media-trump_baby

ABŞ prezidenti Donald Trampın Ukraynadakı müharibə ilə bağlı qiymətləndirməsini yenidən nəzərdən keçirdiyi bildirilir.

ERAmedia xəbər verir ki, “Bloomberg” agentliyinin mənbələrinin məlumatına görə, onun ətrafında və G7 liderləri arasında indi ümumi fikir formalaşıb ki, Rusiya döyüş meydanında qələbə qazana bilməyəcək.

Bu, Trampın 2025-ci ilin avqustunda Alyaskada Vladimir Putinlə görüşündən sonra sərgilədiyi mövqedən əhəmiyyətli dəyişiklik hesab olunur. Həmin vaxt o, Ukraynanın “kozırlarının olmadığını” və ərazi güzəştlərinə getməli olduğunu düşünürdü. Hazırda isə, G7-dən anonim danışan bir nümayəndənin sözlərinə görə, ABŞ və Avropa müttəfiqləri Kiyevin mövqelərinin gücləndiyi qənaətinə gəliblər.

Bu dəyişiklik Fransanın Evian şəhərində keçirilən “Böyük Yeddilik” (G7) sammitində daha aydın şəkildə müşahidə olunub. Məlumata görə, Fransa prezidenti Emmanuel Makron Donald Trampın və Volodimir Zelenskinin qısa görüşünü təşkil edib. Mənbənin bildirdiyinə görə, söhbət zamanı Zelenski Trampa Rusiyanın zərbəsi nəticəsində Kiyevdəki Uspenski kilsəsinin dağıntılarını əks etdirən fotoşəkillər göstərib və bu, Trampa ciddi təsir edib.

“Rusiyanın razılaşma imzalaması lazımdır. Bütün bunlar sadəcə gülüncdür. Ona görə də bəli, mən əlimdən gələni edəcəyəm”, — deyə Tramp Qətər əmiri ilə görüş zamanı bildirib. Onun açıqlamalarında əvvəllər olduğu kimi Zelenskidən kapitulyasiya tələbi yer almayıb.

Bundan əlavə, “Bloomberg”in məlumatına görə, Donald Tramp Birləşmiş Ərəb Əmirliklərinin lideri ilə söhbətində Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə açıq olduğunu bildirib, xüsusilə İranla müharibənin başa çatması fonunda. “Bunu edə bilərik, çünki neft artıq gəlir”, — deyə o qeyd edib.

Böyük Britaniyanın baş naziri Kir Starmer “Times Radio”ya müsahibəsində bu ritorika dəyişikliyini Rusiya iqtisadiyyatının vəziyyətinin pisləşməsi ilə əlaqələndirib. “Rusiya iqtisadiyyatı ciddi zərər görüb və bu, Moskvada fərqli bir atmosfer yaradıb”, — deyə o bildirib. Kanadanın baş naziri Mark Karni isə Zelenski ilə görüşdə deyib: “Bu müharibədə vəziyyət dəyişir və biz məhz bunu müzakirə etdik. Bu gün G7-də birlik görürük”.

“Bloomberg”in məlumatına əsasən, Emmanuel Makron Zelenskini sammitin sonunadək Evianda qalmağa dəvət edib ki, o, daha çox görüşlər keçirə və Donald Tramp ilə dialoqu davam etdirə bilsin.

Vural


media-adspc

Bənzər xəbərlər