media-493717383_1364507718158430_2119944860090496878_n
İlham ZEYNALLI,
Jurnalist-publisist
Əvvəli LİNK
O vaxtlar Azərbaycanlı gənclərin SSRİ – nin qabaqcıl və nüfuzlu ali məktəblərinə “inoqorodnıy” qəbulundan əlavə, oxuyan tələbələr də ikinci və üçüncü kursdan sonra təhsillərini davam etdirməyə göndərilirdilər. BDU – dan da hər il müxtəlif ixtisaslar üzrə bir qrup tələbə əsasən Lomonosov adına Moskva Dövlət Universitetinə və Leninqrad Dövlət Universitetinə köçürülürdü. Məsələn, biz qəbul olan il – 1988-ci ildə indi Milli Məclisin deputatı olan Sahib Alıyev 3-cu kursdan sonra təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinə getdi. Sonrakı il isə tamaşaçıların ANS – dəki “Qulp” verilişindən yaxşı tanıdığı Mübariz Əsgərov, daha sonra şəkili Mehman Qafarov MDU-ya göndərildi.
Fakültədə qərara alınmışdı ki, növbəti tədris ilindən məni də Moskva Dövlət Universitetinə göndərsinlər. Amma respublikada hökm sürən böhranlı vəziyyət getdikcə gərginləşirdi. Qarabağ və ətraf ərazilərdə baş verən hadisələr, rəsmi Moskvanın proseslərə seyrçi münasibəti və ikili standartlardan yanaşaraq ermənipərəst mövqe sərgiləməsi xalqımızın ciddi narazılığına səbəb olmuşdu. Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarından kütləvi deportasiyası bu gərginlik ocağını daha da alovlandırmışdı. 1990-cı ilin qanlı Yanvar qətliamı isə antisovet, anti – Moskva meyllərini apogey həddinə çatdırdı. Artıq Moskva, Kreml “azad və xoşbəxt” sovet xalqının , “qardaş müttəfiq respublikaların” baş şəhəri, inam və ümid qalası yox, şər yuvası, qaniçən imperiyanın, Qorbaçov və onun ətrafının qanlı fərmanlar verən qərargahı idi. Ona görə də əgər belə bir fürsət reallaşasa belə, mən Moskvaya getməkdən imtina etdiyimi bildirdim. Digər tərəfdən, onu da hiss edirdim ki, artıq bu məsələ bitib və daha baş tutan iş deyil. Kor – kor, gör – gör, görünən dağa nə bələdçi?! Reallıq özü hər şeyi deyirdi. Amma ora yenə də tələbə göndərilib – göndərilməyəcəyi tam məlum deyildi. Hadisələrin sonrakı gedişatı düşündüklərimi reallığa çevirdi. İttifaq ölkələri arasında tor kimi qurulan əlaqələr sürətlə qırılır, mövcud reallıq başqa şeylər diktə edirdi. İndi hamı öz canının haýına qalmışdı. Təkcə ayrı – ayrı fərdlər, insanlar yox, elə ayrı – ayrı xalqlar və millətlər də!
media-612318786_1546997613242772_8401949870319465716_n
… Respublikada sosial-siyasi gərginlik və iqtisadi tənəzzül hökm sürsə də, bu çətinliklər həyatımıza birbaşa təsir etsə də, ruhdan düşmür, vəziyyətə uyğunlaşıb yaşayır, dərslərimizə davam edirdik. Tələbə yataqxanasında bizim qaldığımız 16-cı otaq nəinki qonşuların, ümumən bir çox insanların toplanış yeri, mənəvi qərargahı idi. Artıq universiteti bitirib qəzetdə işləyən Hikmət Sabiroğlu, “Kommunist” nəşriyyatındakı işindən gecə keçmiş çıxan Aydın Can, şair Qulu Ağsəs, bizimlə qonşu otaqlarda yaşayan Zöhrab Sərafəddinov, Rəşid Əliyev, cəbrayıllı Fazil, gədəbəyli Abbas, kitabxanaçılıq fakültəsinin tələbələri Məzahir Məmmədli, Bəxtiyar Kərimov… (siyahını çox uzatmaq olar) tez – tez bizim otağın qonağı olurdular. Ölkədə baş verən ictimai – siyasi proseslərin qızğın müzakirəsi, ədəbi – mədəni diskussiyalar gecə saat 2-3-ə qədər davam edir, sonra da ayaq – baş olub yatırdıq. Vəziyyət gərgin, yaşam şəraiti çətin olsa da, ruhdan düşmür, sabaha inamla baxırdıq.
Adını çəkdiyim Məzahir Məmmədli Şamaxı rayonunun Quşçu kəndindəndi. Hələ tələbəliyin ilk vaxtlarından onu bacarıqlı, zəhmətkeş, həm də olduqca səmimi, mehriban, dostluğa, yoldaşlığa sadiq və etibarlı insan kimi tanıdıq. Tezliklə bizimlə dostlaşıb “Xəmsə”nin fəxri üzvünə çevrildi və nə xoş ki, indi də belədir. Xeyirdə – şərdə həmişə bir yerdəyik.
Yeri gəlmişkən, sonralar – AzTV – də tanıdığımız gözəl insan, sadiq dost və peşəkar televiziyaçı, klassik rejissura məktəbinin sonuncu mogikanlarından olan Nadir Diridağlı da bizim “Xəmsə”nin daha bir fəxri üzvünə çevrildi. Əziz izləyicilər! Bu iki adı yaxşı yadınızda saxlayın ki, onlar gələcək yazılarda tez – tez qarşınıza çıxacaq .
ARDI VAR…

media-adspc

Bənzər xəbərlər