Müəllifin ilk məqsədi məhz öz oxucusunu taparaq mətninə həyat vəsiqəsi qazanmaqdır - AÇIQLAMA
Ədəbi tənqidin nəzər-diqqətində olmaq istənilən ədib üçün həm arzuedilən, həm də çətin bir məqamdır. Əlbəttə, mətni yaradan müəllifin ilk məqsədi məhz öz oxucusunu taparaq mətninə həyat vəsiqəsi qazanmaqdır. Lakin əsas və daha çətin məqam ədəbi proses və ədəbi tənqid tərəfindən qəbul edilməkdir.

Bu barədə ERAmedia – ya danışan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözova bildirib ki, oxucunun bədii əsərə verdiyi qiymət onun dünyagörüşündən, təhsil səviyyəsindən və fərdi zövqündən asılıdır:
“Bu məqamları hazırlıqlı yazıçı hesablaya, kütləvi yaxud elitar zövqə uyğun bədii mətnlər yarada və oxucu səviyyəsində istədiyi statusu əldə edə bilər. Lakin daha çətin olan etap ədəbi tənqid tərəfindən müəllifin imzasının qəbul edilməsidir. Burada yazıçıdan və mətndən asılı olmayan bir sıra məqamlar önə çıxır, imzanın, əsərin gələcək taleyini müəyyən edir. Bu kontekstdə ədəbi tənqid həm də seçici funksiyanı yerinə yetirir: o, ədəbi prosesə daxil olan çoxsaylı mətnlər içərisindən daha yüksək ədəbi, bədii, ideoloji və estetik dəyəri olan əsərləri önə çıxaraq onları qiymətləndirməyə çalışır. Mariya Çernyak “Ədəbi prosesin barometri yaxud tənqidçilər tənqid haqqında” məqaləsində qeyd edir: “Ədəbi tənqid – ədəbi prosesin təzyiqini ölçəməyə imkan verən özünəməxsus barometrdir. Bunu yazıçı da, oxucu da, naşir də dərk edir.”
Ədəbi tənqidin nəzər-diqqətində olmaq yazıçı üçün yalnız qiymətləndirilmə deyil, eyni zamanda məsuliyyət və sınaqdır. Bu sınaqdan keçmək isə təkcə bədii ustalıqla deyil, müəllifin ədəbi prosesdə tutduğu mövqe, estetik mövqeyinin ardıcıllığı və zamanla dialoq qurmaq bacarığı ilə mümkündür Elnarə Qaragözova əlavə edib.
Mələk Onur










