media-207995

İsrailin qondarma “erməni soyqırımı”nı tanıması Ankara ilə Təl-Əviv arasında Qəzza müharibəsi dövründə başlayan, Suriyada açıq müstəviyə keçən və İranla müharibə fonunda daha da kəskinləşən qarşıdurmanın məntiqi nəticəsi kimi qiymətləndirilir.

ERAmedia xəbər verir ki, siyasi təhlilçi Asif Nərimanlı bildirib ki, Təl-Əviv bu məsələni Ankaraya qarşı siyasi kart kimi istifadə etməyə çalışır və eyni zamanda erməni amilini Yaxın Şərq siyasətində təsir imkanlarını genişləndirə biləcək vasitə hesab edir.

Onun sözlərinə görə, İsrailin xarici işlər naziri Gideon Saar hökumətin qərarını əsaslandırarkən Livan və İrandakı böyük erməni icmalarına, eləcə də Qüdsün erməni məhəlləsinə istinad etməsi də məhz bu kontekstdə dəyərləndirilməlidir.

Asif Nərimanlı hesab edir ki, buna baxmayaraq, bu qərarın ən ciddi mənfi nəticələri məhz İsrailin özü üçün ortaya çıxa bilər. Təhlilçinin fikrincə, Yaxın Şərqdəki erməni icmaları nə siyasi, nə də praktik baxımdan İsrailin bölgə ilə bağlı planlarına ciddi təsir göstərə biləcək potensiala malik deyil.

O əlavə edib ki, Ermənistan hakimiyyətinin Türkiyə ilə normallaşma siyasəti də İsrailin qərarının rəsmi müstəvidə təsirini minimuma endirir. Eyni zamanda, beynəlxalq səviyyədə də bu addımın ciddi nəticə verməsi gözlənilmir. Təhlilçi xatırladıb ki, erməni məsələsində Türkiyə baxımından ən həssas mərhələ keçmiş ABŞ prezidenti Joe Biden administrasiyasının “soyqırımı” ifadəsini işlətməsi idi və bundan sonrakı oxşar qərarların siyasi təsiri məhdud qalacaq.

Asif Nərimanlı bildirib ki, İsrailin bu qərarı Holokostun unikallığı ilə bağlı mövqeyinə də zidd görünə bilər və bu baxımdan “öz ayağına sıxmaq” kimi qiymətləndirilə bilər.

Siyasi təhlilçinin qənaətincə, qərar Türkiyə üçün nə hüquqi, nə də siyasi baxımdan ciddi təhlükə yaratmır. Əksinə, mümkün mənfi nəticələr daha çox İsrailin öz maraqlarına toxuna bilər. O qeyd edib ki, Türkiyə və İsraillə yaxın münasibətlər saxlayan Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış siyasət baxımından da belə gərginliyin dərinləşməsi arzuolunan deyil.

Asif Nərimanlı sonda vurğulayıb ki, qərarın tam qüvvəyə minməsi üçün İsrail parlamenti – Knessetdə keçiriləcək səsvermənin müsbət nəticələnəcəyi ehtimalı yüksək görünmür.


media-adspc

Bənzər xəbərlər