Pilsudski–Petlyura ittifaqının yaddaşı - İbrahim Nəbioğlu yazır...
Fotoda: ilk sırada sağdan birinci Simon Petlyura, yanında Yuzef Pilsudski
Vasil Bodnarı şəxsən tanıdığımı, Türkiyədəki fəaliyyətini yaxından izlədiyimi bilən Lvovlu bir dostum onun qələmə aldığı bir məqaləni mənimlə paylaşdı. Son aylar Yuzef Pilsudski, Vəli bəy Yadigarov, Simon Petlyura, “Prometey”lə bağlı bir sıra yazılar oxudğum üçün hörmətli səfirin bu yazısı diqqətimi çəkdi.
Bəzən diplomatik təbriklər yalnız protokol xatirinə yazılır: bayram qeyd olunur, xoş arzular dilə gətirilir və məsələ bununla bitir. Ukraynanın Polşadakı səfiri, əvvəllər ölkəsini Türkiyədə təmsil etmiş Vasil Bodnarın Polşa Ordusu Günü münasibətilə polyak dilində yayımladığı müraciət isə adi təbrikdən daha artıqdır. Bu mətn keçmişlə bu gün arasında qurulan siyasi və tarixi körpüdür.
Bodnar yazısında Ukraynanın yaşadığı müharibə təcrübəsinə istinad edir. Onun fikrincə, hər gün öz müstəqilliyini müdafiə edən Ukrayna güclü və yaxşı hazırlanmış silahlı qüvvələrin dövlətin təhlükəsizliyi, vətəndaşların azadlığı üçün hansı əhəmiyyət daşıdığını hamıdan yaxşı anlayır.
Zənnimcə, bu sözlər sadəcə nəzakətli tərif deyil. Ukrayna son illərin ağır itkiləri bahasına anlayıb ki, ordu dövlət müstəqilliyinin sadəcə rəmzi deyil, dövlətin varlığının əsas təminatıdır.Bu baxımdan Bodnarın Polşa ordusuna ünvanladığı təbrikdə Ukrayna cəbhələrinin nəfəsi duyulur.
Polşada 15 avqustda qeyd edilən Ordu Günü 1920-ci il Varşava döyüşündə Qızıl Ordu üzərində qazanılmış qələbə ilə bağlıdır. “Visla möcüzəsi” adlandırılan bu qələbə Polşanın yenicə bərpa olunmuş müstəqilliyini qorumaqla yanaşı, bolşevik ordularının Avropanın qərbinə doğru irəliləyişini dayandırdı. Buna görə həmin döyüş Polşanın milli yaddaşında xüsusi yer tutur.
1920-ci ilin yazında Yuzef Pilsudskinin rəhbərlik etdiyi Polşa ilə Simon Petlyuranın başçılıq etdiyi Ukrayna Xalq Respublikası arasında siyasi və hərbi ittifaq bağlanmışdı. Polşa Ukraynanın müstəqilliyini tanımış, Ukrayna ordusu isə bolşevik qüvvələrinə qarşı Polşa ordusu ilə birlikdə döyüşmüşdü. Ukrayna hərbi birlikləri sonrakı aylarda da müqaviməti davam etdirmiş, xüsusilə Zamość istiqamətində gedən döyüşlərdə mühüm rol oynamışdı.
1920-ci illə bu gün arasında açıq paralellər aparmaq olar. Bir əsr əvvəl Polşa və Ukrayna əsgərlərinin qarşısında bolşevik ordusu dayanmışdı. Bu gün isə Ukrayna yenidən Rusiya imperiya siyasətinə qarşı vuruşur.
Tarix qəribə bir ardıcıllıqla təkrarlanır. 1920-ci ildə bolşevik ordularının Avropaya yolu Visla sahillərində kəsilmişdi. Bu gün həmin imperiya iradəsi Ukraynanın şəhərlərində, Donbasdan Qara dənizədək uzanan cəbhədə dayandırılır. Dövlətlərin və bayraqların adı dəyişsə də, qarşıdurmanın mahiyyəti dəyişməyib: bir tərəfdə öz müqəddəratını müəyyənləşdirmək istəyən xalqlar, o biri tərəfdə isə onları yenidən imperiyanın sərhədləri daxilinə qaytarmağa çalışan Moskva dayanır.
Lakin müharibə yalnız torpaq və sərhəd uğrunda aparılmır. O, həm də tarixi yaddaş uğrunda mübarizədir. Müstəqil dövlət öz qəhrəmanlarını seçməklə keçmişini yenidən qurur, hansı mübarizənin davamçısı olduğunu müəyyənləşdirir. Ukraynanın son aylarda xaricdə dəfn edilmiş milli mübarizə xadimlərinin nəşini vətənə qaytarması bu baxımdan təsadüfi deyil.
1938-ci ildə Rotterdamda sovet xüsusi xidmət orqanlarının təşkil etdiyi sui-qəsd nəticəsində öldürülmüş, Ukrayna Xalq Respublikası ordusunun polkovniki və Ukrayna Millətçiləri Təşkilatının ilk rəhbəri Yevhen Konovaletsin nəşi 2026-cı ilin avqustunda Ukraynaya gətirildi. Onun əvvəlcə Milli Hərbi Memorial Qəbiristanlığında dəfn edilməsi, gələcəkdə isə Ukrayna Milli Panteonuna köçürülməsi nəzərdə tutulur. Bu, sadəcə bir məzarın yerinin dəyişdirilməsi deyil; sürgündə, mühacirətdə və yad torpaqlarda yarımçıq qalmış dövlətçilik tarixinin öz vətəninə qaytarılmasıdır.
Konovaletsdən sonra növbənin Simon Petlyuraya çatacağını güman etmək çətin deyil. 1926-cı ildə Parisdə sui-qəsdə qurban gedən və Monparnas qəbiristanlığında dəfn olunmuş Petlyuranın nəşinin Kiyevə gətirilərək Milli Panteonda torpağa tapşırılması artıq yalnız tarixçilərin arzusu deyil. Ukrayna hakimiyyətinin yüksək səviyyəli nümayəndələri də bunu dövlətin tarixi borcu kimi dilə gətirirlər.
Petlyuranın Kiyevə qayıdışı xüsusi məna daşıyardı. Çünki o, yalnız Ukrayna Xalq Respublikasının rəhbəri və ordusunun baş atamanı deyildi. O, bolşevik Rusiyasına qarşı mübarizədə Pilsudski ilə ittifaq qurmuş, Ukraynanın müstəqilliyini Polşanın təhlükəsizliyindən ayrı görməmişdi. Bir əsr sonra tarix onun uzaqgörənliyini təsdiqləyir.
Milli Panteon adi qəbiristanlıq deyil. O, dövlətin öz tarixi yaddaşını topladığı, gələcək nəsillərə kimlərin mübarizəsinin davamçısı olduğunu göstərdiyi məkandır. Petlyura bir gün Parisdən Kiyevə gətirilərsə, bu, yalnız böyük bir dövlət xadiminin vətənə dönüşü olmayacaq. Pilsudskinin ukraynalı silahdaşı yüz il sonra qurmaq istədiyi müstəqil dövlətin paytaxtına qayıdacaq.









