media-lev_120718_04

Sosial şəbəkə istifadəçisi Nəsibə Babayeva illər öncə SSRİ-də böyük rezonans doğuran Bərbərovlar ailəsinin faciəvi hekayəsini paylaşıb.

ERAmedia-nın məlumatına görə, paylaşımda qeyd olunur ki, Nina Bərbərova qızı Yeva ilə Bakı Zooparkında gəzərkən xəstə və anası tərəfindən tərk edilmiş şir balası ilə rastlaşır. Qızının təkidindən sonra ailə bütün sənədləşmə işlərini tamamlayaraq şir balasını himayəsinə götürür və ona Kinq adını verir. Müalicədən sonra heyvanı zooparka qaytarmaq istəsələr də, Kinq avtomobildə narahat davrandığı üçün onu yenidən evə aparırlar.

Qısa müddətdə şir saxlayan ailə SSRİ-də, daha sonra isə dünyada məşhurlaşır. Kinq “İtalyanların Rusiyada ağlasığmaz macəraları”, “Qız, oğlan və şir” və “Şir evdən getdi” filmlərində rol alır.

Lakin növbəti çəkiliş zamanı o vaxtkı Leninqradda faciə baş verir. Məktəb binasında yerləşdirilən Kinq əməkdaşlardan birinin onu qıcıqlandırmasına reaksiya verərək hücum edir. Nəticədə milis əməkdaşları şiri güllələyirlər.

Hadisədən sonra uşaqların Kinq üçün darıxdığını görən ailə başçısı Lev Lyoiç Bərbərov evə daha bir şir balası gətirir. Ona Kinq II adı verilir. Yeni şir əvvəlki qədər itaətkar olmasa da, ailənin sevimlisinə çevrilir. Lev Lyoiçin vəfatından sonra Nina həm uşaqlarına, həm də evdə saxladıqları heyvanlara – Kinq II, it və Lyalya adlı pumaya təkbaşına qulluq edir.

Faciə isə bir gün Ninanın nəşriyyatdan qayıtdıqdan sonra baş verir. O, əvvəlcə məktəbdən gələn oğlu Romaya yemək verir, sonra isə Kinq II üçün ət doğramağa başlayır. Şiri yemləyərkən heyvan qəfil ona hücum edir. Anasını xilas etməyə çalışan Roma da hücuma məruz qalır. Qan qoxusundan aqressivləşən Kinq II ailədə ən çox sevdiyi Romanı parçalayır. Hadisə yerinə gələn milis əməkdaşları şiri öldürsələr də, Romanın həyatını xilas etmək mümkün olmur. Küçəyə qaçmağa çalışan Lyalya adlı puma da təhlükə ehtimalına görə güllələnir.

Oğlunun ölüm xəbərini Nina yalnız xəstəxanadan çıxdıqdan sonra öyrənir.

Paylaşımda qeyd olunur ki, Nina Bərbərova sonralar bu hadisəni belə xatırlayırdı: “Kinq, Romanı çox sevirdi. Onu qınaya bilmirəm. Heyvani duyğularını cilovlaya bilmədi. Təqsir bizdə idi ki, onu evə gətirmişdik”.

Bu faciədən sonra Nina uzun müddət psixoloji sarsıntı keçirir. İllər sonra qızı ilə yaşayır, daha sonra yenidən ailə qurur. Ömrünün sonuna qədər həkim nəzarətində olan Nina bir daha şir saxlamır. Evinin divarında isə hər iki Kinqin şəkillərini asılı saxlayır.

Paylaşımda diqqət çəkilən ən təsirli məqamlardan biri də budur ki, faciəyə səbəb olan Kinq II-nin məşhur fotosunda o, sonradan öldürdüyü Roma tərəfindən qucaqlanmış vəziyyətdə əks olunub.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər