media-382234_rwbdzooshg

XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən olan Zeynal Xəlilin yaradıcılıq politrası rəngarəng və çoxşaxəlidir. O, gənc yaşlarından ədəbiyyata gəlmiş, şeir, poema, mənzum roman, dram əsərləri, ədəbi tənqid və s. yönümdə dolğun, təbii, səmimi, bu gün də aktuallığını qoruyub saxlayan zəngin ədəbi irs, sənət əsərləri yaratmışdır. Z.Xəlil milli ədəbiyyatımıza süjetli lirika, poetik deyim tərzi, romantik düşüncələr silsiləsi, ənənəvi milli ruh gətirmişdir.

Zeynal Xəlil 1914-cü il aprel ayının 1-də Gəncə şəhərində anadan olmuşdur. Altı yaşında olarkən atası Rza Xəlili itirmiş, böyük qardaşının himayəsində böyümüşdür. Gəncə şəhər 7 illik məktəbini bitirdikdən sonra, 1932-1936-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitu­tunun Dil və ədəbiyyat fakültəsində ali təhsil almış, tələbəlik illərində “Ədəbiyyat qəzeti” kimi nüfuzlu mətbuat orqanında “Buludlar” (1934, 5 noyabr), “Taxıl biçini” (1935, 21 fevral), “Xəzər” (1935, 23 aprel), “Böyük itki” (1935, 9 avqust), “Hacıkənd” (1935, 23 dekabr) və digər şeirlərini çap etdirmiş, incə ruhlu, coşqun təbli şair kimi tanınmış və rəğbət qazanmışdır.

Z.Xəlil ali pedaqoji institutu bitirərək təyinatla Goranboy kənd orta məktəbinə müdir (1936-1938) vəzifəsinə göndərilmiş, iki il bu məktəbdə çalışdıqdan, əmək təcrübəsinə yiyələndikdən sonra Bakı şəhərinə, yeni vəzifəyə dəvət almışdır. O, fəaliyyətini R.Mustafayev adına Milli İncəsənət Muzeyinin direktoru (1938-1939) vəzifəsində davam etdirmiş, mədəniy­yətin, incəsənətin bu nəcib, unikal sahəsinə diqqət və qayğının artırılmasına, muzeyin dəyərli təsviri sənət əsərləri ilə zənginləşdirilməsinə nail olmuşdur.

İkinci Dünya müharibəsi illərində (1939-1945) Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin məsul katibi vəzifəsini icra edən Zeynal Xəlil ideoloji işin ağırlığını, müharibə ədəbiyyatının təşəkkülü və formalaşması prosesinin məsuliyyətini öz üzərində birbaşa hiss etmişdir. O, müharibə illərində döyüşçülərin mübarizə əzmini yüksəltmək üçün “Yəhər­ləyin atları”, “416”, “Döyüşçünün vəsiyyəti”, “Bir qarının töhfəsi” və s. şeirlərini, “Qatır Məmməd” (1941), “Tatyana” (1942), “İntiqam” (1942) poemalarını yazmış, “Gəncə qartalı” mənzum pyesi Azərbaycan Dövlət Akademik Dram Teatrında tamaşaya qoyulmuşdur. Onun özü müharibə dövrü ədəbiyyatına köklənməklə yanaşı, Yazıçılar Birliyinin məsul katibi olaraq ədiblərin dövrün aparıcı mövzusuna istiqamətlənməsində, bu sahədə təbliğat və təşviqat işlərinin səmərəli aparılmasında mühüm rol oynamışdır.

Müharibədən sonrakı illərdə də Z.Xəlil Azərbaycanın ədəbiyyatı, mədəniyyəti, incəsənəti sahəsində yorulmaq bilmədən fəaliyyət göstərmiş, yaradıcı əmək sərf etmiş, milli düşüncənin dirçəlməsində, yeni nəslin tərbiyələnməsində bilik və bacarığını əsirgəməmişdir. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının rəhbəri (1945-1948), Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətinin sədr müavini (1948-1950), Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyətin elmi katibi, Radio Komitəsində məsləhətçi (1951-1956) və Mədəniyyət Nazirliyində İncəsənət İdarəsinin rəisi (1960-1963) vəzifələrində işlədiyi illərdə də vətənə, xalqa vicdanla, sədaqətlə, yüksək entuziazm ilə xidmət göstərmişdir. O, Azərbaycan mədəniyyət və incəsənət xadimləri ilə birlikdə – nümayəndə heyətinin tərkibində 1960-cı ildə Fransada, 1962-ci ildə Almaniyada səfərdə olmuş, müşahidələri əsasında yol qeydlərini, təəssüratlarını, xatirələrini yazaraq mətbuatda dərc etdirmişdir.

Z.Xəlil 1963-cü ildə Respublikanın Mədəniyyət Nazirliyi tərəfindən Kinematoqrafiya Komitəsinə baş redaktor vəzifəsinə təyin olunduğu gündən ömrünün sonunadək taleyini milli kinematoqrafiya ilə bağlamış, böyük həvəs və zövq ilə ekran əsərləri üçün ssenarilərin seçilməsi və təkmilləş­dirilməsi işi üzərində çalışmışdır.

İctimai xadim, şair, dramaturq, tərcüməçi Zeynal Xəlilin əməyi layiqincə dəyərləndirilmiş, “Əməkdar incəsənət xadimi” fəxri adı, “Şərəf nişanı” ordeni, “Qafqazın müdafiəsinə görə”, “İkinci Dünya müharibəsində fədakar əməyə görə”, “İkinci dünya müharibəsində Almaniya üzərində qələbəyə görə” medalları və Azərbaycan Ali Soveti RH-nin Fəxri fərmanları ilə təltif olunmuşdur. O, 1973-cü il 10 avqust tarixində Bakı şəhərində vəfat etmişdir.

Zeynal Xəlil “Yeni kənd” adlı ilk şeiri 1932-ci ildə “Hücum” jurnalının 7-8-ci sayında dərc olunmuş, şair on beytlik bu şeiri ilə cəmiyyətin yeniləşməsini, kənddə quruculuq işlərinin vüsət almasını tərənnüm etmişdir. İnsan, zaman, təbiət mövzusunda yazdığı ilk qələm təcrübələri “Gənc işçi”, “Ədəbiyyat qəzeti” səhifələrində dərc olunurdu. O, 1936-cı ildə isə istedadlı tənqidçi, yazıçı Mehdi Hüseynin xeyir-duası və duyğusal, doğal bir “İstək” (Z.Xəlil. İstək. Bakı: Azərnəşr, 1936, s.92) ilə böyük Azərbaycan ədəbiyyatı səltənətinə qədəm qoymuşdur. Gənc şairin ilk kitabında toplanmış “Bir payız axşamında”, “Buludlar”, “Hacıkənd”, “Vətən sevgisi”, “İstək”, “C.Cabbar­lıya”, “Xəzər”, “Gülər” və s. şeirləri vətən sevdalı bir gəncin poetik ürək çırpıntıları idi.

Zeynal Xəlilin 1938-1939-cu ildə yazdığı və nəşr etdirdiyi ikinci kitabı Azərbaycan kəndinin qaynar həyatından, sinfi mübarizəsindən, kolxoz quruculuğunun çətinliklərindən, insani münasibətlərdən bəhs edən yığcam­həcmli “Qılınc” poemasıdır. Əsər məsnəvi biçimində qələmə alın­mış, giriş və dörd bölümdən ibarətdir. Müəllif “Qılınc”ı Goranboyda müəllim işlədiyi dönəmdə yazmağa başlamış, əsərini Bakıda tamamla­mışdır. Poemada hadisələr Goranda cərəyan edir, yaxın qohumlar arasında yaranmış süni konfliktlər üçün sinfi boyalar, ideoloji yanaşmalar siyasi fon olaraq seçilmişdir. Kəndin köhnə qüvvələri (Çal Paşa, Kar Nadir, Civə) ilə yenilikçi gənc mübarizləri (Çoban, Qılınc, Qəşəng) üz-üzə gəlir, şəxsi mənafe ilə xalq mənafeyi tərəfdarları toqquşur…

Əsərdə Qılınc və Qəşəng bir-birini sevən iki gənc, bibioğlu-dayıqızı olaraq yaxın qohum, lirik səpkidə təqdim olunmuş romantik obrazlardır. Şair Qılıncı yenilik eşqilə çırpınan, şux, zarafatcıl, xalq mahnılarını, bayatı­ları oxumağı sevən, çağdaş düşüncəli, elini-obasını quldur-qaçaqlar­dan qoruyan gənc kimi at belində təqdim edir:

Qılınc məhmizləyir arabir atı,

Qaldırıb səsini, deyir bayatı:

Əzizim haray çəmən,

Göy çəmən, haray çəmən.

Məmələrin dalaşanda,

Olaydım harayçı mən…

Qılınc həyatı, insanları çılğın bir məhəbbətlə sevir, amma onun xoşbəxt yaşamasına mane olanlar var. Sürüləri, ilxıları, var-dövləti əlindən alınmış, “bəlkə də qaytardılar” ümidi ilə yaşayan Çal Paşa bacısı oğlu, yoxsul Qılıncı qızı Qəşəngə layiq görmür. Eşidəndə ki, qızı Qılınc tərə­findən qaçırılıb, evə hücum çəkir, doğma bacısı Gülyanağı qapının kan­darında güllələyir. Faciə gənc ailənin dağılması üçün əsasa çevrilmir, möh­kəmliyinə əminlik yaradan sınaq təəssüratı yaradır. Çal Paşanın cinayətləri, qəddarlığı əhali tərəfindən qınanır və o dəstəsi ilə Üçqayaya çəkilir. Çobanın başçılığı ilə Gorandan Üçqayaya könüllü dəstə göndərilir. Qılınc quldurlarla ilk döyüşdə Çal Paşanı məhv edir və təəssüf ki, özü də həlak olur. Əsərdə Qılıncın igidliyi, qətiyyəti, xalqyönlü mövqeyi, sevgisi və el yolunda canından keçməsi yaşıdlarına nümunə olaraq təqdim edil­mişdir.

Z.Xəlilin böyük Azərbaycan mütəfəkkiri, söz ustadı Nizami Gəncə­viyə həsr etdiyi “Şairin yuxusu” pyesi, “Ulduzlar” (1961) mənzum romanı, “Tatyana” (1942), “Koroğlunun qocalığı” (1945), “Şah və qarışqa” (1946), “Komuna kəndi” (1949) və b. poemaları çağdaşlığı, aktuallığı və bəşəri ruhu ilə ədəbi-bədii düşüncə tariximizdə yaşayacaqdır.

Şairin həyat və yaradıcılığının tədqiqatçısı Nərgiz Məmmədzadə onun bədii-estetik fikrimizə bəxş etdiyi zəngin ədəbi irsini elmi müstəvidə nəzərdən keçirərək yazırdı: “Zeynal Xəlil həm də on dörd poema, beş dram əsəri və bir mənzum roman müəllifidir. “Ulduzlar”, “İki dost” adlı poemanın yeni variantıdır. Lakin şair burada təkrara yol vermir, hadisələri yeni formada işləyir, əsərə yeni obrazlar gətirir və mövzuya yeni süjet xətləri əlavə edir. Burada yenə də insanlar, onların arzu və istəkləri, müharibənin İnsan taleyində qoyduğu izlərdən bəhs edilir. Poemanın əsas xətti – İnsan və müharibədir. Əsərin dili çox axıcıdır, müəllif dialoqların təbii və səmimi alınmasına çalışıb, atalar sözü və məsəllərdən istifadə edib” (N.Məmmədzadə. Zeynal Xəlil: həyat və yaradıcılığı. – Bakı: Risalə. Elmi araşdırmalar jurnalı, 2019, № 1, s.154-158).

Zeynal Xəlilin bədii yaradıcılığında lirik şeirləri mühüm yer tutur. Onun mövzuları birbaşa həyatdan qaynaqlanır, çoxşaxəli və rəngarəngdir. Şairin insan, zaman, təbiət haqqında yaratdığı əsərləri təbiiliyi, səmimiliyi, canlılığı, həyat həqiqətlərinə sadiqliyi ilə seçilir. Bədii təsvir vasitələrindən bəhrə­lən­miş beytlərində, bəndlərində gerçəklik, həqiqət bəlağətli ifadələrlə, pafosla pərdə­lənmir… O öz həyatını, atasının taleyini nəzmə çəkəndə də çox səmimi idi:

Atam mənim papaqçıydı…

Varı-yoxu bir qəlibdi, bir də iynə.

Gecə-gündüz bunlar oldu,

Çatan onun köməyinə…

Amma yazıq heç etmədi,

Taleyindən bir şikayət.

Dedi: Tanrı belə yazıb,

Bəxtimizi bizim, əlbət!

Büllur bulaq suyu kimi axıcı misralar incə cizgilərlə poetik mənzərəni tamamladıqca göz önündə halallığa, zəhmətə bağlı cəfakeş bir insanın – papaqçının obrazı canlanır. Z.Xəlilin Papaqçısı mənəvi-etik cəhətdən öz sələfi, Nizami Gəncəvinin Kərpickəsənindən o qədər də fərqlənmir. Hər iki sənətkar əllərini zəhmətə ona görə öyrədib ki, gözükölgəli yaşamasın, çətin məqamda özgələrə əl açmasın. Kərpickəsən və papaqçı peşələri ən qədim, cəmiyyət üçün önəmli sənət sahəsi olmaqla yanaşı, insan həyatında həm də rəmzi mənalar daşıyır.

Akademik Kamal Talıbzadə şair Zeynal Xəlilin məhəbbət mövzu­sunda yazdığı şeirləri nəzərdən keçirərək qeyd etmişdir: “O, insanı ülviləşdirən, yüksəldən, mənən təmizləyən bir hiss kimi təqdim edilir. Şair oxucunu məhəbbətin vüsal və hicran dolu yollarından keçirir, bu yolda zövq və səfa ilə, vəfa və sevgi ilə yanaşı, əziyyət də, iztirab da vardır. Məhəbbətin intim, subyektiv keyfiyyəti burada etibar, sədaqət, vəfa, ilqar kimi məna çalarları ilə zənginləşir. Məhəbbət özü kimi Z.Xəlil şeirlərində də bu mövzu “qocalmır”, həmişə cavan və təravətlidir, həmişə coşqun və vüqarlıdır”.

Zeynal Xəlil məhəbbət mövzusunda yazdığı şeirlərində bəzən romantik mühitə, əhval-ruhiyyəyə xüsusi önəm verir, olmuşlara mistik qüdrətin nəticəsi kimi yanaşır. Yanlışlıqların etirafını sirli-sehirli duyğular selinin və xəyali ucalığın işığından, səssiz sükutundan umur. Çünki işıq sükutunda sevənlər bir-birinin qəlbinin dərinliklərini görə və ən incə hisslərini duya bilirlər, etirafa ehtiyac qalmır. Uzun onilliklərdən bəri həzin bir nəğməyə çevrilib sevgi hissləri ilə köksümüzü qabardan “Ay işığında” şeirində olduğu kimi:

Mən səni gördüm,

ay işığında.

Könlümü verdim,

ay işığında.

Tez gəldi hicran,

Ayrıldıq haman

ay işığında.

Qov bu möhnəti,

Dağıt zülməti,

ay işığında.

Yenə gəl bizə,

Duraq üz-üzə,

ay işığında.

Bu yığcam və dərin məzmunlu şeirdə “ay işığı” bədii obraz kimi sevən romantik gənclərin taleyində, vüsal və hicran anlarında, ayrılığa, möhnətə səbəb olan ehtimal, güman zülmətinin dağıdılmasında mühüm rol oynayan ülviyyət rəmzidir. “Duraq üz-üzə, ay işığında” – deyimi barışığa çağırış, səmimi, səssiz etirafa dəvət, tərəflərin bir-birini yaxından duymaq, ürək döyüntülərini dinləmək, sabaha – günəş işığına boylanmaq xülyasının ifadə­sidir.

Zeynal Xəlilin yaradıcılığını araşdıran tədqiqatçılar onu həm də nəğməkar şair adlandırmışdır. Bu fikir yalnız ona görə deyilməmişdir ki, onun şeirlərində musiqililik güclüdür – həm də ona görə vurğulanmışdır ki, dövrün görkəmli bəstəkarları Z.Xəlilin sözlərinə ölməz musiqilər bəstələmişlər. Onun “Kimlər gəldi, kimlər getdi” (bəstə: Soltan Hacıbəyov), “Bu gecə” (bəstə: Emin Sabitoğlu), “Ay işığında” (bəstə: Qənbər Hüseynli) və digər şeirlərinə bəstələnmiş həzin mahnılar bu gün də heyranlıqla oxunur və dinlənilir.

Şairin həyatının və yaradıcılığının işıqlı yönlərindən yazan onun həmkarı Taleh Həmid xüsusi vurğulayırdı: “Zeynal Xəlil… lirikasındakı kövrəklik, həzinlik isə ömrə və taleyə güzgü tutmuş işıqdan, nurdan üz tutub gəlirdi. Bu işığın yağdanı isə onun alovlu ürəyində idi. Yalnız o işıq qurtaranda şair ömrü qurtarır. İşıqlar heç zaman sönmür. O bir rəngdən başqa rəngə çevrilir, digər bir rəngə üz tutur. Elə buna görə də şairin yaradıcılığı öz əyilməz müvazinətilə bugünkü sənətimizlə, ədəbiyyatımızla birgə addımla­maqdadır”.

Z.Xəlilin əsərlərində işıq həyat nuru, həqiqət rəmzidir. Həqiqətə sadiqlik mənəvi güvənc və inanc yeri, dürüstlük isə nurun enerji mənbəyidir. Həqiqətin bəzən acı və sərt olması yalan qədər qorxulu deyildir, əksinə işıq selinə açılan haqq qapısıdır. Şair mənəvi müstəvidə bir-biri ilə antaqonist ziddiyyətlər təşkil edən “həqiqət” – “yalan” anlayışlarının ictimai-sosial həyatda, eləcə də bəşəri müstəvidə kəsb etdiyi mahiyyətinin incəliklərini vurğulayaraq yazırdı:

Qılınc tək kəssə də səni həqiqət,

Sən onun gözünün içinə dik bax!

Heç zaman, heç kimdən götürmə minnət,

Özünü yalandan qoru sən ancaq.

Nələr törətmədi dünyada yalan?!

Onun övladıdır “xəyanət” sözü.

Bəzən o iblisə uysa da insan,

Onu məhv edəcək insanın özü.

Şairin narahat poetik düşüncələri deməyə əsas verir ki, lirik “mən” özü ləyaqətsiz kəslərin əsassız yalanına, böhtanına, şərinə məruz qalmış, mənəvi naqisliyin törətdiyi psixoloji fəsadların ağrı-acısını yaşamağa və daşımağa məcbur olmuşdur. O, əslində bu şeiri ilə həm də həyəcan təbili çalır, insanlara var səsi ilə xatırladırdı: “Nələr törətmədi dünyada yalan?!” – Bu misra ilə Zeynal Xəlil “yalan”ın törətdiyi fəlakətin miqyasını, təsir dairəsini adi fərddən böyük dövlətlərin məkrli siyasətinə qədər genişləndirir. Təəssüf ki, XXI yüzillikdə də bəşəriyyət təcavüzkar rejimlərin müharibələr, soyqırımlar, dağıntılar törətməsi üçün apardıqları “yalan, böhtan” kampa­niyalarının “əsaslandırıcı” missiyasının canlı şahidləri və şəhidləridir. Yalan (fake) qığılcımından fəlakətlər törənsə də, şair nikbindir və insanın həqiqətə sadiqliyinə, müdrikliyinə və qüdrətinə inanır.

Zeynal Xəlilin görkəmli şairlərindən Nizami Gəncəvi, Mirzə Şəfi Vazeh, Cəfər Cabbarlı, Səməd Vurğun, Mikayıl Müşfiq, Nazim Hikmət, Taras Şevçenko, Rəsul Həmzətov və b. haqqında yazdığı əsərləri incə deyim və duyum stilistikası, orijinal ifadə tərzi, fərqli poetik cizgilər, bədii-estetik cazibədarlıq və sənətkarlıq baxımından dəyərli ədəbi nümunələrdir.

Z.Xəlil xüsusilə ədəbi-tənqidi yaradıcılığında da davamlı, məhsuldar fəaliyyət göstərmiş, bir qərinəyə yaxın müddətdə (1940-1973-cü illər) Azərbaycanın görkəmli şair, yazıçı və dramaturqların əsərləri haqqında sanballı məqalələr çap etdirmişdir. Onun Ənvər Əlibəylinin “Qaranquş” (1947), Əhməd Cəmilin “Şeirlər” (1947), Mirzə İbrahimovun “Cənub hekayələri” (1947), Süleyman Rəhimovun “Yanan buludlar” (1948), Ə.Əbül­həsənin “Müharibə” (1948), Mir Cəlalın “Yeni kəndin adamları” (1948), Əli Vəliyevin “Gülşən” (1949), Hüseyn Abbaszadənin “Sınaq illəri” (1949), İmran Qasımovun “Xəzər üzərində şəfəq” (1950) və b. ədiblərin əsərləri haqqında yazdığı dəyərli resenziyalar, məqalələr ədəbiyyatşünaslıq sahəsində aktuallığını qoruyub saxlamaqdadır.

Görkəmli şair, dramaturq Zeynal Xəlil ədəbiyyatımızın tanınmış söz ustadı, Səməd Vurğun ədəbi məktəbinin istedadlı nümayəndəsi, bədii yaradıcılığı isə şəxsi müşahidələrindən və həyat həqiqətlərindən qaynaq­lanan yüksək peşəkarlığa malik dəyərli sənət əsərləridir.


media-adspc

Bənzər xəbərlər