Avropa İttifaqı Ukrayna və Moldovaya 153 milyon avro yardım ayırdı
Avropa Komissiyası Rusiyanın enerji infrastrukturuna hücumları nəticəsində ağır qış şəraiti ilə üzləşən Ukraynaya, eləcə də ukraynalı qaçqınları qəbul edən Moldovaya ümumilikdə 153 milyon avro məbləğində təcili humanitar yardım ayrıldığını elan edib.
ERAmedia xəbər verir ki, bu barədə Avropa Komissiyasının yazılı məlumatında bildirilib.
Məlumata görə, təxirəsalınmaz ehtiyacların qarşılanması məqsədilə 145 milyon avro Ukraynaya humanitar yardım üçün, 8 milyon avro isə Ukraynadan olan qaçqınların yerləşdirildiyi Moldovada humanitar proqramların maliyyələşdirilməsinə yönəldiləcək.
Məlumatda qeyd olunur ki, böhranlara hazırlıq və böhranların idarə olunması üzrə Avropa komissarı, eyni zamanda bərabərlik məsələləri üzrə komissar Adja Lyabib genişmiqyaslı münaqişənin beşinci ilinə daxil olunması fonunda milyonlarla ukraynalının elektrik enerjisi və istilik olmadan şaxtalı şəraitdə yaşadığını, ən əsas yaşayış vasitələrindən məhrum qaldığını vurğulayıb.
O bildirib ki, Avropa İttifaqının Ukrayna ilə həmrəyliyi sadəcə bir şüar deyil, yerindəki real ehtiyaclara uyğun olaraq göstərilən etibarlı və davamlı dəstəkdir.
Məlumata görə, 2022-ci ilin fevralından bu yana Avropa Komissiyası Ukrayna və Moldovada humanitar proqramlara 1,4 milyard avrodan çox, Ukraynanın enerji təhlükəsizliyinin təmininə isə 3 milyard avro ayırıb.
Ümumilikdə isə Rusiya–Ukrayna münaqişəsinin başlanmasından etibarən Avropa İttifaqının Ukraynaya göstərdiyi ümumi dəstəyin həcmi 193,3 milyard avroya çatıb.
Mələk Onur









