Xalq artistinin ailə həyatının bilinməyən tərəfləri
Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndələrindən olan Xalq artisti Həsən Turabovun şəxsi həyatı da yaradıcılığı qədər maraqlı olub.
ERAmedia xəbər verir ki, sənətkarın həyat yoldaşı Solmaz xanımla tanışlığı məktəb illərinə təsadüf edib. Gənclər eyni təhsil ocağında oxuyarkən bir-birlərinə könül veriblər. Lakin onların ailə qurmaq arzusu əvvəlcə hər iki tərəfin ailələrinin etirazı ilə qarşılaşıb.
Müxtəlif səbəblərdən yaranan maneələrə baxmayaraq, cütlük münasibətlərini qoruyub saxlaya bilib. Nəticədə ailələrin razılığı əldə olunub və onlar nişanlanıblar. Ancaq sonradan yaranan fikir ayrılıqları münasibətləri yenidən çətin vəziyyətə salıb. Buna baxmayaraq, Həsən Turabov və Solmaz xanım sevgilərindən vaz keçməyərək birlikdə həyat qurmağa qərar veriblər.
Maraqlıdır ki, Solmaz xanım tanınmış Azərbaycan şairi Qasım bəy Zakirin nəslindən idi. İlk dövrlərdə aktyorla qaynatası arasında münasibətlər isti olmasa da, zaman keçdikcə Həsən Turabovun ailəyə göstərdiyi diqqət və ehtiram bu münasibətləri tamamilə dəyişib. Yaxınlarının sözlərinə görə, aktyor sonradan ailənin ən doğma üzvlərindən birinə çevrilib.
Sənətkarın həyat yoldaşına bağlılığı da hər zaman diqqət çəkib. Dostlarının xatirələrində qeyd olunur ki, səfərlərdə olarkən belə ailəsi ilə daim əlaqə saxlayan aktyor evdən uzaq qalmağa çətinliklə dözürdü. Həsən Turabovun ailəsinə olan sevgisi və qayğıkeş münasibəti onu həm sənətdə, həm də şəxsi həyatda nümunəvi insan kimi tanıdıb.
Uzun illər davam edən bu ailə birliyi qarşılıqlı hörmət, etibar və sədaqətin güclü nümunələrindən biri kimi yadda qalıb.
Vüsalə










