media-0869478c9f2f72806a83d17136455c12-768x403

ABŞ və İran arasında iki gün davam edən danışıqlar başa çatıb və tərəflərin bir sıra məsələlər üzrə ilkin razılığa gəldiyi bildirilir.

ERAmedia xəbər verir ki, araşdırmaçı jurnalist Kənan Rövşənoğlu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, əldə olunan ilkin razılaşmaya əsasən, ABŞ İran neftinə tətbiq olunan sanksiyaları iki aylıq müddətə – avqustun 21-dək dayandırıb, eyni zamanda İranın dondurulmuş aktivlərinin ən azı bir hissəsinin azad olunmasına qərar verilib.

Jurnalist qeyd edib ki, bunun müqabilində Hörmüz boğazının açılması və İranın nüvə fəaliyyəti ilə bağlı beynəlxalq müfəttişlərin ölkəyə buraxılması nəzərdə tutulur. O vurğulayıb ki, bu hələ yekun saziş hesab edilə bilməz:

“Diplomatiyada belə bir qayda var ki, bütün bəndlər razılaşdırılmayıbsa, saziş də tam razılaşdırılmış sayılmır. Yekun sənədin 60 gün ərzində hazırlanacağı gözlənilir. Əks halda, əldə olunan razılaşmalar müvəqqəti xarakter daşıya bilər”.

Kənan Rövşənoğlunun fikrincə, danışıqlarda İranın ən çox önəm verdiyi məsələlərdən biri Livan olub. O hesab edir ki, Tehran Livandakı proseslərdən geri çəkiləcəyi təqdirdə müsəlman dünyasında nüfuzuna və Fələstin məsələsindəki mövqeyinə ciddi zərbə dəyə bilər. Məhz buna görə də İran nümayəndələri Livan mövzusunda xüsusi israr nümayiş etdiriblər.

Araşdırmaçı jurnalist bildirib ki, İsrailin Livan istiqamətində son hərbi əməliyyatları danışıqlar prosesinə təsir göstərmək məqsədi daşısa da, bu cəhdlər nəticə verməyib. Onun qənaətincə, Livan məsələsi ilə bağlı qərarlar artıq ABŞ-da ən yüksək səviyyədə qəbul olunub və İsrail Baş naziri Benyamin Netanyahunun bu istiqamətdə manevr imkanları məhduddur.

Rövşənoğlu hesab edir ki, ABŞ Prezidenti Donald Trampın son dövrlərdə Netanyahunun siyasətinə münasibətində müşahidə olunan dəyişiklik də Vaşinqtonun regionla bağlı yeni yanaşmasından xəbər verir. Onun sözlərinə görə, ABŞ rəhbərliyi Yaxın Şərqdə daha geniş strateji maraqları nəzərə almağa başlayıb.

Jurnalistin fikrincə, mövcud mərhələdə İranla razılaşmanın əldə olunması ehtimalı yüksəkdir və bütün maneələrə baxmayaraq proses davam edəcək. O hesab edir ki, regionda hərbi qarşıdurmanın bu mərhələsi artıq başa çatıb.

Kənan Rövşənoğlu əlavə edib ki, ABŞ bundan sonra Yaxın Şərq siyasətində iqtisadi və investisiya alətlərinə daha çox üstünlük verəcək. Onun sözlərinə görə, artıq İraqla yeni sərmayə müqavilələri imzalanıb, Suriya və İraqda Amerika investisiyalarının həcmi artırılır. Jurnalist hesab edir ki, Vaşinqton son 25 ildə hərbi gücə əsaslanan siyasətin Çin və Rusiya ilə rəqabətdə gözlənilən nəticələri vermədiyini anlayıb və yeni mərhələdə regionda iqtisadi rəqabət daha da güclənəcək.

Vural


media-adspc

Bənzər xəbərlər