media-1758047833-6732

Polşa hökuməti nasist Almaniyasının işğalı dövründə zərər çəkmiş Polşa vətəndaşlarına kompensasiya ödənilməsi ilə bağlı Almaniyaya yeni təklif irəli sürüb.

ERAmedia xəbər verir ki, bu barədə “Spiegel” jurnalı “Süddeutsche Zeitung” qəzetinə istinadla məlumat yayıb.

Məlumata əsasən, Varşava hazırda yaşayan hər polşalı nasizm qurbanına görə Almaniyadan ildə 10 min zlotı (təxminən 2333 avro) məbləğində təzminat ödənilməsini istəyir. Almaniyanın xarici işlər naziri Yohan Vadeful iyunun ortalarında bu təşəbbüsü dəstəklədiyini bildirərək, polşalı nasizm qurbanlarına kompensasiya verilməsinin tərəfdarı olduğunu bəyan edib. Lakin ödənişlərin hansı mənbədən maliyyələşdiriləcəyi hələ dəqiqləşdirilməyib.

Nəşr xatırladır ki, Polşanın əvvəlki sağçı hökuməti 2022-ci il sentyabrın 1-də Almaniyanın hücumunun 83-cü ildönümündə Berlindən 6,22 trilyon zlotı (təxminən 1,316 trilyon avro) məbləğində təzminat tələbi irəli sürmüşdü. Almaniya hökuməti hüquqi əsasın olmadığını bildirərək bu tələbi rədd etmiş, eyni zamanda, digər ölkələrdən də analoji iddiaların irəli sürülə biləcəyindən ehtiyatlandığını vurğulamışdı.

Baş nazir Donald Tuskun rəhbərlik etdiyi yeni hökumət bu məsələdə bir qədər yumşaq davransa da, kompensasiya tələbindən imtina etməyib. Hazırda sağ olan Polşa əsilli nasizm qurbanlarının sayının 50 min nəfər olduğu bildirilir. “Süddeutsche Zeitung” qəzetinin hesablamasına görə, ildə hər nəfərə 10 min zlotı ödəniləcəyi təqdirdə proqramın ilk il üçün dəyəri təxminən 100 milyon avro, ümumi xərci isə təxminən 300 milyon avro təşkil edəcək.


media-adspc

Bənzər xəbərlər