media-suni-intellekt-ne-vaxt-harada-ve-nece-faydalidir

Azərbaycan İnternet Forumunun rəhbəri dövlət statuslu Milli Süni İntellekt Mərkəzinin fəaliyyət istiqamətləri ilə bağlı bir sıra suallar və tənqidi fikirlər səsləndirib.

ERAmedia-nun məlumatına görə, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, dövlət qurumu statusunda olan, əvvəllər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən, hazırda isə “AZCON Holding”in tərkibində yer alan Milli Süni İntellekt Mərkəzinin əsas missiyası sıradan rəqəmsal layihələrin təqdimatı deyil, ölkənin süni intellekt siyasətinin formalaşdırılması istiqamətində strateji və sistemli fəaliyyət olmalıdır.

Onun sözlərinə görə, Milli Süni İntellekt Mərkəzinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və BMT-nin müvafiq departamenti ilə əməkdaşlıq çərçivəsində keçirilən “Rəqəmsal hökumətin inkişafı” tədbirində bir sıra rəqəmsal həlləri təqdim etməsi bu qurumun missiyası ilə bağlı suallar yaradır.

“Əgər bu qurum sadəcə rəqəmsal məhsullar hazırlayan adi bir MMC funksiyasını yerinə yetirirsə, onda “Milli” statusunun mahiyyəti nədir? Yox, əgər dövlətin süni intellekt siyasətinin formalaşdırılması, koordinasiyası və tətbiqində mühüm rol oynayırsa, ictimai müzakirəyə çıxardığı mövzular da həmin səviyyədə olmalıdır”, – deyə o vurğulayıb.

Osman Gündüz qeyd edib ki, son dövrlər adında “Milli” sözü olan, lakin fəaliyyət istiqaməti bu statusa uyğun görünməyən qurumların sayının artması da diqqət çəkir.

O xatırladıb ki, cəmi bir neçə gün əvvəl Rəqəmsal İnkişaf Şurasının iclası keçirilib və ölkənin rəqəmsal transformasiyası ilə bağlı mühüm mesajlar verilib. Onun fikrincə, cəmiyyətin, biznesin və İKT sektorunun gözləntilərinin yüksək olduğu bir dövrdə Milli Süni İntellekt Mərkəzindən E-Qanun.ai, DataRace.ai, Neyron.ai və AI Academy kimi layihələrin təqdimatından daha çox strateji baxış gözlənilirdi.

Azərbaycan İnternet Forumunun rəhbəri hesab edir ki, hazırda əsas müzakirə mövzuları Azərbaycanın süni intellekt üzrə milli data siyasətinin necə qurulacağı, dövlət qurumlarında AI texnologiyalarının hansı prinsiplərlə tətbiq ediləcəyi, prioritet layihələrin, dövlət sifarişlərinin və investisiya planlarının necə müəyyənləşdiriləcəyi, açıq data, fərdi məlumatların qorunması, alqoritmik şəffaflıq, etik çərçivələr və AI risklərinin idarə olunması, eləcə də qlobal süni intellekt təşəbbüsləri fonunda Azərbaycanın yol xəritəsinin nədən ibarət olacağıdır.

Osman Gündüz bildirib ki, əgər RİNN-in süni intellekt sahəsində yanaşması yalnız rəqəmsal həllərin təqdimatı ilə məhdudlaşırsa, bu, həm sektorun və cəmiyyətin gözləntiləri, həm də Prezidentin və Rəqəmsal İnkişaf Şurasının müəyyən etdiyi prioritetlərlə tam üst-üstə düşmür.

O əlavə edib ki, bu gün aidiyyəti dövlət qurumundan yeni rəqəmsal məhsulların təqdimatından daha çox fundamental, strateji və institusional addımlar gözlənilir. Onun sözlərinə görə, Rəqəmsal İnkişaf Şurasının Katibliyi də süni intellekt sahəsində daha ciddi strateji yanaşmanın formalaşdırılmasına xüsusi diqqət yetirməlidir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər