Həsrət - İbrahim Nəbioğlu yazır...
Xorxe Luis Borxes həsrəti təsvir etmək istəyir. Marsel Prustun bu sözlərini xatırlayır: “Bir yerin həsrətini çəkirik. Həqiqətdə isə o yerdə olduğumuz zaman dilimini axtarırıq”.
Borxes bu fikri bir cümləlik hökmə çevirir: “Yerlərin deyil, zamanların həsrətini çəkirik”.
İnsan yaddaşı həsrəti məkana bağlamağa meyllidir: uşaqlıq evi, köhnə küçə, bir şəhər, bir otaq, bir bağ. Bizə elə gəlir ki, həmin yerə qayıtsaq, itirdiyimiz nəsə geri qayıdacaq. Halbuki qayıdanda çox vaxt qəribə bir yadlıqla qarşılaşırıq. Küçə yerindədir, ev də bəlkə dəyişməyib, ağaclar hətta böyüyüb. Amma axtardığımız orada deyil.
Çünki axtardığımız məkan deyil, o məkanda yaşadığımız zamandır. Daha dəqiq desək, həmin zamandakı özümüzük.
Həsrətin faciəsi də bəlkə elə buradan başlayır. Məkan prinsipcə geri dönülə biləndir. Bakıya, İncə Dərəsinə, Fatmayıya, doğulduğun məhləyə, ata evinə qayıtmaq mümkündür. Zamana isə qayıtmaq mümkün deyil. İnsan qayıda biləcəyi yer vasitəsilə qayıda bilməyəcəyi zamana çatmaq istəyir.
Bəlkə köhnə yerlərə qayıdarkən keçirdiyimiz o anlaşılmaz kədər də buradan gəlir. Yer bizə vəd verir, amma vədini yerinə yetirə bilmir. Qapı eyni qapıdır, pəncərədən düşən işıq bəlkə də eyni bucaq altındadır, küçənin döngəsi də əvvəlki kimidir. Ancaq o qapını açan adam artıq yoxdur, hətta o adam biz özümüz olmuşuqsa belə.
Borxesin cümləsini bir qədər də irəli aparanda həsrətin ən ağır tərəfi görünür: insan keçmişdəki insanları və yerləri deyil, onlarla birlikdə mümkün olmuş öz varlığının bir formasını itirir. Uşaqlıq evinin həsrəti evin həsrəti deyil; o evdə hələ həyatda olan insanların, baş verməmiş ayrılıqların, qarşıda sonsuz görünən həyatın və bütün bunların içində yaşayan əvvəlki “mən”in həsrətidir.
Ona görə də bəzi yerlərə qayıtmaq təsəlli vermir. Əksinə, itkini daha görünən edir. Yaddaşın içində zamanla məkan bir-birinə yapışmışdı; qayıdış onları ayırır. Məkanı tapırıq. Zamanı tapa bilmirik.
Və bəlkə həsrət elə bu iki şey arasındakı məsafənin adıdır.
***
XX əsr dünya ədəbiyyatının ən böyük yazıçılarından, ədəbiyyatın zaman, yaddaş, sonsuzluq və gerçəklik haqqında düşüncə sərhədlərini dəyişdirən dahi Xorxe Luis Borxesin (1899 – 1986) doğum günüdür.










