Baş Prokurorluğun və AQTA-nın birgə MƏLUMATI
Baş Prokurorluq tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə əhalinin həyat və sağlamlığının, istehlakçıların hüquq və qanuni mənafelərinin qorunması, habelə qida təhlükəsizliyi sahəsində hüquqpozmaların, o cümlədən insan həyatı və sağlamlığı üçün təhlükəli məhsulların istehsalı və dövriyyəsinin qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bu çərçivədə, “Giləzi-Quşçuluq Aqrar-Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin saxlama anbarlarında etiketlərində göstərilən yararlılıq müddəti bitmiş və korlanma əlamətləri müşahidə olunan toyuq əti məhsullarının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aşkar edilməsi faktı üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
ERAmedia xəbər verir ki, bu barədə Baş Prokurorluğun və AQTA-nın birgə yaydığı məlumatda qeyd olunub.
Həyata keçirilən tədbirlərlə Cəmiyyətə faktiki rəhbərlik edən Mirzəyev Mahir Hökümalı oğlunun, Cəmiyyətin direktoru Usubov Elşən Namiq oğlunun və kəsim sexinin müdiri Məmmədov Nazim Bahadur oğlunun qabaqcadan əlbir olaraq, insan həyatı və sağlamlığı üçün təhlükəli, yararlılıq müddəti bitmiş və korlanma əlamətləri olan 400 tondan artıq toyuq əti məhsulunu Xızı rayonunda yerləşən Cəmiyyətə məxsus istehsal sahəsində yararlı məhsullarla birlikdə satış məqsədilə saxladıqları, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etdikləri barədə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında Mirzəyev Mahir Hökümalı oğlu (təşkilatçı qismində), Usubov Elşən Namiq oğlu və Məmmədov Nazim Bahadur oğlu Cinayət Məcəlləsinin 200-3.2.2 və 200-3.2.3-cü maddələri ilə (bilə-bilə insan həyatı və sağlamlığı üçün təhlükəli qida məhsullarının satış məqsədilə saxlanmasının qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və külli miqdarda törədilməsi), habelə 308.2-ci maddəsi ilə (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
İş üzrə ibtidai istintaqı aparan müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Usubov Elşən Namiq oğlu barəsində həbs, Mirzəyev Mahir Hökümalı oğlu və Məmmədov Nazim Bahadur oğlu barəsində isə ev dustaqlığı qətimkan tədbirləri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. İstintaqın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.










