Vespuççinin ölüm sirri 550 il sonra açıldı
Gözəlliyi ilə Sando Botiçelliyə məşhur “Venera” obrazını yaratmaqda ilham verən Simonetta Vespuççi ehtimal ki, əsrlər boyu düşünüldüyü kimi vərəm (çaxotka) xəstəliyindən deyil, nadir və ağır hipofiz şişindən vəfat edib.
ERAmedia xəbər verir ki, bu yeni araşdırma beynəlxalq alimlər qrupu tərəfindən aparılıb və nəticələr “Endocrinology, Diabetes & Metabolism jurnalında” dərc olunub.
Simonetta Vespuççi (doğum adı Kataneo) 28 yanvar 1453-cü ildə Liquriyada dünyaya gəlib və İntibah dövrünün ən heyranedici qadınlarından biri sayılırdı. Müasirləri onun təkcə gözəlliyini deyil, həm də zəkasını, təhsilini və mükəmməl davranışlarını yüksək qiymətləndirirdilər. Humanist Anjelo Politsiano onu “Bənzərsiz” adlandırırdı. O, nüfuzlu Mediçi ailəsinə yaxın idi və rəssam Sando Botiçelli üçün ilham mənbəyinə çevrilmişdi; sənətkar onu ən azı beş əsərində təsvir etmişdi.
2019-cu ildə tədqiqatçılar Simonettanın hipofiz adenomasından (beynin dibində yerləşən vəzinin xoşxassəli şiş) əziyyət çəkə biləcəyini irəli sürmüşdülər. İndi isə əlavə tarixi sənədlərin təhlili nəticəsində alimlər onun ölüm səbəbinin hipofiz apopleksiyası, şişin qəfil qanaması və ya sürətli böyüməsi nəticəsində yaranan həyati təhlükəli vəziyyət ola biləcəyini bildirirlər.
Araşdırmada əsas rol Piero Vespuççi ilə Lorenso de Mediçi arasında Simonettanın həyatının son günlərində yazışmalara verilib. Məktublardan məlum olur ki, bir bal zamanı Simonetta qəfil huşunu itirib. Bundan sonra o, qaranlıq otaqda saxlanılıb və güclü baş ağrıları, hallüsinasiyalar, qusma və yüksək hərarət kimi simptomlar yaşayıb. Alimlər bu əlamətlərin hipofiz şişinin sürətli inkişafına uyğun gəldiyini qeyd edirlər.
Tədqiqatçılar həmçinin onun məşhur rəsmlərdə təsvirinə də diqqət yetiriblər. Botiçellinin “Qadının alleqorik portreti” əsərində Simonetta uşağı olmadığı halda körpə əmizdirən kimi göstərilib. Müəlliflərin fikrincə, bu, xəstəliyin real simptomlarının sənətkar tərəfindən qeyri-iradi şəkildə əks olunması ola bilər. Bəzi hipofiz adenoması növləri prolaktin və böyümə hormonunun həddindən artıq ifrazına səbəb olaraq süd ifrazı və xarici görünüş dəyişiklikləri yarada bilər.
Hipotezi yoxlamaq üçün alimlər müasir texnologiyalardan da istifadə ediblər. Dərin öyrənmə əsaslı üz tanıma alqoritmi ilə Simonettanın beş məşhur portreti analiz edilib və nəticələr ehtimal olunan diaqnozla uyğunluq göstərib.
Əlavə olaraq, məşhur “Veneranın doğuluşu” əsərində Venusanın yüngül çəpgözlüyünün də diqqət çəkdiyi bildirilir. Tədqiqatçılar bunun da şişin görmə sinirlərinə təsiri ilə bağlı ola biləcəyini düşünürlər. Araşdırmanın rəhbəri Paolo Pozzilli növbəti elmi işin məhz bu xüsusiyyətə həsr olunacağını bildirib.
Əgər bu nəticələr təsdiqlənərsə, İntibah dövrünün ən məşhur gözəllərindən biri təkcə sənət tarixində deyil, həm də müasir tibbin süni intellekt və tarixi analiz vasitəsilə 500 ildən çox əvvəl yaşamış bir insana mümkün diaqnoz qoya bildiyinin nadir nümunəsinə çevriləcək.
Vüsalə









