media-17821991885995027001_1200x630

Bakıda keçiriləcək UFC turniri ərəfəsində azarkeşlər üçün açıq məşq və fan-zona təşkil olunacaq.

ERAmedia-ya Bakı Şəhər Halqasından bildirilib ki, tədbir iyunun 24-də Dənizkənarı Milli Parkda, “Yeddi Gözəl” fəvvarəsinin yaxınlığında baş tutacaq. Saat 17:00-da başlayacaq açıq məşq proqramı 19:30-dək davam edəcək.

Tədbirdə UFC turnirinin əsas döyüşünün iştirakçıları Rafael Fiziyev və Manuel Torres, gecənin ikinci əsas qarşılaşmasının iştirakçısı Şarabutdin Maqomedov, eləcə də Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Fərman Həsənov azarkeşlərlə görüşəcəklər.

Proqram çərçivəsində döyüşçülər nümayiş məşqləri keçirəcək, həmçinin azarkeşlərin suallarını cavablandıracaqlar. UFC döyüş həftəsinin ən maraqlı tədbirlərindən biri hesab olunan açıq məşq tamaşaçılara idmançıları yaxından izləmək və onlarla ünsiyyət qurmaq imkanı yaradacaq.

Tədbir ərazisində xüsusi fan-zona da fəaliyyət göstərəcək. Azarkeşlər burada interaktiv oyunlarda iştirak edə, fotozonalarda şəkillər çəkdirə və UFC-nin rəsmi məhsulları ilə tanış ola biləcəklər.

Qeyd edək ki, UFC turniri iyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq.


media-adspc

Bənzər xəbərlər