Türkiyə parlamentinin sədri Azərbaycana səfər edəcək
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş 2026-cı il iyunun 23-24-də Azərbaycana səfər edəcək.
Bu barədə ERAmedia-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Numan Kurtulmuş Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər Birliyinin (İSİPAB) 20-ci Konfransında iştirak edəcək.
Bakıda təşkil olunacaq konfransda TBMM sədrinin bəşəriyyətin ortaq məsələlərindən biri olan Fələstin mövzusu, İsrailin törətdiyi insanlıq əleyhinə cinayətlər, İslam ölkələri arasında siyasi, iqtisadi və parlamentlərarası əməkdaşlığın inkişafı, həmçinin müharibə və böhranlar səbəbindən öz yurdlarından didərgin düşmüş milyonlarla insan üçün beynəlxalq həmrəyliyin gücləndirilməsi kimi mövzularda mesajlar verməsi gözlənilir.
Səfər çərçivəsində Numan Kurtulmuşun iştirakçı ölkələrin parlament sədrləri və beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.










