media-baki_hava2png-1636713900

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi son qərar Azərbaycanda hüquqşünaslar və ekspertlər arasında geniş müzakirələrə səbəb olub.

Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli məsələ ilə bağlı ERAmedia-ya açıqlamasında bildirib ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” iş üzrə 2016-cı il Aprel döyüşləri ilə bağlı erməni hərbçinin ailəsinin şikayətinin qismən təmin edilməsi və Ermənistanın işğal rejiminin nəzarəti altında olan ərazilərdə baş verənlərə görə Azərbaycan dövlətinin ittiham edilməsi və cərimələnməsi barədə 2026-cı il 18 iyun tarixli qərarı, bir tərəfdən İnsan hüquqları Konvensiyasına, digər tərəfdən isə Avropa Məhkəməsinin presedent hüququna zidd olan ədalətsiz və qərəzli qərardır.

Onun sözlərinə görə, Azərbaycan dövləti bu qərarın ləğvi üçün Konvensiyanın verdiyi bütün mümkün hüquqi və prosessual vasitələrdən istifadə etməli, o cümlədən Strasburq Məhkəməsinin Böyük Palatasına şikayət imkanlarını nəzərdən keçirməlidir.

Q. Əlibəyli qeyd edib ki, məhkəmənin bu qərarı ölkə ictimaiyyətində, hüquqi və ekspert dairələrində beynəlxalq, xüsusən də Avropa qurumlarının, o cümlədən Avropa Məhkəməsinin Azərbaycana münasibətdə nə dərəcədə obyektiv olması ilə yanaşı, ölkəmizin Ermənistana qarşı beynəlxalq məhkəmə iddialarını daha fəal şəkildə davam etdirib-etdirməməsi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.

Sabiq deputat xatırladıb ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad etdikdən sonra Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın uzun illər davam etmiş işğal siyasəti, etnik təmizləmə, insan hüquqlarının pozulması və maddi-mədəni irsin məhv edilməsi ilə əlaqədar iddialar qaldırıb. Eyni zamanda Ermənistan da Azərbaycana qarşı iddialarla çıxış edib. Lakin sülh danışıqlarının gedişində hər iki dövlət beynəlxalq instansiyalarda qarşılıqlı iddialar üzrə prosessual hərəkətləri dayandırmaq barədə ümumi razılığa gəlib. Onun fikrincə, Avropa Məhkəməsinin son qərarı bu razılığın üzərinə kölgə salıb və Ermənistana bir dövlət kimi inam və etibar məsələsini yenidən gündəmə gətirib.

Qulamhüseyn Əlibəyli hesab edir ki, bu baxımdan Azərbaycanın Ermənistana qarşı beynəlxalq məhkəmə iddialarını yenidən və fəal şəkildə davam etdirməsi məqsədəuyğundur. Onun sözlərinə görə, bu məsələ yalnız son qərarlara verilən emosional reaksiya kimi deyil, Azərbaycanın uzunmüddətli milli maraqlarına xidmət edən strateji siyasət kimi qiymətləndirilməlidir.

“Azərbaycan artıq müharibənin hərbi mərhələsini qalibiyyətlə başa vurub. Azərbaycanın əldə etdiyi hərbi-siyasi qələbə ölkənin ərazi bütövlüyünün bərpasını təmin etsə də, münaqişənin hüquqi nəticələri hələ tam aradan qaldırılmayıb, təcavüzkar dövlətin beynəlxalq-hüquqi məsuliyyət məsələsi isə öz həllini tapmayıb. Başqa sözlə, müharibələr yalnız döyüş meydanında deyil, sonrakı illərdə məhkəmə zallarında, diplomatik platformalarda və beynəlxalq təşkilatlarda da davam edir. Adətən postmüharibə dövrü geosiyasi, diplomatik və hüquqi mübarizə mərhələsi hesab olunur. Bu mərhələdə beynəlxalq qurumlarda, o cümlədən məhkəmələrdə fəallığın artırılması həm tarixi həqiqətlərin təsdiqi, həm Ermənistanın məsuliyyətinin beynəlxalq səviyyədə tanınması, həm də gələcək sülh prosesinin daha möhkəm hüquqi təməl üzərində qurulması baxımından mühüm əhəmiyyət kəsb edir”, – deyə o bildirib.

Sabiq deputatın fikrincə, işğal dövründə Ermənistanın törətdiyi əməllərin beynəlxalq hüquqi müstəvidə sənədləşdirilməsi və hüquqi məsuliyyət məsələsinin gündəmdə saxlanılması postmüharibə dövründə dövlət fəaliyyətinin prioritet istiqamətlərindən biri olmalıdır.

“Əgər Azərbaycan beynəlxalq aləmdə, o cümlədən məhkəmə instansiyalarında öz hüquqi arqumentlərini sistemli şəkildə müdafiə etməsə, zaman keçdikcə beynəlxalq ictimai rəydə hadisələrin erməni interpretasiyasına uyğun təhrif olunmuş versiyası formalaşa bilər. Bu isə gələcək nəsillər üçün tarixi və hüquqi həqiqətlərin zəifləməsi, problemin gələcək nəsillərə saxlanması riskini yaradar”, – deyə Q. Əlibəyli vurğulayıb.

O bildirib ki, Azərbaycanın əlində kifayət qədər sanballı və ciddi hüquqi arqumentlər mövcuddur. Onun sözlərinə görə, ən ciddi arqument BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən təxminən otuz il işğal altında saxlanılması kimi beynəlxalq hüququn fundamental prinsiplərinin pozulması faktıdır.

Qulamhüseyn Əlibəyli qeyd edib ki, bu müddət ərzində yüz minlərlə insan öz doğma torpaqlarından məcburi köçkün düşüb, yaşayış məntəqələri dağıdılıb, tarixi və dini abidələr məhv edilib, təbii sərvətlər qanunsuz istismar olunub, soyqırımı, ekosid kimi çoxsaylı beynəlxalq xarakterli cinayətlər törədilib. Onun fikrincə, bunları nəzərə almaqla Azərbaycan beynəlxalq məhkəmə platformalarında Ermənistana qarşı məcburi köçkünlərin hüquqlarının pozulması, etnik təmizləmə, mədəni irsin məhv edilməsi, ekoloji zərərlər və təbii sərvətlərdən qanunsuz istifadə, işğal olunmuş ərazilərdə milyonlarla minanın basdırılması nəticəsində insan hüquqlarının pozulması, iqtisadi itkilər və kompensasiya tələbləri ilə əlaqədar iddialar irəli sürə bilər.

Sabiq deputat əlavə edib ki, bu məsələlərin əksəriyyəti artıq müxtəlif beynəlxalq hüquqi platformalarda, o cümlədən məhkəmə instansiyalarında bu və ya digər dərəcədə müzakirə predmetinə çevrilib və Azərbaycanın mövqeyi üçün kifayət qədər geniş sübut bazası formalaşıb. Onun qənaətincə, Avropa Məhkəməsinin son qərarı fonunda birinci və ikinci Qarabağ müharibəsi zamanı həlak olmuş mülki və hərbi şəxslərin yaşamaq hüququnun pozulması ilə bağlı da yeni çoxsaylı iddia tələbləri irəli sürülə bilər.

Q. Əlibəyli vurğulayıb ki, beynəlxalq məhkəmələrin fəaliyyətinə yalnız hüquqi deyil, həm də siyasi aspektdən yanaşmaq lazımdır.

“Yəni müasir beynəlxalq münasibətlər sistemində məhkəmə qərarları mühüm siyasi təsir vasitələrindən biri hesab olunur. Beynəlxalq məhkəmələrdə əldə olunan nəticələr dövlətlərin beynəlxalq imicinə, diplomatik mövqelərinə və gələcək siyasi proseslərə əhəmiyyətli dərəcədə təsir göstərə bilir. Məhz buna görə Ermənistan uzun illər ərzində beynəlxalq hüquqi mexanizmlərdən aktiv şəkildə istifadə etməyə çalışıb”, – deyə o bildirib.

Sonda sabiq deputat qeyd edib ki, Avropa Məhkəməsinin son qərarı bir daha göstərdi ki, beynəlxalq hüquqi müstəvidə passivlik gələcəkdə siyasi və informasiya müharibəsində mövqelərin zəifləməsinə səbəb ola bilər.

“Bu səbəbdən Azərbaycan həm Avropa İnsan Haqları Məhkəməsi, həm də Beynəlxalq Ədalət Məhkəməsi daxil olmaqla bütün beynəlxalq hüquqi platformalarda hücum və müdafiə elementlərini özündə birləşdirən kompleks hüquqi strategiya həyata keçirməlidir. Bu strategiyanın əsas məqsədi yalnız hüquqi qələbələr deyil, işğalın nəticələrinin beynəlxalq səviyyədə tanınması, Ermənistanın məsuliyyətinin rəsmiləşdirilməsi və Azərbaycanın siyasi mövqeyinin möhkəmləndirilməsi olmalıdır. Bütün bunları nəzərə almaqla Azərbaycanın beynəlxalq hüquqi platformalarda, o cümlədən məhkəmə instansiyalarında fəaliyyətini davam etdirməsi, mövcud iddiaları daha sistemli şəkildə irəli aparması və yeni iddialar qaldırması strateji baxımdan düzgün və zəruri yanaşma hesab edilməlidir”, – deyə Qulamhüseyn Əlibəyli vurğulayıb.


media-adspc

Bənzər xəbərlər