media-whatsapp-image-2026-08-17-at-10-43-50

1990-cı ildə çəkilmiş və sonradan beynəlxalq mediada “106 yaşlı erməni qadın evini AKM ilə qoruyur” təqdimatı ilə yayılan məşhur foto ilə bağlı yeni faktlar açıqlanıb.

Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, uzun illərdir sosial mediada yayılan bu fotonun təqdimatı ilə onun real tarixçəsi arasında ciddi fərqlər var.

Zaur Əliyevin sözlərinə görə, fotonun müəllifi İranda anadan olmuş erməni əsilli fotoqraf Armine Yohannesindir və foto 1990-cı ildə çəkilib. Foto sonradan “A 106-year-old Armenian woman protecting her home with an AKM” (“Evini AKM ilə qoruyan 106 yaşlı erməni qadın”) başlığı ilə tanınıb və 2017-ci ildə Magnum Photography Awards çərçivəsində mükafatlandırılıb.

Alimin iddiasına əsasən, fotoda təsvir olunan qadının adı Sima Dədəyandır, bəzi mənbələrdə isə onun adı Sima Arakelyan kimi göstərilir. Lakin onun foto çəkilən zaman 106 deyil, 81 yaşında olduğu bildirilir.

Zaur Əliyev qeyd edib ki, qadının silahlı döyüşçü olması barədə formalaşdırılan təsəvvür də həqiqəti əks etdirmir. Onun sözlərinə görə, fotoqraf kəndə gəldikdə yaşlı qadını evinin qarşısında görüb və daha təsirli görüntü əldə etmək məqsədilə yaxınlıqdakı müdafiəçilərdən birinin avtomatını götürərək qadının əlinə verib.

Zaur Əliyev hesab edir ki, sonrakı illərdə foto müxtəlif media və sosial şəbəkə platformalarında elə təqdim olunub ki, tamaşaçıda qadının real döyüşçü olduğu və evinin qarşısında silahlı postda dayandığı təsəvvürü yaranıb.

Onun sözlərinə görə, fotonun tarixçəsi ilə bağlı daha maraqlı məqamlardan biri qadının fotoqrafla ünsiyyəti olub. Fotoqraf onunla erməni dilində danışmağa çalışsa da, Sima Dədəyənin Azərbaycan dilində cavab verdiyi bildirilir. Zaur Əliyev bunu bölgədə yaşayan yerli ermənilərin dil və sosial-mədəni xüsusiyyətləri ilə bağlı ayrıca araşdırma mövzusu kimi qiymətləndirir.

Zaur Əliyevin diqqət çəkdiyi digər məqam fotonun çəkildiyi yaşayış məntəqəsinin hərbi vəziyyətidir. Onun sözlərinə görə, həmin kənd Qarabağ münaqişəsinin döyüş bölgəsinə yaxın olsa da, kəndin özündə nə Birinci, nə də İkinci Qarabağ müharibəsi zamanı döyüşlərin getdiyinə dair fakt yoxdur.

Bu səbəbdən, alimin fikrincə, fotonun “qadın kəndini düşməndən qoruyur” kontekstində təqdim edilməsi hadisənin real şəraiti barədə yanlış təsəvvür yarada bilər.

Zaur Əliyev bildirir ki, bəzi erməni mənbələrində və 1990-cı illərə aid materiallarda qadının sonrakı taleyi barədə fərqli məlumatlara rast gəlmək mümkündür. Onun sözlərinə görə, Sima Dədəyən ailəsi və nəvələri ilə birlikdə yaşayıb və onun “tənha yaşlı qadın” kimi təqdim olunması da reallığı tam əks etdirmir.

Alimin istinad etdiyi məlumatlara əsasən, qadının nəvəsi sonradan verdiyi açıqlamada fotoqraf kəndə gələndə nənəsinin evin qarşısında oturduğunu və daha təsirli kadr əldə etmək üçün yaxınlıqdakı kənd müdafiəçilərindən birinin avtomatının onun qucağına qoyulduğunu bildirib.

Zaur Əliyev bu məlumatların “Hayastani Hanrapetutyun” qəzeti və Mediamax kimi erməni media resurslarında yayılan materiallarla müqayisəli şəkildə araşdırılmasının mümkün olduğunu deyib.

Zaur Əliyevin fikrincə, sözügedən foto illər ərzində ilkin çəkiliş şəraitindən uzaqlaşdırılaraq emosional təbliğat materialına çevrilib. O hesab edir ki, tarixi fotoların yalnız üzərində yazılan başlıqlara əsasən deyil, onların çəkilmə şəraiti, müəllifin fəaliyyəti və sonrakı media təqdimatı ilə birlikdə araşdırılması vacibdir.

“Erməni təbliğat maşınının illər ərzində yaydığı məlumatların hamısının olduğu kimi qəbul edilməsi doğru deyil. Arxiv materialları, dövrün mətbuatı və fotoşəkillərin ilkin tarixçəsi araşdırıldıqda bir sıra iddiaların başqa cür olduğu üzə çıxa bilər”, – deyə Zaur Əliyev bildirib.

O vurğulayıb ki, bu cür materialların ifşasında məqsəd yalnız bir fotoşəkilin tarixçəsini ortaya qoymaq deyil, həm də tarixi hadisələr haqqında formalaşdırılmış stereotiplərin sənədlər və ilkin mənbələr əsasında yoxlanılmasının vacibliyini göstərməkdir.

Zaur Əliyevin sözlərinə görə, sosial medianın sürətli informasiya dövriyyəsi dövründə illər əvvəl yaradılmış yanlış təsəvvürlərin aradan qaldırılması üçün faktların sistemli şəkildə araşdırılması və cəmiyyətə təqdim edilməsi xüsusi əhəmiyyət daşıyır.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər