media-whatsapp-image-2026-06-23-at-10-42-33

Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunda xidmət edən Azərbaycan əsilli Sevinc Gök sərhəd bölgəsindəki fəaliyyəti ilə diqqət çəkir. 

ERAmedia xəbər verir ki, Türkiyə vətəndaşı olan Sevinc Gök 2018-ci ildən etibarən Jandarma Komandanlığı nəzdində təhlükəsizlik əməkdaşı kimi çalışır və bölgədə təhlükəsizliyin təmin olunması istiqamətində xidmət göstərir.

Məlumata görə, Sevinc Gök jandarma əməkdaşı, uzman çavuş Salih Gök ilə ailə həyatı qurub. O, həyat yoldaşı və digər təhlükəsizlik qüvvələri ilə birlikdə Çukurca bölgəsində keçirilən əməliyyatlarda iştirak edərək ictimai asayişin qorunmasına töhfə verir.

Sevinc Gök çıxışlarında şəhid ailələrinə xüsusi ehtiram göstərdiyini bildirib. O, ana olduqdan sonra şəhid analarının yaşadığı ağrını daha dərindən hiss etdiyini vurğulayaraq, onların fədakarlıqlarının unudulmamalı olduğunu qeyd edib.

Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərini önə çəkən Sevinc Gök hər iki ölkəni özünə doğma bildiyini ifadə edib. O, vətən və bayraq sevgisinin insan həyatında xüsusi yer tutduğunu söyləyərək, Azərbaycanın və Türkiyənin maraqları naminə xidmət etməyə hər zaman hazır olduğunu bəyan edib.

Hakkarinin sərhəd bölgəsində altı ildən artıq müddətdə xidmət göstərən Sevinc Gök Türkiyə mediasında cəsarəti və vətənpərvərliyi ilə seçilən qadın təhlükəsizlik əməkdaşlarından biri kimi təqdim olunur. Onun fəaliyyəti təhlükəsizlik sahəsində çalışan qadınların rolunun artmasının nümunələrindən biri hesab edilir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər