media-6a6b196e67b426a6b196e67b4317854037586a6b196e67b406a6b196e67b41

Yunanıstanın Krit adasında geniş ərazini əhatə edən meşə yanğınları ikinci gündür davam edir. Güclü külək və yüksək temperatur alovun nəzarət altına alınmasını çətinləşdirir.

ERAmedia xəbər verir ki, yanğınların söndürülməsi zamanı Krit adasında 2 yanğınsöndürən, Peloponnes bölgəsində isə daha 1 yanğınsöndürən həlak olub. Daha 2 yanğınsöndürən yüngül xəsarət alıb.

Hazırda Kritdə 200-dən çox yanğınsöndürən, onlarla xüsusi texnika və yanğınsöndürmə təyyarəsi alovun qarşısını almağa çalışır. Lakin güclü külək havadan aparılan əməliyyatların effektivliyini azaldır və yanğının yeni ərazilərə yayılmasına səbəb olur.

Yanğınlar nəticəsində yaşayış evləri, anbarlar, zeytun bağları və kənd təsərrüfatı sahələri zərər görüb. Təhlükəsizlik məqsədilə yüzlərlə yerli sakin və turist təxliyə edilib.

Yunanıstanın Mülki Müdafiə Xidməti ölkənin bir sıra bölgələrində yanğın təhlükəsinin yüksək səviyyədə qaldığını bildirib. Hakimiyyət orqanları əhalini mülki müdafiə xidmətinin göstərişlərinə əməl etməyə və riskli ərazilərdən uzaq durmağa çağırıb.

Mütəxəssislər bildirirlər ki, Aralıq dənizi regionunda müşahidə olunan ekstremal istilər, uzunmüddətli quraqlıq və güclü küləklər meşə yanğınlarının daha sürətlə yayılmasına səbəb olur.

Son günlər Fransa, İspaniya və Yunanıstanda eyni vaxtda baş verən iri yanğınlar Avropada fövqəladə xidmətlərin fəaliyyətini daha da çətinləşdirib.

Qeyd edək ki, Avropa Komissiyasının Fövqəladə Halların Koordinasiya Mərkəzi yaxın günlərdə xüsusilə Yunanıstan və İtaliyada meşə yanğınları riskinin daha da artacağı barədə xəbərdarlıq edib.


media-adspc

Bənzər xəbərlər