Ukraynanın yeni strategiyası: Logistika və enerji infrastrukturu hədəfdə
Moskva sakinləri uzun benzin növbələri ilə üz-üzə qalıb. Sosial şəbəkələrdə yayılan görüntülər və yerli mediada dərc olunan məlumatlar paytaxt sakinlərinin yanacaq qıtlığından narahatlığını ortaya qoyur.
ERAmedia xəbər verir ki, araşdırmaçı jurnalist Arzu Qazıyevanın sözlərinə görə, Rusiyanın Ukraynada başladığı və rəsmi Moskvanın “denasifikasiya əməliyyatı” adlandırdığı müharibə artıq beşinci ilində ölkənin enerji sektoruna ciddi təsirlər göstərməyə başlayıb. O bildirib ki, Ukraynanın raket və pilotsuz uçuş aparatları Rusiya ərazisindəki neft emalı infrastrukturlarına dəqiq zərbələr endirir.
Arzu Qazıyeva qeyd edib ki, yayılan videogörüntülərdən dronların hədəfləri diqqətlə seçdiyi, obyektlərin ən həssas nöqtələrinə yönəldiyi müşahidə olunur. Onun fikrincə, nəticədə bir sıra neft emalı zavodları sadəcə zərər görmür, uzun müddət fəaliyyət göstərə bilməyəcək vəziyyətə salınır.
Jurnalist bildirib ki, Ukrayna son dövrlərdə hücum strategiyasını genişləndirərək logistika xətlərini, yolları və körpüləri də hədəfə alır. Bu isə yalnız neft məhsullarının daşınmasını çətinləşdirmir, eyni zamanda zərər görmüş obyektlərin bərpası üçün zəruri avadanlıqların çatdırılmasına da maneələr yaradır.
Arzu Qazıyevanın sözlərinə görə, yanacaq təminatında yaranan problemlər Rusiya ordusunun logistikasına da mənfi təsir göstərə bilər. O hesab edir ki, neft emalı sahəsində yaranan çətinliklər son illərin ən ciddi enerji böhranlarından biri kimi qiymətləndirilə bilər.
Araşdırmaçı jurnalist bildirib ki, benzin qıtlığı Moskva və Sankt-Peterburq da daxil olmaqla bir sıra regionlarda hiss olunur. Onun sözlərinə görə, hava limanlarının yanacaq təminatında və kənd təsərrüfatı sektoruna çatdırılmalarda problemlər qeydə alınır ki, bu da iqtisadi fəaliyyətə əlavə təzyiq yaradır.
Arzu Qazıyeva qeyd edib ki, yanacaq qiymətlərində artım müşahidə olunur və bəzi yanacaqdoldurma məntəqələrində satışa məhdudiyyətlər tətbiq edilir. Hökumətin vəziyyəti sabitləşdirmək üçün atdığı addımların isə problemin köklü həllinə yetərli olub-olmayacağı hələlik sual altındadır.
Jurnalistin fikrincə, Ukraynanın enerji və logistika infrastrukturuna yönəlmiş hücumları davam etdiyi təqdirdə, Rusiyanın yanacaq bazarında gərginlik daha da arta bilər. O əlavə edib ki, bu prosesin yaxın aylarda həm iqtisadiyyata, həm də hərbi təminat sisteminə təsirlərinin daha qabarıq hiss olunacağı gözlənilir.
Vural









