Azərbaycanın inkişaf strategiyası ictimai etimadla möhkəmlənir
Siyasi etimad vətəndaşların siyasi aktorlara münasibətini əks etdirən ən mühüm göstəricilərdən biridir və demokratik idarəetmənin səmərəliliyinə birbaşa təsir göstərir.
ERAmedia xəbər verir ki, bunu politoloq Şəbnəm Həsənova bildirib.
Şəbnəm Həsənovanın sözlərinə görə, Prezident İlham Əliyevin şəxsi və peşəkar fəaliyyəti, həyata keçirdiyi siyasətin təkcə lokal deyil, qlobal əhəmiyyət daşıması dövlət başçısına olan siyasi etimadın yüksək səviyyəsini aydın şəkildə nümayiş etdirir.
Politoloqun fikrincə, müxtəlif qiymətləndirmə meyarları və ictimai rəy göstəriciləri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin Azərbaycan cəmiyyəti tərəfindən yüksək dəyərləndirildiyini təsdiqləyir. O qeyd edib ki, dövlət başçısının mürəkkəb geosiyasi prosesləri uğurla idarə etməsi, çətin situasiyalarda rasional həll yolları tapması və qarşılıqlı maraqları uzlaşdıran qərarlar qəbul etməsi onun siyasi fəaliyyətinin əsas üstünlüklərindəndir.
Şəbnəm Həsənova vurğulayıb ki, Azərbaycan kimi mürəkkəb geosiyasi regionda yerləşən bir ölkənin beynəlxalq münasibətlər sistemində mühüm aktora çevrilməsi və artan nüfuz qazanması Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir.
Onun sözlərinə görə, dövlət başçısının bütün məsələləri gündəlik diqqətdə saxlaması, prosesləri detallı şəkildə təhlil etməsi və qəbul edilən qərarlarda vətəndaşların maraqlarını əsas götürməsi cəmiyyətdə etimad və inam mühitinin möhkəmlənməsinə xidmət edir. Politoloq bildirib ki, hazırda dünyanın bir sıra aparıcı ölkələrində siyasi liderlərə ictimai etimadın azalması fonunda Azərbaycandakı mövcud vəziyyət diqqətçəkən nümunə kimi qiymətləndirilə bilər.
Şəbnəm Həsənova qeyd edib ki, yüksək siyasi etimad vətəndaş davranışının formalaşmasına da müsbət təsir göstərir. Onun fikrincə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, milli maraqların qətiyyətlə müdafiə edilməsi istiqamətində Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradə hər bir Azərbaycan vətəndaşı üçün örnəkdir.
Politoloq hesab edir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət aydın strateji xəttə əsaslanır və ölkənin davamlı inkişafını, sabitliyini, milli həmrəyliyini və gələcək perspektivlərini təmin etməyə yönəlib.
Şəbnəm Həsənova bildirib ki, respondentlərin 93,16 faizinin Prezident İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirməsi xalqın həyata keçirilən siyasətə yüksək etimadının və dəstəyinin göstəricisidir. Onun sözlərinə görə, bu nəticə Azərbaycan cəmiyyətinin strateji seçimlərinin düzgünlüyünü təsdiqləməklə yanaşı, ölkədə mövcud daxili sabitliyin, milli həmrəyliyin və ümumi maraqlar ətrafında birliyin də möhkəm əsaslara söykəndiyini göstərir.
Politoloq əlavə edib ki, sorğunun nəticələrinin bütün sosial-demoqrafik qruplar üzrə müşahidə olunması və əvvəlki dövrlərlə müqayisədə müsbət artım dinamikasının qeydə alınması Azərbaycan xalqının dövlət siyasətinə inamının daha da gücləndiyini və ölkənin gələcək inkişaf istiqamətlərinə dəstəyini nümayiş etdirir.










