media-tramp-netanyahu-zeng

ABŞ prezidenti Donald Tramp Qəzzada atəşkəs razılaşmasının elan edilməsindən bir neçə gün əvvəl İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı ona “Bütün yəhudilər səndən bezib” deyə qışqırdığı iddia olunur.

ERAmedia xəbər verir ki, bu barədə İsrailin “Yedioth Ahronot” qəzeti məlumat yayıb. Məlumata görə, ABŞ-ın “The New York Times” qəzetinin jurnalistləri Maggi Haberman və Conatan Suonın müəllifi olduqları “Rejim Dəyişikliyi: Donald Trampın İmperiya Prezidentliyinin Pərdəarxası” adlı kitabda Trampın Qəzza ilə bağlı atəşkəs planı ərəfəsində Netanyahuya qarşı sərt ifadələr işlətdiyi qeyd olunur.

Kitabda bildirilir ki, Tramp telefon danışığı zamanı Netanyahuya “Bütün yəhudilər səndən bezib” deyərək İsrailin Qəzza ilə bağlı 20 maddədən ibarət planı qəbul etməli olduğunu vurğulayıb.

Mənbənin məlumatına görə, Qəzzada atəşkəs elan edilməzdən əvvəl Vaşinqton və Təl-Əviv arasında ciddi etimad böhranı yaşanıb.

Kitabda qeyd edilir ki, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff və kürəkəni Jared Kuşner keçmiş İsrailin Strateji İşlər naziri Ron Dermer ilə Qəzza planını müzakirə etdikdən cəmi bir gün sonra İsrail ordusunun Qətərin paytaxtı Dohaya hücum təşkil etdiyi bildirilir.

Hücumdan xəbər tutan Kuşner və Vitkoffun “Dermer bizə yalan danışdı” deyərək Ağ Ev rəsmilərinə narahatlıqlarını çatdırdıqları qeyd olunur.

Nəşrdə bildirilir ki, İsrail ordusunun Dohaya hücumu nəticəsində yaranan böhran Kuşner tərəfindən Netanyahunu kompromisə məcbur etmək üçün fürsət kimi qiymətləndirilib və nəticədə 20 maddəlik Qəzza planı üzrə irəliləyiş əldə olunub.

Məlumata görə, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində Kuşner və Vitkoff Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani ilə görüşüb. İddialara əsasən, Qətər baş naziri atəşkəs layihəsinin mətninə şəxsən düzəlişlər edib.

Kitabda həmçinin qeyd olunur ki, Vitkoff və Kuşner Ağ Evin aparat rəhbəri Susi Uilesi Netanyahunun Trampa zəng edərək planı pozmağa cəhd göstərə biləcəyi barədə xəbərdar ediblər.

Netanyahunun razılaşmanı sabotaj etməsindən ehtiyat edən Ağ Ev rəsmilərinin onun Trampla telefon danışığı zamanı Kuşner və Vitkoffu da xəttə qoşduqları bildirilir.

Mənbəyə görə, telefon danışığının ilk dəqiqələrində Tramp Netanyahunun ünvanına sərt ifadələr işlədərək bunları deyib:

“Bu razılaşmadan geri çəkilə bilməzsən. Mən İsrailin indiyədək malik olduğu ən yaxşı dostam. Hamı səndən nifrət edir, amma mən sənin arxanda durmuşam. Bu, İsrail üçün çox böyük bir razılaşmadır”.

Kitabda vurğulanır ki, Netanyahu bu təzyiq qarşısında razılaşmanı qəbul etməyə məcbur olub. Gərgin telefon danışığından iki gün sonra isə hər iki lider birgə mətbuat konfransı keçirərək ictimaiyyətə birlik mesajı verib.

Xatırladaq ki, Qəzzada atəşkəs razılaşması 10 oktyabr 2025-ci ildə qüvvəyə minib. Razılaşmanın ilk mərhələsində əsir mübadiləsi, humanitar yardımların artırılması və İsrail ordusunun bəzi ərazilərdən qismən geri çəkilməsi nəzərdə tutulurdu. Fələstin mənbələri isə İsrailin razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmədiyini və hücumların davam etdiyini bildirirlər.

Vural


media-adspc

Bənzər xəbərlər