ABŞ-dan Körfəz qərarı: Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturası formalaşır - TƏHLİL
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) İranla müharibənin başa çatmasından sonra Körfəz bölgəsindəki ABŞ hərbi varlığını azaltmağı nəzərdən keçirdiyi iddia olunur.
ERAmedia-nın məlumatına görə, “Washington Post” (WP) qəzeti mövzu ilə bağlı ABŞ rəsmiləri və digər ekspertlər də daxil olmaqla 8 mənbəyə istinadən yazıb ki, Pentaqon Körfəzdəki hərbi mövcudluğunun azaldılması imkanlarını nəzərdən keçirir.
Pentaqonun siyasət ofisi tərəfindən hazırlanan və hələ rəsmi araşdırma mərhələsinə çatmayan təhlildə İranla müharibənin başa çatmasından sonra müxtəlif Körfəz ölkələrinə yayılmış ABŞ hərbi qüvvələrinin azaldılması ilə bağlı mümkün ssenarilər araşdırılır.
ABŞ Baş Qərargahı və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da sözügedən prosesi yaxından izləyir. CENTCOM-un komandanı admiral Brad Kooperin də bu prosesi şəxsən izlədiyi bildirilir.
ABŞ rəsmilərindən biri bildirib ki, müzakirələrdə iştirak edən Cooper ABŞ qoşunlarının Fars körfəzindən qərbə doğru yerləşdirilməsi ehtimalı ilə bağlı müzakirələri dəstəkləyir.
ABŞ rəsmiləri qeyd ediblər ki, sözügedən təhlilin Pentaqonun rəsmi siyasətinə çevrilməsi üçün əvvəlcə yuxarı instansiyalardan təsdiq alması tələb olunur. Onların sözlərinə görə, hazırda bu, ilkin araşdırma mərhələsindədir.
Məlumata görə, Pentaqonun nəzərdən keçirdiyi əsas məsələlərdən biri ABŞ-ın aylarla davam edən İran hücumları nəticəsində ciddi zərər görmüş Fars körfəzindəki hərbi bazalarından qoşunların çıxarılıb-çıxarılmamasıdır.
Digər mühüm məsələ isə bölgədə zərər görmüş ABŞ hərbi bazalarının yenidən tikilib-tikilməyəcəyidir.
Yaxın Şərqdə ABŞ-ın hərbi əməliyyatlarına rəhbərlik edən CENTCOM-un komandanlığı altında İordaniyadan Omana qədər uzanan ərazidə yerləşən təxminən 20 hərbi bazada 40 minə yaxın ABŞ hərbçisi xidmət edir.
ABŞ-ın İranla müharibədən sonra Körfəz bölgəsindəki hərbi varlığını azaltma ehtimalı Yaxın Şərqdə qüvvələr balansının yenidən formalaşması baxımından mühüm siqnaldır. Əgər bu plan reallaşarsa, Vaşinqtonun regionda uzunmüddətli hərbi iştirak modelinə yenidən baxdığını göstərər.
Burada əsas məsələ təkcə qoşunların sayının azaldılması deyil, ABŞ-ın hərbi bazalarının gələcək statusudur. İranla qarşıdurma zamanı bazalara dəyən zərərin miqyası Vaşinqtonu həm təhlükəsizlik, həm də maliyyə baxımından yeni hesablamalar aparmağa məcbur edə bilər. Zədələnmiş infrastrukturun bərpasına böyük vəsait ayırmaq əvəzinə qüvvələrin bir hissəsinin daha təhlükəsiz ərazilərə çəkilməsi alternativ variant kimi nəzərdən keçirilə bilər.
ABŞ hərbi qüvvələrinin Körfəzdən qərbə doğru yerləşdirilməsi regiondakı müttəfiqlər üçün də ciddi siyasi mesaj olardı. Belə addım Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər Körfəz ölkələrinin öz təhlükəsizlik imkanlarını artırmasını sürətləndirə bilər. Eyni zamanda, İran üçün bu, ABŞ-ın regiondakı birbaşa hərbi təzyiq imkanlarının müəyyən qədər zəifləməsi kimi qiymətləndirilə bilər.
Lakin bu, Vaşinqtonun Yaxın Şərqdən tamamilə çəkilməsi anlamına gəlmir. ABŞ üçün regionun enerji təhlükəsizliyi, İsrailin təhlükəsizliyi və dəniz yollarının qorunması hələ də strateji əhəmiyyət daşıyır. Buna görə də mümkün dəyişiklik daha çox hərbi iştirakın formasının və coğrafiyasının dəyişdirilməsi kimi qiymətləndirilməlidir.
Nəticə etibarilə, Pentaqonun müzakirə etdiyi variantlar reallaşarsa, Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının formalaşması üçün zəmin yarana bilər. ABŞ-ın hərbi varlığını azaltması isə region dövlətlərini daha çox məsuliyyət götürməyə və təhlükəsizlik siyasətlərini yenidən nəzərdən keçirməyə sövq edə bilər.
ERAmedia Analitik Qrupu










