedia xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir həmçinin vurğulayıb ki, Azərbaycan dünyada dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbətinin ən aşağı olan ölkələrdən biridir:
“Bu günə dövlət borcu 24,1 milyard manat və yaxud proqnozlaşdırılan illik ÜDM-in 18,4 %-nə bərabərdir. 2025-ci ilin sonuna isə dövlət borcu 26 milyard manat və yaxud illik ÜDM-in 20,1 %-nə bərabər olub. Bu da 2025-ci ilin əvvəli ilə müqayisədə 1,6 % bəndi azdır. Borc partfelimiz ilin sonuna 17,8 milyard manat daxili dövlət borcu, 8,2 milyard manat isə xarici dövlət borcundan ibarət olub. Ddövlət borcunun məzənnə və xarici bazar risklərinin həssaslığı bu dövr ərzində azalıb. İstiqrazlarımızın orta ödəmə müddəti il ərzində 2,2 dəfə artıb”.









