Yeni qanun layihəsi ictimai müzakirəyə çıxarıldı
Uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi ilə bağlı yeni qanun layihəsi ictimai müzakirəyə çıxarılıb.
ERAmedia xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bununla bağlı fikirlərini bölüşərək, uşaqların təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb, eyni zamanda bəzi məqamların geniş müzakirəyə ehtiyac duyduğunu bildirib.
Layihəyə əsasən, 16 yaşadək uşaqlar üçün müəyyən sosial platformalarda hesab açılması qadağan olunur. 16-18 yaş qrupu üçün isə valideyn razılığı və valideyn nəzarəti nəzərdə tutulur.
Osman Gündüz qeyd edib ki, müasir dövrdə sosial platformalar yalnız əyləncə vasitəsi deyil. Onun sözlərinə görə, milyonlarla uşaq və gənc məhz bu platformalar vasitəsilə proqramlaşdırma öyrənir, süni intellekt alətlərindən istifadə edir, xarici universitetlərə hazırlaşır, beynəlxalq olimpiadalara qoşulur, peşəkar icmalarda fəaliyyət göstərir və gələcək karyerasını formalaşdırır.
“Bu gün ölkələrin rəqabət qabiliyyəti də böyük ölçüdə gənclərin qlobal bilik və resurslara çıxış imkanlarından asılıdır”, – deyə o bildirib.
Ekspert məsələ ilə bağlı valideynlərə iki sual ünvanlayıb.
Birinci vəziyyətlə bağlı o, belə bir nümunə təqdim edib: “Təsəvvür edin ki, 15 yaşlı övladınız proqramlaşdırma öyrənir, olimpiadalara hazırlaşır, əlavə bilik və bacarıqlar əldə etməyə çalışır və xarici universitetə qəbul olmaq istəyir. Bu məqsədlə YouTube, Telegram, Facebook, LinkedIn və digər platformalarda peşəkar icmalarda iştirak edir. O sizə bildirir ki, həmin platformalarda onun gələcəyi üçün vacib olan dərslər, təlimlər və faydalı resurslar yerləşdirilib. Belə olan halda ona icazə verərdinizmi? Halbuki qanun qəbul edilərsə, bu imkanlar məhdudlaşdırıla bilər”.
İkinci vəziyyət isə 17 yaşlı gənclərlə bağlıdır. Osman Gündüz bildirib ki, bu yaşda olan gənclərin bir qismi artıq tələbədir, süni intellektdən istifadə edir, proqramlaşdırma ilə məşğul olur, beynəlxalq layihələrdə iştirak edir, startap qurur və xarici universitetlərə hazırlaşır.
“Yeni qanunun məntiqinə görə onların sosial platformalardan istifadəsi valideyn razılığı və nəzarəti altında olmalıdır. Bu halda valideynlər özlərini necə hiss edərlər? 17 yaşlı övladlarının faydalı resurslara, peşəkar icmalara və təhsil platformalarına çıxışı üçün hər an, hətta xaricdə olduqları zaman belə valideyn razılığına ehtiyac duyması nə dərəcədə məqbuldur?” – deyə o sual edib.
Azərbaycan İnternet Forumunun rəhbəri hesab edir ki, bu məsələdə uşaqların təhlükəsizliyi ilə yanaşı, onların təhsil, inkişaf və qlobal bilik resurslarına çıxış imkanları arasında balansın qorunması xüsusi əhəmiyyət daşıyır. O, 17 yaşlı gənclərin hansı rəqəmsal resurslardan istifadə etməsinə valideynlərin qərar verməsinin nə dərəcədə doğru olduğu barədə ictimai müzakirələrin aparılmasının vacibliyini vurğulayıb.
Vüsalə









