media-811748508_1792367402402380_6629267650490744036_n
Bəşəriyyət min illərdir ən çətin mənəvi suallarının cavabını həmişə dinlərdə axtarıb: Mən kiməm? Niyə yaşayıram? Ölümün mənası nədir? Yaxşı ilə pisi necə ayırmaq olar? Başımıza gələn hadisələr qarşısında necə davranmalıyıq? və s…
Bu suallara cavab almaq üçün insanlar imama, keşişə, ravvinə – ruhani sinfinə müraciət ediblər. Çünki bu sualların əksəriyyətinə elm belə cavab verə bilmir. İndi isə həmin söhbətə yeni bir iştirakçı qoşulub: Süni İntellekt.
Burda əsas məsələ yalnız din xadimlərinin süni intellektdən moizə, dini dərs və müxtəlif mətnlər hazırlamaq üçün istifadə etməsi deyil. Daha böyük dəyişiklik baş verir: Süni İntellekt ruhani ilə dindar arasındakı ənənəvi münasibətə daxil olur. İnsan dini sualını artıq mütləq məsciddə, kilsədə və ya sinaqoqda, dini yığıncaqlarda vermir. Telefonunu açaraq saniyələr içində cavab ala bilir. Və burada olduqca maraqlı bir paradoks yaranır: Süni intellektin dini yoxdur. Amma getdikcə daha çox insan din haqqında süni intellektlə danışır. Bu, Düşündüyümüzdən daha böyük dəyişiklik ola bilər.
Əslində texnologiya ilə dinin qarşılaşması yeni bir hadisə deyil. Kitab çapı meydana çıxanda müqəddəs mətnlərin yayılmasını kökündən dəyişdi. Radio dini moizəni evlərə gətirdi. Televiziya milyonlarla insanın eyni dini lideri dinləməsinə imkan verdi. İnternet isə dini bilik üzərindəki coğrafi sərhədləri demək olar ki, aradan qaldırdı.
Lakin süni intellekt bunlardan fərqlənir. Kitab sizə cavab vermir. Televiziya sizin probleminizi dinləmir. Google adətən sizə mənbələr göstərir. Amma Süni İntellekt sizinlə dialoq qurur: “Səhv etmişəm, nə etməliyəm?”, “Bu davranış günahdırmı?”, “Ölən insanın ruhu haqqında din nə deyir?”, “Mən bu insana qarşı ədalətsiz olmuşammı?” kimi çox şəxsi suallar artıq maşına ünvanlanır. Bunun mənəvi nəticəsi texnoloji nəticəsindən daha böyükdür.
Çünki tarixdə ilk dəfə olaraq insan olmayan bir sistem milyonlarla insanın əxlaqi və mənəvi qərar prosesində iştirak etməyə başlayır.
Süni intellektin üstünlüyü aydındır. O, yorulmur. Sizi mühakimə etmir. Gecə saat üçdə də cavab verir. Çoxsaylı dini mətnləri saniyələr ərzində müqayisə edə bilir. Utandığınız bir sualı ona vermək psixoloji baxımdan bir insana verməkdən daha asandır.
Hindistanda artıq Bhagavad Gita əsasında məsləhətlər verən GitaGPT kimi sistemlər mövcuddur. Katolik dünyasında proses daha da irəli gedib. magisterium AI adlı sistem Katolik Kilsəsinin minlərlə rəsmi və teoloji sənədini süni intellekt üçün əlçatan hala gətirib. Platformanın məlumatına görə, sistem 190-dan çox ölkədə, 75-dən artıq dildə istifadə olunur və 26 mindən çox kilsə sənədinə istinad edə bilir. Daha iddialı layihələri isə katolik dəyərlərinə uyğun ayrıca dil modeli yaratmaqdır. Bu artıq sadəcə “dində Sİ-dən istifadə” deyil. Bu, dinin öz süni intellektini yaratmasıdır.
İslam dünyasındakı yanaşma xüsusilə maraqlıdır. Misirin nüfuzlu Dar al-Ifta qurumu 2026-cı ilin yanvarında iki mühüm mövqe açıqlayıb. Birincisi, AI-nin elektron Quran nüsxələri və süni qiraətlərin hazırlanmasında köməkçi vasitə kimi istifadəsini, mütəxəssis yoxlaması şərtilə, mümkün hesab edib.
Amma eyni qurum başqa qərarında Quran təfsirinin bütövlükdə ChatGPT və oxşar süni intellekt sistemlərinə həvalə edilməsini qəbul etməyib və dini mətnlərin şərhində mütəxəssis alimlərin rolunu vurğulayıb.
Bu yanaşma gələcəyin modelini çox yaxşı göstərir: Sİ dini biliyə çatma vasitəsi ola bilər, amma dini avtoritetin özü olmamalıdır. Bu fərq olduqca mühümdür.
Belə görsənir ki, əsl mübarizə məlumat uğrunda gedəcək. Burada məsələnin ən maraqlı tərəfi ortaya çıxır. Gələcəkdə dini təşkilatlar yalnız insanların nəyə inanması ilə deyil, süni intellektin din haqqında nə öyrənməsi ilə də maraqlanmalı olacaqlar. Çünki milyardlarla insan dünyanı getdikcə Sİ vasitəsilə öyrənəcəksə, hansı məlumatların həmin modellərə daxil olması strateji əhəmiyyət daşıyacaq.
Təsəvvür edin ki, bir gənc İslam haqqında sual verir. Sİ cavabı hansı mənbədən formalaşdıracaq? Qurandan? Hədislərdən? Klassik İslam alimlərindən? Müasir akademik ədəbiyyatdan? İnternet forumlarından? Yoxsa bunların statistik qarışığından?
Beləliklə, XXI əsrdə dini təsir uğrunda mübarizənin bir hissəsi məscidlərin, kilsələrin və dini məktəblərin daxilində deyil, data şəbəkələrdə, alqoritmlərdə və Sİ modellərinin alt qatında gedə bilər. Başqa sözlə, gələcəyin böyük suallarından biri belə olacaq: Süni intellektə kim dəyər öyrədəcək?
Katolik Kilsəsinin son illərdə süni intellekt məsələsinə xüsusi diqqət ayırması da bununla bağlıdır. Kilsə 2026-cı ildə süni intellektə dair mövqeyində mühüm prinsip irəli sürüb: insan həyatına ciddi təsir edən qərarlar tamamilə alqoritmlərə həvalə edilməməlidir. İşə qəbuldan kreditə, dövlət xidmətlərindən insan reputasiyasına qədər Sİ insan şüuru və məsuliyyətini əvəz etməməlidir.
Əslində burada teoloji məsələ ilə texnoloji məsələ birləşir. Sİ çox ağıllı ola bilər. Ancaq məsuliyyət hiss edə bilərmi? Peşman ola bilərmi? Mərhəmət göstərə bilərmi? İman edə bilərmi? Ölümdən qorxa bilərmi? Bir insanı bağışlamağın nə demək olduğunu həqiqətən anlaya bilərmi?
Bunlar hesablama məsələləri deyil. Məhz buna görə süni intellekt inkişaf etdikcə dinin ən qədim suallarından biri yenidən gündəmə gəlir: İnsanı insan edən nədir? Paradoks ondadır ki, bəlkə də süni intellekt bizi ilk növbədə texnologiya haqqında deyil, özümüz haqqında daha dərindən düşünməyə məcbur edəcək.
Din Sİ-ni dəyişə bilərmi? Müzakirənin adətən birinci tərəfi diqqəti çəkir: Sİ dini necə dəyişəcək? Amma ikinci istiqamət bəlkə də daha əhəmiyyətlidir: Din süni intellekti necə dəyişəcək?
Bugünkü böyük Sİ modellərinin gələcək davranışı yalnız mühəndislərin yazdığı koddan asılı deyil. Onların hansı etik prinsiplərlə məhdudlaşdırılması, hansı məlumatlarla öyrədilməsi və insan haqqında hansı təsəvvür üzərində qurulması da vacibdir.
Dinlərin isə bu sahəyə gətirə biləcəyi minilliklər ərzində formalaşmış nəhəng intellektual irs var: insan ləyaqəti, məsuliyyət, ədalət, vicdan, mərhəmət, hədd, günah, bağışlama, yaxşılıq və pislik haqqında düşüncə.
Texnologiya bizə “nə edə bilərik?” sualının cavabını verir. Din və fəlsəfə isə başqa sual verir: “Etməyə qadir olduğumuz hər şeyi etməliyikmi?” Süni intellekt əsrində bu sualın əhəmiyyəti daha da artacaq.
Ən böyük təhlükə Süni İntelektin dinə çevrilməsi ola bilər. Burada daha bir risk var. İnsanların böyük hissəsi Sİ-nin cavablarını artıq obyektiv həqiqət kimi qəbul etməyə başlasa, süni intellekt fərqinə varmadan yeni növ avtoritetə çevrilə bilər.
Əvvəllər “imam belə dedi”, “keşiş belə dedi”, “alim belə yazdı” deyilirdisə, gələcəkdə: “Sİ belə deyir” ifadəsi kifayət qədər təhlükəli arqumentə çevrilə bilər.
Deməli, süni intellekt nə qədər neytral görünsə də, əslində onun cavablarında müəyyən dünya təsəvvürü mövcuddur. Gələcəyin əsas ideoloji mübarizələrindən biri də məhz bunun ətrafında gedə bilər: Sİ hansı insan modelinə əsaslanacaq?
Süni intellekt imamı və ya keşişi əvəz edəcəkmi? Çox güman ki, tam əvəz etməyəcək. Amma onların rolunu dəyişəcək. Kalkulyator riyaziyyatçını yox etmədi.
İnternet müəllimi yox etmədi. Tibbi Sİ həkimi də tamamilə yox etməyəcək. Lakin hər bir halda insanın funksiyası dəyişəcək. Din xadiminin üstünlüyü gələcəkdə məlumatı əzbər bilməkdən daha az, insanı tanımaq, konteksti başa düşmək, etimad yaratmaq və mənəvi məsuliyyət daşımaqdan daha çox asılı olacaq.
Sİ sizə yüzlərlə dini mənbə göstərə bilər. Amma yaxınını itirmiş insanın yanında oturub susmağın nə demək olduğunu bilmir. Bəlkə də sərhəd məhz buradan keçir. Süni intellekt dini mətnləri çox yaxşı öyrənə bilər. Amma inanmaq ilə iman haqqında məlumat sahibi olmaq eyni şey deyil.
Və süni intellekt dövrünün ən maraqlı paradoksu bəlkə də budur: İnsan özünə bənzəyən zəka yaratdıqca, onu maşından fərqləndirən xüsusiyyətlərin nə olduğunu daha çox düşünməyə başlayır. Ona görə Sİ ilə dinin qarşılaşması yalnız dinin gələcəyi haqqında deyil. Bu, daha böyük bir sual haqqındadır: Texnologiyanın getdikcə daha çox insanlaşdığı dünyada insan özü necə insan olaraq qalacaq?

media-adspc

Bənzər xəbərlər