BƏƏ-də 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişi qadağan edildi
Birləşmiş Ərəb Əmirlikləri 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa tətbiq olunduğunu elan edib.
ERAmedia xarici mediaya istinadla xəbər verir ki, bununla da ölkə Avstraliya, Böyük Britaniya və Kanada da daxil olmaqla, oxşar tədbirlər həyata keçirən və sayı getdikcə artan ölkələr sırasına qoşulub.
Nazirlər Kabinetinin qərarına əsasən, sosial şəbəkələr 15 yaşdan kiçik şəxslər tərəfindən yaradılan hesabları müəyyən etməli və bloklamalıdır. Əks halda, həmin platformalar özləri bloklanma təhlükəsi ilə üzləşəcək. Bununla yanaşı, onlara yeni tələblərə uyğunlaşmaq üçün 12 aylıq keçid müddəti verilib.
“Qərarla sosial şəbəkələrdən istifadə üçün minimum yaş həddi 15 yaş müəyyən edilir. Bu yaşdan kiçik uşaqlara sosial şəbəkə platformalarında şəxsi hesab açmaq, həmin hesablardan istifadə etmək və ya onları idarə etmək qadağandır”, – deyə Nazirlər Kabinetinin qərarına istinad edən WAM rəsmi informasiya agentliyi bildirib.
Məlumatda qeyd olunur ki, onlara, həmçinin “sosial qarşılıqlı əlaqə, materialların paylaşılması, şərh yazılması, məlumat mübadiləsi, açıq qruplara və kanallara və ya istənilən genişmiqyaslı interaktiv məkanlara qoşulma da daxil olmaqla, bu cür platformaların bütün funksiyalarından istifadə etmək” qadağan edilir.









