media-whatsapp-image-2026-11-20-at-10-40-21

Azərbaycanın kosmik sənayesinin inkişafı, beynəlxalq əməkdaşlıq imkanları və kosmik xidmətlərin iqtisadi potensialı Pekində keçirilən beynəlxalq forumda müzakirə olunub.

Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, Çinin paytaxtı Pekində Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının (APSCO) IV İnkişaf Forumu çərçivəsində təşkil olunan yüksək səviyyəli dəyirmi masada Azərbaycanın kosmik sənayesinin inkişafı və bu sahədə beynəlxalq əlaqələri barədə çıxış edib.

Deputat çıxışında dövlət-özəl əməkdaşlığının genişləndirilməsi imkanlarına, rəqəmsal inkişaf sahəsində son illərdə ölkəmizdə həyata keçirilən tədbirlərə və əldə olunan nailiyyətlərə diqqət çəkib. Eyni zamanda, kosmik sektorun inkişafında özəl sektorun iştirakının artırılması, bu istiqamətdə qanunvericilik bazasının gücləndirilməsi ilə bağlı görülən işlər barədə forum iştirakçılarına məlumat verilib.

Vüqar Bayramov qeyd edib ki, “Kosmos Sülh Üçün” prinsipinə uyğun olaraq, Azərbaycan kosmik xidmətlər vasitəsilə regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə töhfə verir. Onun sözlərinə görə, kosmik xidmətlər dayanıqlı iqtisadi inkişafın mühüm amillərindən birinə çevrilir.

Deputat Azərbaycanın kosmik xidmətlərinin ixrac potensialına da toxunub. Bildirib ki, “Azərkosmos” “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya peykləri vasitəsilə Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarında yerləşən 50-yə yaxın ölkədən 200-ə yaxın müştəriyə xidmət göstərir.

2026-cı ilin yanvar-avqust aylarında dünyanın 36 ölkəsindən 95-ə yaxın şirkətə 17,4 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. Bu dövrdə ümumi gəlirlərin 61 faizi ixrac əməliyyatlarının payına düşüb.

Peyk telekommunikasiya xidmətlərinin ixracında ilk beş ölkə sırasında 2,8 milyon dollarla Birləşmiş Krallıq, 2,1 milyon dollarla Lüksemburq, 874,7 min dollarla Türkiyə, 776,5 min dollarla Pakistan və 437,2 min dollarla Tanzaniya yer alıb.

Vüqar Bayramov əlavə edib ki, forum çərçivəsində iştirakçıların kosmik sahədə dövlət siyasəti və dövlət-özəl tərəfdaşlığı ilə bağlı suallarını da cavablandırıb.

Qeyd edək ki, “Kosmosun imkan verdiyi gələcək: Dayanıqlı və inklüziv Asiya-Sakit okean regionunun formalaşdırılması” mövzusuna həsr olunan forumda dünyanın 30-dan çox ölkəsindən 300-dən artıq nümayəndə iştirak edir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər