Kremlin təxribat xarakterli planları - Moskva təzyiq siyasətini davam etdirir
Rusiyanın Cənubi Qafqaz siyasəti ilə bağlı son açıqlamalar yenidən Moskvanın Azərbaycan və Ermənistana münasibətdə prioritetlərini gündəmə gətirib.
Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinin son bəyanatları Kremlin regiondakı planlarını və təzyiq mexanizmlərini açıq şəkildə nümayiş etdirir.
Şahinoğlunun sözlərinə görə, Qaluzin Azərbaycanla bağlı açıqlamasında Moskva və Bakının 2024-cü ilin dekabrında Aktau yaxınlığında baş verən AZAL-a məxsus təyyarənin qəzası ilə bağlı bütün məsələləri həll etdiyini iddia edib. Ekspert qeyd edib ki, Qaluzin cinayətkarların məsuliyyətə cəlb olunması məsələsinə toxunmayıb.
“Qəza zamanı həlak olanların ailələrinə və yaralananlara kompensasiya ödənildiyi barədə hər hansı məlumatların yayılıb-yayılmadığı da diqqət çəkən məqamlardandır”, – deyə Şahinoğlu vurğulayıb.
Siyasi şərhçi bildirib ki, Qaluzin açıqlamasında Bakıda “Rus evi”nin fəaliyyətinin bərpa edilməsinin vacibliyini də dilə gətirib. Onun fikrincə, rusiyalı diplomat bu qurumun bağlanmasına səbəb olan halları nəzərə almır.
“Qaluzin ‘Rus evi’nin fəaliyyətinin yenidən bərpasının hər iki dövlətin və xalqın maraqlarına uyğun olacağını desə də, bu qurumun bağlanmasının səbəblərini tez unudub. Aydındır ki, rusiyalı diplomatlar azərbaycanlı həmkarları ilə keçirdikləri görüşlərdə bu məsələni daim gündəmə gətirirlər. Yaxın günlərdə xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya gözlənilən səfəri zamanı da bu məsələnin müzakirə ediləcəyi istisna deyil”, – deyə o bildirib.
Elxan Şahinoğlu vurğulayıb ki, “Rus evi” təkcə Azərbaycanda deyil, digər ölkələrdə də təxribat xarakterli fəaliyyətlə əlaqələndirilib.
“Əgər əvvəlki fəaliyyət davam edəcəksə, ‘Rus evi’nin yenidən açılması üçün heç bir əsas yoxdur”, – deyə siyasi şərhçi əlavə edib.
Ekspert Qaluzinin “Tramp yolu” (TRIPP) layihəsi ilə bağlı səsləndirdiyi fikirləri də Kremlin Bakı və İrəvana xəbərdarlığı kimi qiymətləndirib.
“Qaluzinin ‘TRIPP-in perspektivləri birmənalı deyil’, ‘Bu layihə Rusiyanın iştirakından yalnız qazanardı’, ‘İran bu marşrutdan məmnun qalmaz’, ‘Çini də qane etmir’ və ‘Layihə Rusiya sərhədçilərinin qoruduğu ərazidən keçəcək’ kimi fikirləri Kremlin bu layihəyə münasibətini açıq göstərir”, – deyə Şahinoğlu bildirib.
Onun sözlərinə görə, Ukraynaya qarşı müharibəni davam etdirən Rusiya Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirəcək nəqliyyat layihəsinin reallaşmasına mane olmağa çalışır və bu məqsədlə müttəfiqlərinin də dəstəyinə arxalanır.
Şahinoğlu hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan “Tramp yolu” layihəsinin icrasını ləngitməməlidir.
“Əks halda Kreml Qaluzinin dili ilə səsləndirdiyi təxribat xarakterli planları həyata keçirməyə çalışacaq”, – deyə siyasi şərhçi vurğulayıb.
Əlihüseyn Salam









