Tehran 1943, yoxsa Bakı 1943? – Məşhur filmin GİZLİNLƏRİ
1943-cü il 28 noyabr – 1 dekabr tarixlərində İranın paytaxtında “Böyük üçlüyün” sammiti keçirilir: SSRİ, Böyük Britaniya və ABŞ rəhbərləri Avropanın müharibədən sonrakı quruluşunu müzakirə edirlər. Noyabrın 28-də başlayan Tehran konfransının əsas məsələsi isə iki il əvvəlki kimi yenə də Avropada “ikinci cəbhənin” açılması barədə idi.
1981-ci ildə SSRİ, Fransa və İsveçrənin birgə istehsalı olan, bu tarixin ən önəmli görüşünə həsr edilən “Tehran-43” filmi çəkilir. Rejissorlar Aleksandr Alov və Vladimir Naumovdur. Filmdə məşhur fransız aktyoru Alen Delon, İqor Kostolevski və Natalya Beloxvostikova baş rolları ifa ediblər.
Filmin bir çox səhnələri Bakıda, xüsusilə İçərişəhərdə çəkilmişdir ki, bu məkanlar Tehran atmosferini canlandırmaq üçün istifadə olunub. Həmçinin filmdə Azərbaycan aktyorları Ələsgər Məmmədoğlu (Qulam Rza adlı kiçik bir obrazı canlandırıb) və Elxan Ağahüseynoğlu epizodik rollarda çıxış ediblər.
İçərişəhərin dar küçələri, daş evləri və relyefi o dövrün Tehranı ilə demək olar ki, eynilik təşkil edirdi. O dövrdə İranda çəkiliş aparmaq siyasi cəhətdən çətin idi, Bakı isə həm “şərq ruhunu” qoruyub saxlamışdı, həm də sovet kinematoqrafçıları üçün əlçatan idi.
Siz indi fotoda maraqlı bir binanı görürsünüz. Bu bina XV əsrə aid olan İkitəbəqəli karvansaradır. Bəzən Qasım bəy karvansarası da adlanır. Keçmiş Varvarinskaya, indiki Həqiqət Rzayeva küçəsi öz memarlığı ilə 1940-cı illərin Tehranını vizual olaraq tam əvəz edə bilirdi.
Kadrlarda görünür ki, bir qrup jurnalist Həqiqət Rzayeva küçəsi ilə “Böyük üçlüyün” rəhbərləri ilə görüşmək üçün binaya aparılır. Filmdə “Böyük üçlüyün” görüşdüyü yer kimi təqdim edilən bu bina əslində film üçün yaradılmış bir “illüziya” idi. Real tarixdə görüşlər SSRİ və Britaniya səfirliklərində keçirilmişdi, lakin kadrlarda bu karvansara daha əzəmətli görünürdü.
İçərişəhərdəki məşhur Qəni Məmmədovun evi və onun ətrafındakı aristokratik Şərq memarlığı filmdə varlı Tehran ailələrinin və ya diplomatik korpusun keçdiyi küçələr kimi istifadə olunub. Həmin binaların fasadlarındakı fars dilində olan reklam lövhələri və afişalar şəhərin görkəmini tamamilə dəyişmişdi.
Alen Delonun qəhrəmanı olan inspektor Foşun olduğu bəzi səhnələrin ev sahibliyini də məhz Bakının köhnə məhəllələri edib. Delon Bakıya gəlməsə də (onun səhnələri Parisdə çəkilib), onun dublyoru və ya oxşar planlar üçün Bakının küçələrindən istifadə olunub.
Filmdəki bəzi Paris səhnələrinin bir hissəsi Bakıda, keçmiş “Sovetski” və “Kubinka” adlanan ərazilərin ətrafındakı Avropa üslublu binaların yanında çəkilib. Rejissorlar bəzi kadrları elə qururdular ki, küncdən görünən bir dar küçə həm Tehranı, bir az sonra isə başqa bucaqdan Parisi xatırlada bilsin.
Filmdəki kütləvi səhnələrdə istifadə olunan bir çox papaqlar, şallar, bəzi mis qablar elə Bakının özündən, yerli əhalidən və teatrların qarderoblarından toplanmışdı.
Filmdə alman kəşfiyyatının planları müzakirə olunarkən və ya tarixi arayışlar verilərkən belə bir fikir səslənir:
“Bakı olmasa, bizim tanklarımız dayanacaq, təyyarələrimiz isə uçmayacaq. Tehran isə Bakıya gedən yolun qıfılıdır”.
Zaur Əliyev









