Oğurlanan TARİX: Ermənilər qədim məbədi necə mənimsədi - FAKTLAR
Belçikanın “Le Vif Weekend” onlayn jurnalı qədim Roma dövrünün ən yaxşı memarlıq abidələrinin siyahısını dərc edib. 51 ən gözəl abidə arasında Gərni məbədi də var. Gərni siyahıda 37-ci yeri tutub.
Antik müəlliflər qarqarların Şimali Qafqazdan tutmuş Araz çayına qədər olan geniş ərazilərdə yaşadıqlarını qeyd edirlər. Gərni məbədinin yerləşdiyi ərazi tarixi Albaniyanın qərb sərhədlərinə və qarqarların məskunlaşdığı zonaya çox yaxındır. Bölgənin qədim türk tarixi ilə bağlı məlumatlarına qədim Assur və Urartu mixi yazılarında da tez-tez rast gəlinir.
Bu gün həmin ad Qərbi Azərbaycan ərazisində qeydə alınmış yüzlərlə toponimdə yaşamaqdadır. Təkcə elə İrəvan xanlığı tərkibinə daxil olan 15 mahaldan ikisi — Gərnibasar və Qarbibasar — bu etnosun adını daşımışdır.
Qədim Qarqar türklərinə məxsus Gərni qalasının qalıqları da vaxtilə burada türk tayfalarının yaşadığını və onların xəttatlıq qabiliyyətini təsdiqləyir. Qədim Albaniyanın şimal-şərqində qarqar etnonimini özündə daşıyan toponimləri orta əsr ərəb müəllifləri öz əsərlərində qeyd etmişlər.
IX əsr müəllifi İbn Xordadbeh Qarqar şəhərini qeyd etmişdir. Hətta erməni tarixçisi S. T. Eremyan özü də etiraf edir ki, qarqarların ölkəsi Azərbaycandır. S. V. Yuşkov və K. V. Trever qarqarları alban tayfası hesab etmiş və onların özlərini “Qalqay” adlandırdıqlarını yazmışlar. O dövrdə avtoxton xalqlardan biri, güclü tayfa birliyi quran və böyük bir ərazidə yaşayan qarqarlar idi.
Gərni məbədinin ermənilərə aidiyyəti varmı?
Gərni məbədi Günəş tanrısı Mihrə həsr olunub. Qarqarların da inanc sistemində Mihr önəmli yerlərdən birini tuturdu. Eyni zamanda məbədin bəzi bəzək elementləri və daş işləmələri sonradan Qarabağ və ətraf ərazilərdəki alban kilsələrində rast gəlinən naxışlarla oxşarlıq təşkil edir. Antik dövrdə qarqarlar da daxil olmaqla bütün regional elita yunan dilini diplomatiya və din dili kimi istifadə edirdi.
Gərni məbədinin memarlığında istifadə olunan naxışlar klassik Roma naxışlarından bir qədər fərqlənir. Orada daha çox yerli, həndəsi və simvolik elementlər — günəş çarxları, mürəkkəb həndəsi kəsişmələr — var. Bu elementlər alban xristian memarlığında, qarqarların yaşadıqları Qarabağ və Girdiman zonalarında da eynilik təşkil edir. Roma məbədlərində naxışlar daha dərin olur, Gərnidə isə daha yastı və mürəkkəbdir. Bu, qədim qarqarların daş üzərində xalça bənzəri naxış vurma ənənəsindən xəbər verir.
Arxeoloji qazıntılar zamanı aşkar edilən məbədin altındakı daha qədim qatlar bölgənin aborigen tayfalarına aiddir. Qarqarlar bu qədim sivilizasiyaların varisləri kimi bu ərazidə yaşayırdılar. Məbəd elə tikilib ki, günəş şüaları müəyyən saatlarda birbaşa mərkəzi bütpərəst heykəlinin üzərinə düşürdü.
Bu tip astronomik dəqiqlik qədim qarqarlarda Günəş və Ay təqvimi ilə bağlı biliklərin inkişaf etdiyini göstərir. Ermənilərin xristianlıqdan əvvəlki dövrü haqqında isə belə dəqiq memarlıq-astronomik məlumatlar demək olar ki, yoxdur. Bu da binanın “ruhunun” yerli qarqarlara aid olduğunu, lakin “geyiminin” Roma olduğunu göstərir.
Memarlığa nəzər salsaq, erməni memarlıq üslubundan fərqlər görünür. Erməni kilsə memarlığı qalın divarlara və xaçvari planlara əsaslanır. Ermənilərdə açıq sütunlu məbəd anlayışı yoxdur. Kilsə və saray memarlığında binalar adətən birbaşa yer səviyyəsində və ya çox alçaq bünövrə üzərində tikilir.
Məbədin üzərində yunan dilində yazılar var. “Günəş (Mihr) Tanrısı üçün ucaldıldı…” deyə başlayan kitabə yunan əlifbası ilə yazılıb. Əgər bu abidə bir millətin özünəməxsus qürur mənbəyi idisə, sual yaranır:
“Əgər bu, erməni milli qürur mənbəyi və milli tikilisidirsə, niyə orada erməni dilində heç bir iz yoxdur?”
Əgər Gərni məbədi “erməni məbədi” sayılırsa, onda Türkiyədəki Efes Artemida məbədi də “türk məbədi” sayılmalıdır. Lakin türklər bu abidələrə “türk abidəsi” deyil, “Anadolunun antik irsi” kimi yanaşırlar.
Erməni əlyazmalarının saxlanıldığı Matenadaranda minlərlə sənəd var. Lakin heç bir erməni mənbəsində Gərni məbədi “milli memarlıq şah əsəri” və ya “erməni ruhunun simvolu” kimi qeyd edilmir. Köhnə mətnlərdə bura sadəcə “Gərni qalası” və ya “bütpərəst xarabalıqları” kimi göstərilir.
Məbədin “erməni milli qüruru”na çevrilməsi cəmi 150 illik ideoloji layihə kimi təqdim olunur.
Zaur Əliyev









