Pezeşkiandan sülh çağırışı - Görüş yeri İstanbul seçildi
İran prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqların başlanması məqsədilə xarici işlər naziri Abbas Əraqçiyə müvafiq göstəriş verdiyini açıqlayıb.
ERAmedia xəbər verir ki, Pezeşkian bununla bağlı açıqlamasını “X” sosial şəbəkə platformasında paylaşıb.
Pezeşkian bölgədəki dost ölkələrin ABŞ prezidenti Donald Trampın danışıqlar təklifinə cavab verilməsi ilə bağlı çağırışlarını nəzərə aldıqlarını bildirib.
“Münasib mühitin mövcud olması, təhdidlərdən uzaq qalınması, qeyri-legitim və ağlabatan olmayan gözləntilərdən çəkinilməsi şərti ilə, izzət, hikmət və məsləhət prinsipləri əsasında, milli maraqlar çərçivəsində ədalətli və haqqaniyyətli danışıqlar üçün zəminin hazırlanması məqsədilə xarici işlər nazirinə göstəriş verdim”, – deyə o qeyd edib.
Məlumata görə, ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff İranın xarici işlər naziri Abbas Əraqçi ilə mümkün nüvə sazişini müzakirə etmək üçün fevralın 6-da İstanbulda görüşəcək.
Qeyd olunur ki, İran və İsrail arasında 2025-ci ilin iyun ayında baş verən və 12 gün davam edən qarşıdurmadan sonra bu görüş ABŞ və İran rəsmilərinin ilk birbaşa təması olacaq.
Xarici işlər naziri Abbas Əraqçi İran İslam İnqilabının 47-ci ildönümü münasibətilə Tehranda inqilab lideri Ayətullah Xomeyninin məqbərəsində dünən etdiyi çıxışda ölkəsinin diplomatiyaya hazır olduğunu vurğulayıb. “Lakin diplomatiya təzyiq, hədələmə və güc tətbiqi ilə uzlaşmır. Nəticələrinin tezliklə ortaya çıxacağını ümid edirik”, – deyə XİN rəhbəri bildirib.
Mələk Onur









