Tanınmış jurnalist vəfat edib
Böyük Britaniyanın əfsanəvi televiziya aparıcısı və tanınmış araşdırmaçı jurnalisti Roger Kuk qısa sürən xəstəlikdən sonra vəfat edib.
ERAmedia xəbər verir ki, bu barədə “Daily Star” nəşri jurnalistin ailəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Roger Kuk iyunun 13-də dünyasını dəyişib.
“Roger mükafatlarla təltif olunmuş parlaq jurnalistika karyerasına malik olmaqla yanaşı, hər şeydən əvvəl sevimli həyat yoldaşı və ata idi. Hamımız onun üçün çox darıxacağıq”, – deyə ailəsinin məlumatında bildirilib.
83 yaşlı jurnalist 50 ildən artıq müddətdə televiziya jurnalistikası sahəsində fəaliyyət göstərib. O, cinayətləri, korrupsiyanı və sosial ədalətsizlikləri ifşa edən araşdırmaları ilə geniş şöhrət qazanıb.
Peşə fəaliyyəti dövründə çəkilişlər və müsahibələr zamanı dəfələrlə hücumlara məruz qalan Kuk buna görə “Britaniyanın ən çox döyülən jurnalisti” ləqəbi ilə tanınıb.
ITV telekanalının nümayəndələri Roger Kuku Britaniya jurnalistikasının ən nüfuzlu simalarından biri adlandıraraq, onun fəaliyyətinin araşdırma jurnalistikasının inkişafına və qanunvericilikdə mühüm dəyişikliklərin həyata keçirilməsinə əhəmiyyətli töhfə verdiyini vurğulayıblar.
Vüsalə









