media-1784269862561451064_1200x630

Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq uçuş şəbəkəsinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

ERAmedia-ya Aeroportdan bildirilib ki, hava limanında həyata keçirilən ardıcıl inkişaf tədbirləri nəticəsində sərnişinlər üçün yeni marşrutlar, daha geniş seçim imkanları və müxtəlif tarif modelləri təqdim olunur. Hazırda Beynəlxalq Aeroportda fəaliyyət göstərən aviaşirkətlərin mühüm hissəsini aşağıbüdcəli və hibrid biznes modeli ilə çalışan aviadaşıyıcılar təşkil edir. Təxminən 20-yə yaxın aşağıbüdcəli və hibrid aviaşirkət Bakıdan 20-dən çox beynəlxalq istiqamət üzrə birbaşa uçuşlar həyata keçirir.

Sərnişinlər “Wizz Air”, “Pegasus Airlines”, “Air Arabia”, “flydubai”, “flynas” və digər aviaşirkətlərin reyslərindən istifadə etməklə Budapeşt, Roma, İstanbul, Daşkənd, Dubay, Şarja, Antalya, Aktau və digər şəhərlərə səyahət edə bilirlər. Müxtəlif qiymət siyasəti və çevik uçuş cədvəlləri fərqli büdcə və səyahət tələblərinə uyğun seçim imkanlarını artırır.

Marşrut şəbəkəsinin inkişafı 2026-cı ildə də davam etdirilib. Belə ki, “FLYONE Asia” aviaşirkəti Bakı–Daşkənd, “FLYONE” isə Bakı–Kişineu istiqamətində müntəzəm uçuşlara başlayıb. Bundan əlavə, cari ilin oktyabr ayından etibarən “Wizz Air” tərəfindən Bakı–Bratislava marşrutu üzrə birbaşa reyslərin həyata keçirilməsi nəzərdə tutulur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq əlaqələrinin genişləndirilməsi Azərbaycanın qlobal hava nəqliyyatı şəbəkəsində mövqeyinin möhkəmləndirilməsinə xidmət edən mühüm istiqamətlərdən biridir. Yeni aviaşirkətlərin və marşrutların cəlb olunması həm ölkəyə gələn turistlərin sayının artmasına, həm də Azərbaycan vətəndaşları üçün daha əlçatan səyahət imkanlarının formalaşmasına şərait yaradır.


media-adspc

Bənzər xəbərlər