media-vecihe-resm-4jpg_1735340289jpg_1735384344

Vəcihə Səmədova Azərbaycan təsviri sənətində özünəməxsus dəsti-xətti ilə seçilən görkəmli rəssamlardandır.

ERAmedia xəbər verir ki, o, qısa ömür yaşamasına baxmayaraq, portret və tematik tabloları ilə milli rəssamlıq məktəbinə mühüm töhfələr verib. V.Səmədaovanın yaradıcılığı dərin emosional ifadə gücü və insan taleyinə həssas münasibəti ilə diqqət çəkir.

Vəcihə Əli qızı Səmədova 1924-cü ildə şirniyyatçı Kərbəlayi Əli və evdar qadın Rübabə Səmədovanın ailəsində doğulub. Atası Qars doğumlu azərbaycanlı idi. O, qardaşı ilə birlikdə İrəvana, oradan da Bakıya köçərək burada Rübabə xanımla tanış olur. Rübabə xanım İranın Qum şəhərindən olan azərbaycanlı ailəsindən idi. Vəcihə Səmədovanın uşaqlıq illəri İçərişəhərdə keçib. Kiçik yaşlarında rəsmə marağı olduğu üçün atası ona məşhur rəssamların kitablarını alırdı.

O, 1939-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. Lətif Feyzullayevlə məhz burada tanış olur. Məktəbi bitirdikdən sonra təhsilini Moskvada Surikov adına Rəssamlıq İnstitutunda davam etdirir.

L. Feyzullayev də müharibənin ilk illərində yarımçıq qalan təhsilini başa vurmaq üçün Moskvaya gəlir və onların ailə həyatı burada daha da möhkəmlənir. 1945-ci ildə Bakıda ilk övladları Nicat dünyaya gəlir. Bir il fasilədən sonra yenidən təhsilini davam etdirən Vəcihə Səmədova 1949-cu ildə təhsilini başa vuraraq Bakıya qayıdır.

O, 1951-ci ildə “Üzeyir Hacıbəyovun obrazı” adlı diplom işini müdafiə edir. Müəllimi Pavel Korinin təkidi ilə təhsilini daha üç il aspiranturada davam etdirir. Oxuduğu institutda dərs demək təklifi alan Vəcihə Səmədova oğlunun 7 yaşı olduğu üçün Bakıya qayıtmağa üstünlük verir və müstəqil yaradıcılığa başlayır.

Vətənə qayıtdıqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində müəllim kimi işləməyə başlayır. Maddi sıxıntılara görə ilk vaxtlar İçərişəhərdə, Vəcihə Səmədovanın ata evində yaşayırlar. 1958-ci ildə Rəssamlar evinin tikintisi başa çatdıqdan sonra cütlüyə mənzil verilir. Rəssamın emalatxanası da bu binada yerləşirdi.

1962-ci ildə ona ayrıca emalatxana təqdim edilir. Lakin o, bu emalatxanada uzun illər yaradıcılıqla məşğul ola bilmir və ağır xəstəliyə tutulur. 1957–1963-cü illər onun yaradıcılığının ən məhsuldar dövrü hesab olunur. 1962-ci ildə Bolqarıstana yaradıcılıq ezamiyyəti yeni istiqamətin yaranmasına təkan verir. Bu silsiləyə daxil olan əsərlərdən “Sofiya bazarında”, “Qoca bolqar qadınları”, “Plovdiv qayaları”, “Türk qızı”, “Tırnovo” və digərlərini qeyd etmək olar.

Onun tematik tabloları, “Qoşqar yaylağında”, “Göygöl”, “Kəpəz”, “Kür sahillərində” silsilə mənzərələri, “Pambıqçı”, “Şamama Həsənovanın portreti” kimi əsərləri də diqqətəlayiqdir. 1953-cü ildə aktrisa Leyla Bədirbəylinin portretini çəkir. Portret janrında “Avtoportret”, “Sürəyya Kərimovanın portreti”, “Gənc skripkaçı”, “Geoloq Minurə Məmmədbəylinin portreti” və digər əsərlərini göstərmək olar.

Rəssam son tablosu olan “Xəbər gözləyirəm” əsərini 1963-cü ildə çəkib. Rəsmdə çimərlikdə dayanan və balıqçılardan xəbər gözləyən insanlar təsvir olunub. Əsərdə qəzadan əvvəl yaranan gərginlik aydın hiss olunur. Bu gərginlik ən çox ön planda dayanan qadının üzündə əks olunub. Rəssamın oğlu Nicat Feyzullayev bildirib ki, bu qadın anasının obrazıdır. O, ağır və sağalmaz xəstəlikdən xəbərdar olduğu zaman bu əsəri yaradıb.

1962-ci ildə Vəcihə Səmədovada ağır xəstəlik aşkar olunur. Həkimlər rəssama əməliyyatla qolunun amputasiya edilməsini təklif edirlər, lakin o, buna razılaşmır. Xəstəliyin gedişi ağırlaşır. Sonradan Moskvada əməliyyat edilsə də, artıq gec olur. 1965-ci ildə Vəcihə Səmədova 41 yaşına bir ay qalmış vəfat edir.

Mərkəzi Komitə tərəfindən ona Fəxri xiyabanda yer ayrılsa da, rəssam vəsiyyətinə əsasən başqa yerdə dəfn olunur. Vəfatından az sonra Azərbaycan Rəssamlar İttifaqının sərgi salonu onun adını daşımağa başlayır. Ölümündən sonra həyat yoldaşı Lətif Feyzullayev ona həsr olunmuş “Köhnə qəbiristanlıq”, “Tənha məzar”, “Rəssam Vəcihə Səmədovanın portreti” və “Səhər” tablolarını yaradır.


media-adspc

Bənzər xəbərlər