media-whatsapp-image-2026-02-18-at-12-36-40-1

 

Qəbələ rayonu, Əmirvan kəndi eramızdan öncə qədim Albaniya dövlətinin tərkibində olub. Kəndin adı “Əmir obası, yurdu” mənasını verir. Kənd adının sonunda olan “-van” sözü qədim Albaniya dövründən işlədilmiş sözdür və “-stan” sözü ilə oxşar məna daşıyır.

Rusiya işğalı dövründə burada kiçik bir erməni ailəsi yaşayıb və onlar, öz xislətlərinə uyğun olaraq, Alban memarlığını və ənənələrini dərhal öz adlarına çıxarmağa başlayıblar. Eləcə də, orada olan qədim xristian xaç formalı məzar daşlarını “qədim erməni” məzarları kimi təqdim etməyə cəhd edirlər.

İndi isə gəlin bu məzar daşının üzərində olan simvollara nəzər yetirək.

Daşın üzərində dörd ədəd dairəvi çərçivəyə alınmış xaç təsviri var. Qeyd edim ki, xristianlıqdan əvvəlki dövrlərdə türk inancında bu tip “təkərvari xaçlar” Günəşi və həyat dövrünü təmsil edirdi. Xristianlıq yayıldıqca bu qədim formalar dini simvollara çevrildi.

Xaçların qollarının mərkəzdən kənara doğru genişlənməsi Albaniyanın memarlıq abidələrində və daş kitabələrində Mingəçevir kilsə kompleksi, Ləkit məbədi və s. tez-tez görünən bir formadır.

Dairə daxilindəki dördqollu simvol qədim türk inancında Günəşi, dünyanı və dörd istiqaməti təmsil edir. Hunlar, Göytürklər və Xəzərlər dövründə bu simvol taleyin çarxı və kainatın nizamı kimi qəbul edilirdi.

Əlbəttə, ermənilər bu simvolların onlara məxsus olmadığını yaxşı bilirlər. Çünki bu məzar daşı ermənilərə aid olsaydı, çoxdan onu oradan aparıb muzeylərində qədim “erməni” abidəsi kimi təqdim edərdilər. Lakin onlar anlayırlar ki, dünyada peşəkar alimlər var və muzeydə bunu görsələr, dərhal daşın qədim türk simvolları daşıdığını müəyyən edərlər.

Ermənilər bilirlər ki, Alban xaçlarının uclarının genişlənməsi və dairə daxilində yerləşməsi türk simvolikası olan dağ çiçəyi və ya günəş motivlərini xatırladır. Ona görə də açıq iddia etməkdən çəkinirlər. Türklər öz damğalarını müqəddəs saydıqları üçün onları qəbir daşlarına, qayalara və məişət əşyalarına həkk edirdilər.

Epiqrafik abidələri tədqiq edənlər yazırlar ki, islamdan öncə türklər ölülərini dəfn edərkən baş tərəfinə belə nişanə daşları qoyurdular. Bu ənənə sonradan xristian və islam dövrlərində də formasını dəyişərək davam etmişdir.

Böyük ehtimalla bu məzar daşı Albaniya dövründə xristianlığı qəbul etmiş şəxsə aiddir. Onun etnik kimliyini isə simvolun həm xristian xaçını, həm də qədim türk günəş simvolunu eyni anda ifadə etməsi göstərir. Bu, din dəyişsə də, mədəni yaddaşın qalması kimi qəbul edilə bilər.

Daşın forması diqqətlə baxdıqda insan çiynini və başını xatırladır. Bu isə qədim “balbal” — türk heykəl-qəbir daşları ənənəsini xatırladır, lakin dövrün inancına uyğunlaşdırılıb.

Bu tip dairəvi xaçlar Qəbələdəki qədim məbədlərin divarlarındakı oymalarla eynilik təşkil edir. Diqqətlə baxdıqda xaçların qolları arasındakı boşluqlar bəzən at nalına bənzəyir. Bu isə türk tayfalarının simvollarından biri hesab olunur və tarixçi-epiqrafistlər tərəfindən qeyd edilir.

Azərbaycanın bütün bölgələrində bu cür abidələr yüzlərlə, minlərlədir. Sadəcə gedib görmək və yazmaq lazımdır.

Zaur Əliyev


media-adspc

Bənzər xəbərlər