Xamneyinin dəfn tarixi açıqlandı – Məhdudiyyətlər tətbiq olunacaq
İranda mərhum lider Əli Xamneyinin dəfn mərasimləri ilə əlaqədar hava limanlarında uçuş məhdudiyyətləri tətbiq olunacaq.
ERAmedia xəbər verir ki, İran Mülki Aviasiya Təşkilatının yaydığı məlumata görə, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı həyata keçirdiyi hücumlar zamanı həyatını itirdiyi bildirilən İranın keçmiş lideri Əli Xamneyinin dəfn mərasimləri səbəbindən iyulun 4-dən 9-dək ölkənin bəzi hava limanlarında uçuşlara məhdudiyyət qoyulacaq.
Qurumun açıqlamasında bildirilib ki, qeyd olunan tarixlərdə Tehrandakı İmam Xomeyni Beynəlxalq Hava Limanı, Mehrabad Hava Limanı və Məşhəd şəhərindəki Məşhəd Hava Limanında uçuşların həyata keçirilməsinə məhdudiyyətlər tətbiq ediləcək.
Məlumata əsasən, iyulun 6-da Tehrandakı hava limanlarında məhdudiyyətlər daha da sərtləşdiriləcək. İyulun 9-da isə Məşhəd Hava Limanı tamamilə bağlanacaq və həmin gün sərnişin daşımaları həyata keçirilməyəcək.
Əli Xamneyi üçün ilk vida mərasimi iyulun 4-5-də Tehrandakı İmam Xomeyni məscidində keçiriləcək. İkinci mərasimin isə iyulun 6-da yenidən paytaxt Tehranda təşkil olunacağı bildirilib.
Daha sonra iyulun 7-də Qum şəhərində, iyulun 9-da isə Məşhəddə anım mərasimləri keçiriləcək. Xamneyi Məşhəd şəhərində yerləşən İmam Rza türbəsinin ərazisində onun üçün xüsusi hazırlanmış sahədə dəfn olunacaq.
Vural









